Əlaqə Arxiv
news Image
2018.11.13
07:00
| A A A
Çin bazarında Azərbaycan məhsullarının çeşid və həcmi artır
Natiq Cəfərli: “Azərbaycan məhsullarının Çin bazarına çıxması, həmin bazarda müəyyən yer tutması ölkəmizin ixracat həcminin artıması baxımından mühüm hadisədir” Fuad İbrahimov: “Sabitlik dövrünə qədəm qoyduğumuz bir məqamda bu proses uğurlu gedəcək”

Ölkəmizin ixrac coğrafiyası genişlənməkdədir. Bunun daha bir real təsdiqi kimi qeyd edək ki, Çinin "G-hub Ticarət Mərkəzi"ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların - şərab və spirtli içkilərin, qida məhsullarının və s. "Made in Azerbaijan" brendi ilə satışı həyata keçirilmesi üçün ölkələr arasında razılıq  imzalanıb. 

Artıq noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin "DİG" marketlər şəbəkəsində satışına başlanılıb. İqtisadçıların sözlərinə görə, məhsullarımızın böyük Çin bazarında yer alması ölkəmiz üçün ciddi iqtisadi dividend deməkdir. Nəzərə alaq ki, Çin bazarına çıxmaq ölkələr üçün ixracda prioritet məsələlərdən  biridir. İqtisadçı-ekspert Natiq Cəfərli Çinin əhali sayına görə dünyanın ən böyük bazarı olduğunu qeyd edir: “Bundan başqa, alıcılıq qabiliyyətinə görə dünyada ikinci ən böyük bazardır. Ona görə də Azərbaycan məhsullarının Çin bazarına çıxması, həmin bazarda müəyyən yer tutması ölkəmizin ixracat həcminin, daxili istehsalın artıması, yeni partnyorların, yeni investisiyaların cəlb olunması baxımından mühüm hadisədir. 
Çin bazarında hətta kiçik paya malik olmaq belə ixracatın həyata keçirilməsi üçün kifayət qədər böyük zəmin yaradır. Nəzərə alaq ki, Çin bazarı dinamik inkişaf edən bazardır. Alıcılıq qabiliyyətinin də yüksək olması Azərbaycan məhsullarının daha geniş yayılmasına şərait yaradacaq. Çinin "DİG" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışa çıxarılması yerli istehsalın sürətlə artmasına səbəb ola bilər. Hazırda əsas atılacaq addım davamlılığın və keyfiyyətin təmin olunmasıdır. Nəzərə alaq ki, Çin bazarında ciddi rəqabət var. Rəqabətə davam gətirmək və bazarda yer tutmağa nail olmaq lazımdır. Əgər buna nail olsa bilsək, Azərbaycanın çoxşaxəli ixrac modelinə keçidi təmin edilmiş olar. Çünki qeyi-neft ixracında ən böyük yeri Rusiya bazarı tutur. Yeni bazarlara çıxış çoxşaxəli ixrac modeli istiqamətində atılmış addımdır. Çin bazarında müəyyən yerin tutulması gələcəkdə daha dayanıqlı inkişafın təminatına çevrilə bilər. Nəzər alaq ki, Çində ciddi investisiya potensialı da var. Əgər Azərbayan məhsulları Çin bazarlarında alıcı tapa bilsə, Çin investorların Azərbaycana marağı artacaq”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, neftin qiymətində ucuzlaşmalar baş verəndən sonra qeyri-neft sektorunda ixracın artımı istiqamətində konkret əməli işlər görülməkdədir: “Məhsullarımızın Çin bazarına çıxması da bunun məntiqi davamıdır. Artıq Azərbaycan məhsullarını Çin piştaxtalarında görmək mümkün olacaq. Çin bazarına hətta ən az miqdarda daxil olmaq belə ölkəmiz üçün böyük dividend gətirəcək. Dünya iqtisadiyyatında dinamik inkişafı ilə öz yerini tutan Çin bazarına daxil olmaq ölkələrin prioritet məsələlərindən biridir”.
Ekspert əlavə etdi ki, manat devalvasiya olan zaman onun mənfi tərəfləri daha çox önə çəkildi: “Çünki bu amil əsasən bank sektoruna zərbə vurdu. Lakin devalvasiyanın müsbət tərəflərindən biri də ölkənin ixrac həcminin artmasıdır. Sabitlik dövrünə qədəm qoyduğumuz bir məqamda bu proses uğurlu gedəcək. Müqavilə imzalanıbsa, deməli, bütün məsələlər həll edilib.  Lakin bu səviyyədə dayanmaq lazım deyil, daim inkişaf etmək lazımdır ki, ixracda qeyri-neft sektorunun mənfəətini əldə edə bilək”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz