Əlaqə Arxiv
news Image
2018.09.25
07:00
| A A A
Avro və milli valyutalar dolların axırına çıxır
Vüqar Bayramov: “Atılan addımlar regionda dollardan istifadə imkanlarına müəyyən dərəcədə təsir edə bilər” Yaşar Əsədov: “Dolların ümumdünya ehtiyat valyutası kimi mövqeyi zəifləyəcək”

Avropa İttifaqı Rusiyadan enerji məhsullarını alışını avro, Çin isə yuanla həyata keçirmək niyyətindədir. İran, Venesuela, İraq, Türkiyə də ticarəti əsas etibarıilə avro və milli valyutalar üzərindən aparmağı düşünür. 

Ümumiyyətlə, son zamanlar ABŞ prezidenti Donald Trampın bir çox dünya ölkələrinə münasibətdə apardığı siyasət Avropa İttifaqı, Çin, Rusiya, İran, Venesuela, Türkiyə və s. dövlətlərin bir-birilə ticarətdə dollardan imtina məsələsini ciddi olaraq gündəmə gətirməsinə səbəb olub. Qeyd edək ki, ABŞ Çin, Rusiya, Türkiyə, İran kimi ölkələrə iqtisadi və digər sferalarda sanksiyalar tətbiq edib. Avropa İttifaqına gəldikdə isə Vaşinqton oradan gələn məhsullara münasibətdə rüsum savaşı aparır. Bir sözlə, hazırda dünyanın bir hissəsi dolların hegemonluğunu aradan qaldırmaq üçün sanki ona qarşı savaş açıb. Belə vəziyyət dolların perspektivi üçün nə vəd edir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, yaxın zamanlarda dolların üstün mövqeyini aradan qaıdırmaq mümüknsüzdür. Amma bununla belə, eksertə görə, uzaq perspektivdə atılan addımlar sonda dolların mövqeyinin zəifləməsilə nəticələnə bilər: “Dönərli valyutalardan, o cümlədən dollar və avrodan imtina mümkün deyil. Baxmayaraq ki, Rusiya, Türkiyə, Çin və digər ölkələr xüsusən də son ticarət müharibləri kontekstində dollardan deyil, avro, hətta bəzi hallarda ticarətdə milli valyutalardan istifadə etməyə çalışırlar. Xüsusən inkişaf etməkdə olan ölkələrin milli valyutalarla ticarət etmək cəhdləri real görünmür. Bu addım qısamüddətli dövr üçün real olsa da, uzun müddətli dövrə münasibətdə real deyil. 
Bu gün dünya yığımlarının 62 faizi məhz dolların payına düşür. Yəni, dollar faktiki olaraq, yığım prosesində aparıcı mövqedədir. Eyni zamanda, rus rublu və digər inkişaf etməkdə olan ölkələrin avroya nisbətən məzənnəsi müəyyənləşən zaman yenə də dollarla konvertasiya olunur. Bu fonda da birbaşa deyil, çarpaz məzənnə müəyyənləşir. Ona görə də mövcud anlaşmaların dolların mövqeyinin tamamilə aradan qaldırılmasına gətirib çıxaracağını düşünmürəm. İndiki məqamda dollarla yığımlar çoxdur, strateji məhsullar dollarla saxlanılır. Təbii ki, atılan addımlar regionda dollardan istifadə imkanlarına müəyyən dərəcədə təsir edə bilər. Amma yaxın illər üçün dolların digər valyutalarla əvəzlənməsi perspektivi olduqca azdır. 
Avropa Birliyi sistemli şəkildə avronun mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini gücləndirərsə, bu halda güman olunur ki, həmin valyuta ilə yığımlarda artımlar müşahidə oluna bilər. İndiki halda avro ilə yığımlar dünya yığımının 25 faizini təşkil edir. Ayrı-ayrılıqda təxminən 5 faizə qədər yığımlar isə funt-sterlinqlə və yapon yenilə aparılır. Belədə görürük ki, yaxın zamanlarda avro dolların yığımdakı üstün mövqeyini aradan qaldırmaq iqtidarında deyil”.  
İqtisadçı ekspert Yaşar Əsədov qeyd etdi ki, yalnız uzun müddətli perspektivdə dolların mövqeyinin tamamilə heçə endirilməsi mümkündür: “Aydın məsələdir ki, ölkələrin öz aralarında ticarəti avro və yaxud milli valyutalarla aparması fonunda dolların ümumdünya ehtiyat valyutası kimi mövqeləri zəifləyəcək. Lakin məsələ ondadır ki, ticarətin milli valyutalarla aparılması fonunda da, prinsip etibarı ilə yenə də proses dolların məzənnəsilə müqayisə əsasında qiymətləndiriləcək. Çünki iqtisadiyyat buna öyrənib. 
ABŞ-ın istənilən bəhanədən özünün dollara sahib olmaq mövqeyindən sui-istifadə etməyə çalışması halları dünya ölkələrinə göstərdi ki, əvvəl-axır bu durumdan xilas olmaq lazımdır. Amma dollardan imtina qısa dövrün işi deyil. Bu istiqamətdə ciddi mexanizmlər işlənməlidir. Ola bilər, bir neçə ölkənin milli valyutasından ibarət səbət də yaradılsın. Rusiyanin xarici ticarət dövriyyəsindən daxil olmaların 70 faizi artıq rublla həyata keçirilir». 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz