Əlaqə Arxiv
news Image
2018.09.25
09:15
| A A A
Ödənişləri hələ də nağdsızlaşdırmaq müşküldür
Elnur Quliyev: “Turizm bölgələrində kartla hesablaşmaların mümkün olmaması nəinki xarici turistlər, həmçinin yerli vətəndaşlar üçün də problemlər yaradır” Xalid Mikayılov: “Azərbaycanda da mobil bankçılığın inkişafına ehtiyac var”

Məlumdur ki, ölkəmizdə ümumi hesablaşmalarda nağdsız hesablaşmaların xüsusi çəkisinin artırılması uzun müddətdir gündəmdədir. Düzdür, bu istiqamətdə müəyyən işlər görülür. Amma real vəziyyət hələ də bu sahədə durumun qənaətbəxş olmadığını göstərir. Xüsusən də bu hal regionlarda nəzərə çarpır. Belə vəziyyətdə bəzən təkliflər irəli sürülür ki, nağdsız ödənişlərin həcminin artırılması üçün məcburedici addımlar da atılsın. 

İqtisadçı-ekspert Elnur Quliyev bildirir ki, hazırda bir çox ölkələrdə nağd pulla aparılan hesablaşmaların məhdudlaşdırlması prosesi getdiyi vaxtda bizdə nağd hesablaşmalara üstünlük verilir: “Xüsusilə turizm bölgələrində kartla hesablaşmaların mümkün olmaması nəinki xarici turistlər, həmçinin yerli vətəndaşlar üçün də problemlər yaradır. Hazırda nəinki bölgələrdə, hətta Bakı şəhərinin mərkəzində yerləşən restoran və ticarət obyektlərində kartla ödənişi qəbul etməkdən imtina edirlər. Pos-terminallar olsa da belə, bu tip obyektlər bundan istifadə etmək istəmirlər. 
Aydın məsələdir ki, burada əsas məqsəd real dövriyyəni gizlətməklə, son nəticədə vergidən yayınmaqdır. Lakin unutmaq olmaz ki, iqtisadiyyatın nağdlaşdırılması bir sıra neqativ nəticələr doğurur: makroiqtisadi idarəetmə çətinləşir, maliyyə-vergi intizamı pozulur, şəffaflıq səviyyəsi aşağı düşür, bank sisteminin resurs bazası azalır. Bu baxımdan, maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı tədbirlərin davamlı olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. 
Nəzərə almaq lazımdır ki, iqtisadi faktorlardan əlavə, nağdsız hesablaşma bir xidmət növüdür. Dünya Bankının sifarişi ilə Azərbaycanda aparılmış sorğu əhalinin maliyyə savadlılığı səviyyəsinin aşağı olduğunu göstərir. Araşdırmalara görə, ölkə vətəndaşlarının böyük əksəriyyəti nağdsız ödənişlər barədə məlumatsızdır və bu xidmətlərdən demək olar ki, istifadə etmir. Sorğu ilə bağlı sadəcə iki faktı vurğulamaq yerinə düşərdi. Birincisi, vətəndaşların 95%-dən çoxu elə bilir ki, kartdan istifadənin məqsədi yalnız bankomat və ya pos-terminaldan nağd pulun çıxarılmasından ibarətdir. İkincisi isə vətəndaşların 55%-dən çoxu ayda cəmi bir dəfə pos-terminaldan isitifadə edir. 
Azərbaycanda nağdsız ödənişlərin genişlənməsinin qarşısını alan səbəblərdən biri də xidmət tariflərinin yüksək olmasıdır. Nağdsız ödəniş əməliyyatı aparılan zaman sahibkarlar obyekti pos-terminallarla təmin edən banka 0,5-1% aralığında xidmət haqqı ödəməli olurlar. Belə olan halda heç bir sahibkar nağdsız şəkildə satış həyata keçirməkdə maraqlı olmayacaq. Bunun qarşısını almaq üçün müəyyən güzəştlər tətbiq edilməlidir ki, nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişin qəbul edilməsi sahibkar üçün maraqlı olsun”.
Ekspert əlavə etdi ki, nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılması üçün ilk növbədə maarifləndirmə tədbirləri həyata keçirilməli və infrastruktur imkanlanları genişləndirilməlidir: “Daha sonra isə qaydalara əməl etməyən sahibkarlara qarşı inzibati tədbirlər həyata keçirilməli və ya cərimələr tətbiq edilməlidir”.
Digər iqtisadçı-ekspert Xalid Mikayılov hesab edir ki, məcburi addımlar bu işdə ən son haldır: “Xarici ölkələrdə nağdsız ödənişlər əsasən mobil bankçılıq xidməti ilə həyata keçirilir. Bu baxımdan Azərbaycanda da mobil bankçılığın inkişafına ehtiyac var.  Bunun üçün isə banklar internet bankçılıq xidmətlərinin artırmalıdırlar. Həmçinin yeni mobil əlavələrin tətbiqi vasitəsi ilə insanlara xidmətlər təklif edilməlidir. 
Hazırda xarici ölkələrdə nağdsız ödənişlərin həcmi həddindən çox artıb. Bu baxımdan hətta bəzən məcburən  nağd ödəniş tələb edirlər ki, pullar dövriyyədən tam çıxmasın. Yəni, bu üsulla ödəniş o qədər rahat və təhlükəsizdir ki, insanlar daha çox buna üstünlük verirlər. Həmçinin nəzərə alaq ki, əksər ödəniş zamanı qəpik qalıqlar qalır. Amma nağd ödəniş zamanı bu problem olmur. Yəni, cibdə qəpik gəzdirilmir.  Bu baxımdan da sərfəlidir. Eyni zamanda internetdən hansısa malı sifariş etdiyimiz zamanı nağdsız ödəniş köməyimizə çatır. Yəni, nağdsız ödənişin üstünlükləri daha çoxdur. Sadəcə, düzgün xidmətlər təklif edilməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz