Əlaqə Arxiv
news Image
2018.10.13
10:00
| A A A
Yeni iqtisadi böhran gəlir?!
Samir Əliyev: “ABŞ fond bazarının çökməsilə dünyanı yeni iqtisadi böhranın bürüyəcəyi ehtimalı böyükdür” Yaşar Əsədov: “ABŞ fond bazarının çöküşü gözlənilirdi”

ABŞ-ın fond bazarı fevral ayından bəri ən böyük geriləməni yaşayır. Əsas səbəb ABŞ prezidenti Donald Trampın bir sıra dövlətlərə qarşı apardığı "ticarət savaşları"nın Birləşmiş Ştatların şirkətləri üçün çox mənfi, ağır nəticələridir. Fikirlər səslənir ki, fond bazarının çöküşü davam edərsə, dünya yeni qlobal iqtisadi böhranla üzləşəcək. 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, ABŞ fond bazarının çökməsilə dünyanı yeni iqtisadi böhranın bürüyəcəyi ehtimalı böyükdür: “ABŞ-ın fond bazarında çökmənin davam edəcəyi təqdirdə, dünyanın yeni qlobal iqtisadi böhranla üzləşəcəyi barədə fikirlər istər xarici, istərsə də yerli ekspertlər tərəfindən səslənib. Amma ABŞ fond bazarında geriləmənin sonunun necə olacağını demək bir qədər çətindir. 
Əslində, bu geriləmənin əsası 2008-ci il böhranından start götürüb. O dövrdə Amerika Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə, demək olar ki, sıfır həddinə qədər aşağı saldı. Belədə dövriyyəyə çoxıu pul buraxdılar. Yəni bazara likvidlik verdi. İndi isə əks proses baş verir. Bazara verilən pullar indi geri qayıdır. Eyni zamanda, uçot dərəcələri qaldırılır. Bu isə bazarda yaranan likvidliyi getdikcə məhdudlaşdırır. Nəticədə yaranmış vəziyyət fond bazarına da öz neqativ təsirlərini göstərir. Yaranmış vəziyyətin sonunun necə olacağını isə indidən demək çətindir. 
Bir tərəfdən də Donald Trampın atdığı addımlar fonunda dünyada ticarət müharibələri genişlənir. ABŞ-da böhran baş verəndə gördük kİ, neftin dünya bazrında qiyməti aşağı düşdü. Hətta neftin qiyməti 30 dollaradək ucuzlaşdı. ABŞ dünyanın ən böyük iqtisadiyyatı olmaqla yanaşı, onun lokomotivi rolunda da çıxış edir. Bu mənada Amerikada baş verən iqtisadi proseslər öz təsirini dünyaya da göstərir. 
ABŞ fond bazarının çökməsilə neftin dünya bazarındakı qiymətləri yenidən aşağı düşə bilər”.
İqtisadçı ekspert Yaşar Əsədov qeyd etdi ki, ABŞ fond bazarının çöküşü qlobal iqtisadi böhrana səbəb olmayacaq: “ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrilə son zamanlar janqlyorluq edir. Bu qurum uzun müddət uçot dərəcəsini aşağı saldı, hətta sıfır həddinədək endirdi, onu mənfi həddədək saldı. Bu isə o deməkdir ki, verdiyi kreditin üstündə FED hətta cüzi olsa faiz də ödəyirdi. Gözlənilirdi ki, bunun da ardıncza uçot dərəcəsinin sərt şəkildə yüksəldilməsinə start verilsin və bu da baş verdi. Belədə ucuz aldıqları kreditləri kreditorlar baha dollarla qaytarmalı olacaqlar. Fond bazarının itkilə üzləşməsi də məhz bunun nəticəsidir. 
Borcları qaytarmaq üçün kreditorlar qiymətli kağızları satmağa məcburdur. Bazar qanununa görə isə təklif artanda bazarda qiymət aşağı enir. Belədə fond bazarında aksiyaların sayı artdığıdan qiymətlər də aşağı düşür. Nəticədə belə vəziyyətlə üzləşən ABŞ fond bazarı əvəl-axır çökməlidir. Bu gözlənilir. Lakin baş verən proses indilikdə dünya iqtisadiyyatına elə də təsir göstərməyib. Əsas zərbə elə ABŞ iqtisadiyyatına dəyib. Proses qlobal iqtisadi böhrana rəvac verməyəcək. 2008-ci ilin neqativ prosesləri təkrar olunmayacaq. Ona görə ki, ABŞ fond bazarının çöküşü gözlənilirdi”. 
Rüfət NADİROĞLU    

 

Sizin Reklam Yeriniz