Əlaqə Arxiv
news Image
2018.11.13
09:30
| A A A
Xəzərdə Azərbaycan üçün də vacib olan növbəti mühüm layihə reallaşır
Zəfər Vəliyev: “Azərbaycanın Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması ilə bağlı birmənalı mövqeyi var” Vüqar Bayramov: “Transxəzər” kəmərinin reallaşması Azərbaycan üçün iqtisadi, həm də strateji əhəmiyyət kəsb edir”

Türkiyə və Türkmənistan “Transxəzər” qaz kəməri və türkmən qazının “Transanadolu” qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

Bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub. Avropa İttifaqi da “Transxəzər”ə yenidən diqqəti artırıb. 
Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, “Transxəzər”in gerçəkləşməsilə Azərbaycana gələn tranzit haqları da artacaq: “Azərbaycanın Mərkəzi Asiya ölkələrinin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına daşınması ilə bağlı birmənalı mövqeyi var. Bu mövqe də ondan ibarətdir ki, ölkəmiz özünün ixrac güclərində kifayət qədər sözügedən bölgənin enerji resurslarının dünya bazarlarına çıxarılması üçün həmişə əlavə sərbəst güclər saxlayıb. Həm Türkmənistan, həm də Qazaxıstan xam neftin Avropa bazarlarına çıxarılması ilə bağlı Azərbyacanın sərbəst güclərindən istifadə edir. Anoloji fikri Azərbaycan qazını ixrac edən ixrac gücləri barədə də demək olar.  Amma məsələ ondadır ki, “Transxəzər” qaz kəməri məsələsinin gerçəkləşməsi Türkmənistan dövləti və əsasən də Avropa dövlətlərinin siyasi iradəsindən asılıdır. Onlar Türkmənistanın qaz nəql sistemini Azərbaycanın qaz nəql sistemilə birləşdirməklə bağlı yekdil qərar qəbul edirlərsə, məsələnin gerçəkləşməsində problem olmayacaq. 
Məsələ ondadır ki, Xəzərin hüquqi statusunun qəbulundan sonra bu kəmərin çəkilişilə bağlı elə də ciddi problem qalmayıb. Əsas məsələ odur ki, Aşqabad və onunla illərdir danışıq aparan Avropa İttifaqı ortaya iradə qoymalıdır.  Bu iradə olacaqsa, kəmərin çəkilişi də mümkün olacaq. Məsələ ondadır ki, hazırda Türkmənistanın ixrac coğrafiyası xeyli daralıb. İndi Türkmənistan öz qazını yalnız Çinə ixrac edir. İran və Rusiya isə türkmən qazından imtina edib. Baxmayaraq, bu yaxınlarda “Qazpom” rəsmiləri élan etdi ki, 2019-cu ildə türkmən qazının alqı-satqısı ilə bağlı müqavilə bağlanacaq. Ancaq həmin müqavilənin şərtlərinin necə olacağı, qiymətin hansı səviyyədə, ədarük həcminin hansı miqdarda olacağı barədə əvvəlcədən nəsə demək çətindir. Sadəcə olaraq, görünən odur ki, “Qazprom” yenidən türkmən qazının tədarükü ilə bağlı müqavilə imzalamaqda bir məqsəd güdür. Türkmən qazının Avropaya  çıxışının qarşısını almaq. Ona görə də Aşqabad və Avrop İttifaqı adı çəkilən layihənin gerçəkləşməsində iradə nümayiş etdirməlidirlər. Azərbaycana gəldikdə, həmin kəmərin işə düşməsi ölkəmizə əlverişli tranzit məkanı olaraq tranzit haqqı qazandıracaq”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, hər şey Türkmənistanın siyasi qərar verməsindən asılıdır: “Xəzərin statusunun müəyyənləşməsilə bağlı razılıq əldə edildikdən sonra Mərkəzi Asiyanın yanacaq resurslarının Avropa bazarına çıxarılması ilə bağlı danışıqların intensivləşməsi nəticə etibarı ilə Türkmənistanın “Transxəzər” kəmərinə qoşulması yolunda yeni imkanlar yaradır. Nəticədə status müəyyənləşib. 
Əvvəlki dövrlərdə problem birbaşa statusla bağlı idi. Statusun müəyyənləşməsi fonunda praktik mənada Aşqabad üçün hüquqi müstəvidə problemlər aradan götürülüb.  Amma sözsüz ki, burada Aşqabadın siyasi qərar verməsinə ehtiyac var. Siyasi qərarın verilməsi istiqamətində danışıqlar nəticə etibarı ilə Türkmənistanın prosesə qoşulmasına gətirib çıxara bilər. Ölkəmiz Türkmənistan və bütövlükdə Mərkəzi Asiyada hasil edilən karbohidrogen ehtiyatlarının Azərbaycanü zərindən daşınmasında maraqlıdır. Bu 3 kontekstdə ölkəmiz üçün maraqlıdır. Bir tərəfdən, «Cənub Qaz Dəhlizi»nin rentabelliyinin artırılması və bu istiqamətdə mənfəətin daha tez əldə edilməsi üçün vacibdir. «Cənub Qaz Dəhlizi»nin illik ötürmə qabiliyyəti 31,5 milyard kubmetrdir. Onun da 8 milyard kubmetri Türkiyə bazarına, yerdə qalanı da Avropaya daşınacaq. Nəticə etibarı ilə “Şahdəniz-2” yatağının istifadəyə verilməsindən sonra Azərbaycanın  qaz hasilatının artması ilə bağlı göstəriciləri nəzərə alsaq, Türkmənistanın da həmin kəmərə qoşulması onun rentabelliyini artıracaq. Daha qısa zamanda Azərbaycana mavi qazdan mənfəət əldə etməsinə imkan verəcək. Bura  milyard dollardan artıq investisiya qoyulub. Ona görə də sözügedən layihənin rentabelliyinin təmin edilməsinə Türkmənsitan ciddi töhvə verə bilər. 
İkinci,  yaranmış vəziyyət Azərbaycan üzərindən daşınan enerji resurslarının artımına şərait yaradacaq ki, ölkəmiz də bundan əlavə gəlir əldə edəcək. Bu anlaşmanın əldə edilməsinin strateji üstünlüyü də var. Belə ki, həmin əsasda mübahisəli yataqların birgə işlənməsi üçün perspektiv formalaşacaq. Nəticədə tərəflər həmin yataqların işlənməsindən gəlir götürəcək. Deməli, “Transxəzər”kəmərinin reallaşması Azərbaycan üçün iqtisadi, həm də strateji əhəmiyyət kəsb edir. Bu prosesdən Azərbaycanla yanaşı, region da faydalanacaq. Çünki regiona iqtisadi inkişaf və uzun müddətli dövrdə stabillik gətirəcək”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz