news Image
2018.10.11
16:17
| A A A
Böyük Britaniya şirkəti Azərbaycanda qiymətli metalların hasilatını 28% artırıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin Gədəbəy ərazisində hasilatı 28% artaraq 61 761 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.
İlin 9 ayında qızıl hasilatı 54 573 unsiya, mis hasilatı 1 057 ton, gümüş hasilatı isə 144 362 unsiya təşkil edib. Qızıl hasilatında 45%, gümüş hasilatında 15% artım, mis hasilatında isə 43,5% azalma qeydə alınıb.
III rübdə isə hasilatın həcmi rüblük 28%, illik isə 38% artaraq 24 412 unsiya qızıl ekvivalenti təşkil edib.
III rübdə qızıl hasilatı illik müqayisədə 47% artaraq 21 318 unsiya, mis hasilatı 14,5% azalaraq 470 ton, gümüş hasilatı isə 47% artaraq 59 346 unsiya təşkil edib.
Bu ilin III rübündə şirkət 18 637 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 216 dollar təşkil edib. II rübdə isə satışın həcmi 10 822 unsiya, qiyməti isə 1 307 dollar/unsiya olub.
Qeyd edək ki, “Anglo Asian Mining” 2018-ci ildə Gədəbəy rayonu ərazisindəki yataqlardan 78-84 min unsiya qızıl ekvivalentində hasilat proqnozlaşdırır. Bu ilin proqnozu ötən ilin hasilatından orta hesabla 13% artıqdır. Bu il 64-70 min unsiya qızıl, 2 100-2 300 ton mis hasilatı proqnozlaşdırılır.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.