Əlaqə Arxiv
news Image
2018.11.07
07:00
| A A A
Manata təzyiqlər bundan sonra da uğurla neytrallaşdırılacaq
Natiq Cəfərli: “Valyuta ehtiyatlarımız manatı uzun zaman sabit saxlamağa imkan verir” Cəfər İbrahimli: “Yaxın dönəm üçün bu təhlükə gözlənilmir”

“Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təzyiqləri artırır”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib: “Neftin qiymətində müəyyən sabitləşmənin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfdən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktuallaşdırır”.

Qeyd edək ki, bu risklərin azaldılması üçün indiyə qədər görülən tədbirlər effektiv olub. Ekspertlərin fikrincə, qarşıdakı dövrdə də eyni effektivliyi gözləmək olar. Bunun üçün isə əlavə tədbirlərə ehtiyac var. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, öklələr qeyri-neft məhsullarının ixracını, turizm gəlirlərini artırmaq üçün milli valyutalarının zəif olmasında maraqlı olurlar: “Qonşu ölkələrin nümunəsində də bunu gördük. Məsələn, bu ilin avqust-sentyabr ayında türk lirəsi kəskin ucuzlaşdı. Ancaq bu amil ötən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə gələn turist sayını 18 faiz artırdı. Yəni, məzənnə siyasətində qızıl orta tapılmalıdır ki, tərəfdaşları, qonşuları ilə rəqabətə uduzmasın, idxalçı ölkəyə çevrilməsin. 
Eyni zamanda mili valytanın kəskin ucuzlaşmasının qarşısını alan tədbirlər görülməlidir ki, əhalinin sürətli kasıblaşmasına və problemli kreditlərin həcminin artımına səbəb olmasın. Bu da çox çətin qızıl ortanın tapılması məsələsidir. Doğrudan da uzun zamandır manatın məzənnəsi sabit vəziyyətdə qalıb. Buna Mərkəzi Bankın apardığı siyasət imkan verir. Ancaq bunun nəticəsi olaraq idxalımız artıb. Ötən ilin müvafiq dövrünə nisbətən idxalda 30 faiz artım qeydə alınıb. Bu, onun nəticəsidir ki, qonşu ölkələrdə milli valyuta dəyərdən düşdükdə, həmin ölkələrdən məhsul gətirmək daha sərfəli oldu. 
Düzdür, valyuta ehtiyatlarımız manatı uzun zaman sabit saxlamağa imkan verir. Ancaq qonşu dövlətlərdə milli valyutaların dəyərdən düşməsi prosesi getdikcə sürətlənsə, Azərbaycanın idxaldan asılılığını artıra, yerli istehsala ziyan vura bilər. Ona görə də çevik məzənnə siyasətinə keçməyə çalışmalıyıq. Ən azındna 2020-ci ilə qədər çevik məzənnə siyasətinə keçid təmin olunmalıdır ki, həm yerli istehsalın, həm də turizmin inkişafında xeyri olsun. Düzdür, bu, ağır və çətin məsələdir. Lakin prioritet istiqamətlər qızıl ortanın tapılmasına imkan verir”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, qonşu ölkələrin milli valyutalarındakı uzuclaşma qısa müddət ərzində manata təsir göstərmədi: “Hazırda da qonşu dövlətlərdə baş verənlərin manata ciddi təzyiq göstərmədiyinin şahidiyik. Əslində, İrana tətbiq edilən sanksiyalar Azərbaycanın işinə yaradı. Belə ki, dünya bazarında neftin qiymətinin 80 dollara qədər yüksəlməsi İrana tətbiq edilən sanksiya təhlükəsinə görədir.  Yəni, bunun bizə ciddi mənfi təsirləri olmadı. 
Maliyyə nazirinin fikirləri isə qlobal iqtisadiyyatda baş verənlərlə bağlıdır. 2008-ci ilin böhranından sonra ölkələrin iqtisadiyyatlarında böyümələr qeydə alındı. Lakin mərkəzi bankların faizləri yüksəltməsi, ticarət müharibələri, ABŞ-ın təzyiqi ilə ölkələr arasında münasibətlərin gərginləşməsi qlobal iqtisadiyyatda böyümə tendensiyasının azalmasına təsir edib. Buradan manata təzyiqlər yarana bilər. Ancaq yaxın dönəm üçün bu təhlükə gözlənilmir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz