Əlaqə Arxiv
news Image
2018.09.25
09:35
| A A A
Rusiya vilayətləri Azərbaycanla iqtisadi müstəvidə əməkdaşlığa xüsusi maraq göstərirlər
Fikrət Yusifov: “Bu gün Rusiyanın bir çox regionlarının Azərbaycana axışıb gəlməsi Bakının apardığı iqtisadi siyasətin uğuru kimi dəyərləndirilməlidir”

Rusiya Federasiyasının Stavropol vilayətinin Ticarət və Sənaye Palatasının dəvəti ilə azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti Stavropol şəhərinə səfər edib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibin müavini Fuad Hümbətovun rəhbərlik etdiyi nümayəndə heyətinə «Azersun Holdinq», Bakı Tekstil Fabriki, Sumqayıt Texnologiyalar Parkı, kənd təsərrüfatı məhsulları və alkoqol içkilər istehsal edən şirkətlərin nümayəndələri daxildir. Səfər çərçivəsində bölgənin iş adamları ilə b2b görüşlər keçirilib. Stavropol vilayətinin Ticarət və Sənaye Palatası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Digər əməkdaşlıq müqaviləsi isə ASK ilə Stavropol vilayətində Sahibkarlığa Dəstək Fondu arasında imzalanıb. Stavropol vilayətində kənd təsərrüfatı, kimya sənayəsi, xüsusən kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqlar üçün ehtiyat hissələri, nişasta, azot, un və un məmulatları istehsal edən yerli şirkətlər Azərbaycan bazarına məhsullarını ixrac etmək üçün tərəfdaş axtardıqlarını bildiriblər.Göründüyü kimi, Rusiyanın müxtəlif vilayətlərinin Azərbaycanla iqtisadi müstəvidə əməkdaşlığa getdikcə daha çox meyl etməsi müşahidə olunur. Həmçinin Rusiya tərəfdən Azərbaycana yatrılan sərmayəlar artır. Mütəxəssislərin sözlərinə görə, bunu şərtləndirən səbəblər var. Bu hal isə Azərbaycana investisiya axınını sürətləndirən amildir. Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, Rusiya bizim regionda ən böyük iqtisadi və ticarət əməkdaşlığı etdiyimiz ölkələrdən biridir: “Ümumi ticarət dövriyyəmizin 2,5 milyard ABŞ dollarından çox olduğu indiki dönəmdə iqtisadi əlaqələrin yeni mərhələsinə qədəm qoymaq hər iki tərəfə iqtisadi fayda gətirəcək. 
Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Rusiya səfəri çox uğurla keçdi. İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da genişləndirməyi ehtiva edən bir çox sənədlər imzalandı ki, bu da iqtisadi müstəvidə əlaqələrə daha geniş bir meydan açılması demək idi. Rusiya iş adamlarının Azərbaycana maraqları böyükdür. Bu gün Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı qətiyyətli addımlar xarici kapitalın ölkəmizə axınını sürətləndirir. Biznes üçün yaradılan münbit şərait təbii ki, Rusiya iş adamlarının da diqqətindən kənarda qalmayıb”.
Professor əlavə etdi ki, Rusiyadan olan iş adamları üçün daha çox maraqlı olan sahələrdən biri aqrar sektordur: “Bu sektorun məhsullarına Rusiya bazarlarında təlabat olduqca böyükdür. Rusiya bu məhsulların ənənəvi bazarıdır. Rusiyaya qarşı ABŞ-n tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra bizim kənd təsərrüfatı məhsullarına qonşu ölkənin bazarlarının ehtiyacı xeyli artıb. Rusiyalı iş adamları artıq bir neçə ildir ki, ölkəmizin müxtəlif bölgələrində - ilk növbədə isə sərhəddə yaxın şimal regionlarımızda istixanaların tikilməsinə, meyvə bağlarının salınmasına, emal sənayesi müəssisələrinin yaradılmasına yatrımlar edirlər. Bu gün Rusiyanın bir çox regionlarının Azərbaycana axışıb gəlməsi də Bakının apardığı iqtisadi siyasətin uğuru kimi dəyərləndirilməlidir. Yaxın gələcəkdə Rusiyalı iş adamlarının qeyri-neft sənayesinə, turizm və tranzit yükdaşımalar sahəsinə də yatrımlar edəcəyi gözləniləndir. Bu sahədə də artıq ilkin təcrübələr ortadadır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz