Əlaqə Arxiv
news Image
2018.11.07
12:11
| A A A
Neft Daşlarında ilk quyunun fontan vurmasından 69 il ötür
Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neftin fontan vurduğu gündür. Düz 69 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırdı. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başladı.

1950-ci ilin dekabrında neftçi Qurban kimi tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin qazdığı quyuların da neft verməsi Neft Daşlarının şöhrətini daha da artırdı. Azərbaycanın dəniz neftçilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verdi. Neft Daşlarında qazma və neftçıxarma istənilən hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin coşması dəniz neftçilərinin iradəsini qıra bilmirdi. Bu, sözün əsl mənasında, qəhrəmanlıq mücəssəməsi idi.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salındı. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanıldı.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verdi. SSRİ dönəmində bütün metallurgiya sənayesində, raket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft Daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkan hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açdı. Neft Daşları dövlətin diqqət və qayğısı ilə əhatə olundu.

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri də bu unikal həyata yeni nəfəs verdi. Bu səfər Neft Daşlarının vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycanda 2 milyardıncı ton neft də məhz ötən il noyabrın 7-də hasil edilib

Dünyada sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarıldı və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarıldı və bu da tarixi hadisədir. Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən neft XX əsrin ortalarında Neft Daşlarında çıxarıldı. Bu o deməkdir ki, Azərbaycanın çox böyük və zəngin ənənələri var.

Ötən il isə ölkəmiz üçün 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri 1 əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il bəs etdi. Azərbaycanda 2 milyardıncı ton neft ötən il noyabrın 7-də hasil olundu. Kiçik bir ölkədə işlənmənin əvvəlindən iki milyard tondan çox neftin hasil edilməsi həqiqətən də böyük hadisədir.

Bu vaxtadək “Neft Daşları” yatağından 175 milyon tonadək neft-kondensat, 80 milyon kubmetrə yaxın təbii qaz çıxarılıb

İndiyədək “Neft Daşları” yatağı üzrə qazılan 1916 quyudan 175 milyon tona yaxın neft-kondensat, 80 milyon kubmetrədək qaz hasil edilib. Neft hasilatının stabil saxlanmasında xüsusi çəkisi olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” neft və qazçıxarma idarəsində (NQÇİ) isə ötən il 1 milyon tondan çox neft çıxarılıb ki, bu da son onilliklər üçün rekord göstəricidir.

SOCAR-ın mütəxəssisləri köhnə yataqlarda müxtəlif üsulları tətbiq etməklə ayrı-ayrı yataqlar üzrə hətta hasilat artımına da nail olublar. Belə ki, keçən il “Azneft” İstehsalat Birliyi üzrə “Abşeronneft” və “Bibiheybətneft” NQÇİ-lər neft hasilatını əvvəlki ilə nisbətən müvafiq olaraq 8,7 faiz və 1,9 faiz artırıb. Təkcə “Abşeronneft” NQÇİ-yə aid olan yataqlarda son illərdə ümumi hasilat 2,5 dəfədən çox artıb. Üstəlik bu uğurlar aşağı maddi məsrəflərlə əldə edilib. Belə ki, hazırda “Azneft” İB üzrə hasilatın maya dəyəri dünyada ən aşağı sıralardadır, yəni əməliyyatların səmərəliliyi olduqca yüksəkdir. Şübhəsiz ki, bu da Azərbaycan neftçilərinin məharətinin və əzmkarlığının bəhrəsidir.

“Neft Daşları” NQÇİ səmt qazının əhalinin istehlakına yönəldilməsində də xüsusi rol oynayır

SOCAR 2014-cü ildən bu vaxtadək 4,5 milyard kubmetr səmt qazını platformalarda tutaraq ölkənin qaz təsərrüfatına verib. Hər il təxminən 1 milyard kubmetr səmt qazı əhalinin istehlakına yönəldilir. Ötən il “Neft Daşları” neft və qazçıxarma idarəsindən 250-280 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilib.

Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşən Neft Daşları

Dünyanın nəhəng sənaye komplekslərindən olan Neft Daşları Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Neft Daşlarının kəşf olunmasında və istismarında fədakarlıq göstərən qəhrəman dəniz neftçilərinin ən böyük mükafatı isə xalqımızın və dövlətimizin onlara dərin hörmət və məhəbbətidir.

Neft Daşları bünövrəsi 1947-ci ildə qoyulan dünyada ilk neft platformasıdır. O hazırda şəhər tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizinın səthindən azacıq qalxan “Qara qayalar”ın ətrafında tikilib.

Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz Neft Daşlarında lentə alınıb.

AzərTac

Sizin Reklam Yeriniz