Əlaqə Arxiv
news Image
2018.09.22
10:00
| A A A
Ölkəyə daha bir istiqamətdə investisiya axını başlayacaq
Yüksək texnologiyalı məhsulların çeşidi genişlənəcək

Ölkəmizdə yeni rəqabətqabiliyyətli məhsul istehsalının təşkili üçün “First in Azerbaijan” investisiya təşviqi mexanizminin hazırlanması üçün Prezident İlham Əliev müvafiq sərəncam imzalayıb. Məqsəd ölkəyə daha çox sərmayənin cəlb edilməsi ilə daha mükəmməl məhsulların istehsalına nail olmaqdır.

Hökumətin bu addımı Azərbaycanda bərqərar olmuş inkişaf səviyyəsinin xarakterindən doğan növbəti addım sayılmalıdır. Belə ki, düzgün iqtisadi siyasət Azərbaycanın sürətli inkişafını stimullaşdırmış və ölkəni qabaqcıl ölkələrlə bir sırada addımlamağa hazırlamışdır. İndi ölkəmizdə dünyanın qabaqcıl texnologiyaları əsasında işləyən yüzlərlə müəssisə var. Lakin imkanlar hələ çoxdur və istehsalı daha mürəkkəb olan məhsulların istehsalə sahəsinə keçmək üçün zəmin var. Yəni, ilk növbədə Azərbaycanın müasir texnologiyaları mənimsəməyə qadir olan mütəxəssislər ordusu yetişib, ölkənin insan kapitalı kifayət qədər inkişaf edib. Artıq bizim iş adamlarımız və mühəndis-texnik işçilərimiz intellekt sarıdan inkişaf etmiş ölkələrin işçi kontingenti ilə bərabər səviyyəli rəqabət aparmağa qabildir. İkincisi, əsas məhsul istehsal edən müəssisələrə yardımçı olan müəssisələr qrupu da vardır. Məsələn, hər hansı məhsulun ilkin mərhələdə hazırlanmasında lazım olan ehtiyat hissələr, ştamplar Azərbaycanın özündə hazırlana bilər. Yaxın gələcəkdə isə əsas detalların da hazırlanması yoluna qoyula bilər. Bütün bunlar bütövlükdə yeni tenologiyalara və müasir məhsullara gedən yolun elementləridir. 
Dövlət başçısının sərəncamına əsasən Nazirlər Kabineti ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün bir sıra layihələr hazırlamalıdır. Bunların sırasında “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi və s. barədə təkliflər, həmçinin bu işlərin əsaslandıtılması üçün normativ hüquqi akt layihələrini hazırlayacaq. 
Bu işin üstünlüyü ondadır ki, yerli istehsalın rəqabət qabiliyyətliliyini artırmaq da qarşıda vəzifə kimi qoyulub. İqtisadiyyat Nazirliyinə qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkilinə təşviq edəcək. Yeni mərhələnin işini sürətləndirmək üçün “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından hərtərəfli istifadə olunacaq. Bu portallar qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və s. istiqamətdə əhəmiyyətli rol oynayacaq. 
Birbaşa xarici investisiyaların potensialı əvvəlcədən öyrəniləcək. Bu qeyri-neft sektorun imkanlarını dəqiq ifadə edən baza məlumatının formalaşdırılması və xarici investorların maraq dairəsi haqda məlumatların toplanması deməkdir. Bu işlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məşğul olacaq. Mərkəz “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etməklə bu işin öhdəsindən gələcək. Beləliklə, tezliklə, ölkəyə daha bir istiqamətdə investisiya axını başlayacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz