Əlaqə Arxiv
news Image
2018.10.18
08:00
| A A A
Maliyyə sahəsində Azərbaycanın manevr imkanları artır
Rəşad Həsənov: “Proses maliyyə dayanıqlığının daha da möhkəmlənməsinə təsir edəcək” Əli Əlirzayev: “Valyuta ehtiyatlarının artımına neftlə yanaşı, qeyri-neft sahəsi də təsir göstərib”

Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb. Ölkənin  valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 milyard  522,2 milyon ABŞ dolları təşkil edib. Valyuta ehtyiatlarını artımını şərtləndirən səbəblər hansılardır və bu ölkəyə hansı maliyyə manevr imkanları qazandırır?  

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, valyuta ehtiyatlarının həcminin artımına neftin bahalaşan qiymətləri təsir edib. Ekspert onu da qeyd etdi ki, bu tendensiya Azərbaycana daha geniş iqtisadi müstəvidə manevrlər etmək imkanı qazandıracaq: “Azərbaycanın strateji valyuta ehtiyatlarının yüksəlməsini şərtləndirən başlıca məqam nef amililə bağlıdır. Yəni, prosesdə neft məsələsi əsas rol oynayıb. “Qara qızıl”ın qiymətinin proqnozlardan xeyli yüksək olması valyuta ehtiyatlarımızın artımına rəvac verib. Bu hal xarici ticarət dövriyyəsinin də sərfəli hala gəlməsinə gətirib çıxarıb. Belədə xarici ticarət dövriyyəsində də artımlar baş verib. 
Yaranmış vəziyyət ölkənin kredit reytinqinə də müsbət təsir göstərir. Psixoloji risq amilini neytrallaşdırır. Proses maliyyə dayanıqlığının möhkəmlənməsinə də təsir edir. Valyuta ehtiyatlarımızın artımı həmçinin ölkəmizin iri layihələrdə iştirakı, habelə büdcə tarazlığı üçün əhəmiyyətlidir. 2019-2020-ci illərdə büdcəyə neftdən gələn xərclərin azalması gözlənilir. Belə olan halda digər mənbələr hesabına da strateji strateji valyuta ehtiyatlarını artırmaq imkanı da genişlənəcək. Bu da ölkədə strateji valyuta ehtiyatlarının daha da genişlənməsinə səbəb olacaq”. 
İqtisadçı alim Əli Əlirzayev qeyd etdi ki, valyuta ehtiyatlarımızın artımında həm neft sektoru, həm də qeyri-neft amilinin özünəməxsus rolu olub: “Ölkəmizin valyuta ehtiyatlarında artımın olacağı gözlənilən idi. Bunu şərtləndirən bir sıra səbəblər var. Səbəblərdən başlıcası neftin qiymətinin artması amilidir. 
Hazırda bildiyiniz kimi, neftin qiyməti 80 dolları belə keçib. Bu isə həcmin azalmasına rəğmən, neftdən gələn gəlirlərin artmasına şərait yaradıb. Digər tərəfdən, ölkəmizdə artıq digər sahələr, xüsusən də qeyri-neft sektoruna aid sahələrdə də inkiaşaf baş verib. Kənd təsərrüfatı və turizm sahələrində canlanma var. Bunlar da valyuta ehtiyatlarımızın artımına birbaşa təsir göstərən faktorlardır. Yəni, əvvəlki dövrlərdə valyuta ehtiyatlarının yüksəlməsində neft amili daha həlledici rola malik idisə, indiki halda prosesə qeyri-neft sektoru da əhəmiyyətli dərəcədə öz töhfəsini verib. Valyuta ehtiyatlarımızı artması ölkəmizə bir çox mühüm layihələri həyata keçirməyə imkan verəcək. Bu, əhalinin gəlirlərinin, maaşların artımı və belədə maddi rifahın yüksəlməsi demək olacaq. Artan gəlirlər hesabına bir çox infrastruktur layihələrinin də gerçəkləşməsi imkanları artacaq. Bir sözlə, valyuta ehtiyatları nə qədər çox artarsa, bu, bir o qədər ölkəmizin qüdrəti və xalqımızın rifahının daha da güclənməsi baxımından vacibdir. 
Sözügedən prosesin baş verməsində ölkədə həyata keçirilən islahatların da özünəməxsus xidmətləri olub. Həmçinin, ölkəmizdə sabitliyin mövcud olmasının da valyuta ehtiyatlarımızın artımına təsirləri danılmaz faktdır”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz