Əlaqə Arxiv
news Image
2018.10.25
09:45
| A A A
Azərbaycan sərmayəsi Türkiyənin valyuta təziqlərindən qoruyur
İki ölkə birliyinin yeni təntənəsi İzmirdədəki “Star” zavodu oldu

“İzmirdə açılışını həyata keçirdiyimiz “Star” neft emalı zavodu  Türkiyənin cari kəsirini 1,5 milyard dollar azaldacaq”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında deyib. O, bu zavodun açılmasına görə  Azərbaycan Prezidentinə minnətdarlıq edib: “Dövlətim və millətim adına cənab İlham Əliyevə təşəkkürümü bildirirəm”. Ərdoğanın minnətdarlığı tamamilə başadüşüləndir. Ona görə ki, hazırkı dövrdə Türkiyə ABŞ tərəfindən müəyyən sanksiyalara məruz qalıb və bu dar məqamda “Star” zavodunun fəaliyyətə başlaması ölkənin iqtisadi gəlirlərinin artmasına müsbət təsir göstərməklə yanaşı həm də iqtisadi müstəqilliyinin genişlənməsini ehtiva edir. 

Türkiyə neft-qaz ölkəsi deyil. Halbuki, müasir dünya iqtisadiyyatının əsasında məhz enerji ehtiyatları durur. Üstəlik, siyasi oriyentasiyanın müəyyənləşdirilməsində də ölkənin enerji təhlükəsizliyinin nə dərəcədə təmin olunması problemi başlıca rollardan birini oynayır. Bu baxımdan Azərbaycanın enerji daşıyıcıları üzrə həyata keçirdiyi layihələrin Türkiyə üzərindən reallaşdırılması qardaş ölkənin çağdaş durumunun yaxşılaşdırılmasında əvəzsiz yer tutduğu şübhəsizdir. Tək bir zavodun timsalında ticarət kəsirinin 1,5 milyard azaldılması böyük sışrayışdır. Amma iş bununla bitmir. 
“Star”ın yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Bununla da Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkələr sırasına daxil olub. Əlavə olaraq daha 700 milyon dollar növbəti mərhələnin yatırımı olacaq. Avrasiya üçün çox böyük önəm daşıyan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin icrasından sonra bu zavod iki ölkə əməkdaşlığının güclü iqtisadi akkordudur.  Zavodun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”.
Həqiqətən “Star” zavodunun açılması Türkiyəyə hava-su kimi lazım idi. 2023-cü ildə Türkiyə Respublikasının yaranmasının 100 illiyi qeyd ediləcək. Bu möhtəşəm yubileyi bugünkü Türkiyə həşəmətıi güc-qüdrətlə qarşılayacaq. Onun bu gücündə Azərbaycanın yardımı aydın hiss olunacaq. Bir faktı yada salmaq lazımdır ki, ötən əsrin sonlarında Türkiyənin valyuta fondunda cəmi 19 milyard dollar ehtiyat vəsait vardı. Amma Azərbaycanın enerji daşıyıcılarından ibarət Türkiyə ilə birlikdə həyata keçirdiyi layihələrdən sonra qardaş ölkənin valyuta ehtiyatları qısa müddətdə 121 milyard dollara çatıb. Bu, misli görünməmiş iqtisadi sıçrayışdır və bu işdə Azərbaycanın səmərəli rolu var. 
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz