Əlaqə Arxiv
news Image
2018.11.09
09:40
| A A A
Aqrar sahədə sürətli artım fermerlərimiz üçün yeni bazarlara ehtiyac yaradır
Cəfər İbrahimli: “Yaxın Şərq ölkələri ilə yanaşı, Avropaya da bu məhsulları satmaq imkanımız var” Natiq Cəfərli: “Aqrar məhsulların istehsal həcmi artdıqca yeni bazarlara çıxış aktual məsələyə çevrilir”

İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13% artıb. Bu il Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47%-dən çoxdur. Ekspertlərin fikrincə, bu şəraitdə Azərbaycanın yeni bazarlara ehtiyacı var. Hətta Avropa bazarlarna daxil olmaq istisna edilmir. 

İqtisadçı-ekspert Cəfər İbrahimli bildirir ki, bu il ixracda əsas artım meyvə-tərəvəzlə yanaşı, pambıq sahəsində olub: “Çünki, 2017-ci ildə kifayət qədər pambıq istehsal olundu. Odur ki, pambığın bu il həm iplik, həm də mahlıc şəklində xaricə satışının həcmi artıb. 
Nəzərə alaq ki, qonşu Türkiyə və Rusiya kimi ölkələrinin pambığa ciddi ehtiyacı var. Odur ki, bu məhsulu nə qədər çox istehsal edə bilsək, həmin bazarlara həm xammal, həm də iplik şəklində satmaq mümkündür. Yəni, pambığın xaricə satış imkanı böyükdür. Bundan başqa, süd və süd məhsullarının ixrac imkanları genişdir. Ölkəmizdə daha orqanik olduğu üçün bu məhsulların xaricdə kifayət qədər bazarı var. Yaxın Şərq ölkələri ilə yanaşı, Avropaya da bu məhsulları satmaq imkanımız var. Sadəcə, ixracatçılar bazarları tapmalıdırlar”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, aqrar məhsulların istehsal həcmi artdıqca yeni bazarlara çıxış aktual məsələyə çevrilir: “Bu, həm də bazarlarda çoxşaxəli modelə keçməsi baxımından əhəmiyyətlidir. Çünki yalnız Rusiya bazarından asılı olmaq kifayət qədər problemlər yaradır. Bəzən Rusiya tərəfindən sərhədlərdə süni problemlər yaradılır, məhsullar sərhəddi gec keçdiyi üçün xarab olur. 
Düzdür, Rusiya bazarı aqrar məhsulların idxalında hegemondur. Bu da aqrar sahədə çalışanlar üçün ümid formalaşdırır. Buna görə də məhsulların baha satılması, başqa ölkələrə çıxış imkanı əldə edib daha rentabelli satış məsələsi aktuallaşmalıdır. Lakin Avropa bazarlarına çıxışla bağlı bəzi problemlər mövcuddur. 
Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmadığına görə sertifikatların alınması, Avropa Birliyinin tələblərinə uyğun bazara çıxış imkanları çətinləşib. Amma bundan çıxış yolları da var. ÜTT-ə üzv olmadan da bu bazarlara çıxmaq mümkündür. Bunun örnəkləri də var. Həmçinin Azərbaycan məhsullarının Avropa bazarlarına çıxış üçün müəyyən güzəştlərin tətbiq edildiyi də məlumdur. Qanunlar çərçivəsində bundan istifadə etməyi öyrənmək lazımdır. 
Bundan başqa, Asiya və ərəb ölkələri bazarlarına da çıxışı əldə etmək çox vacibdir. Çünki orada qiymətlər Rusiyaya nisbətən kifayət qədər bahadır. Həmin ölkələrə çıxış əldə etmək Azərbaycan məhsullarının daha baha satışına nail olmaq deməkdir. Bu da gəlirliyi, rentrabelliyi yüksəldəcək. Çoxşaxəli model bazarlarına keçid önəmli məsələdir. Nəzərə alaq ki, Azərbaycanın aqrar sektorda istehsal həcminin getdikcə artacağı proqnozlaşdırılır. Çünki yeni aqroparklar salınır. Bu amil yeni bazarlara çıxış məsələsini aktuallaşdırır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz