Əlaqə Arxiv
news Image
2018.11.14
09:30
| A A A
İnsan kapitalı inkişaf tendensiyasının aparıcı qüvvəsidir
Azərbaycanda insan kapitalı gücünü daim artıran hərəkətverici amildir

“İnsan kapitalının inkişaf etdirilməsi Azərbaycan üçün əsas şüarı və istiqamətdir. Ümid edirəm ki, Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq”. Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Aİ nümayəndəsi qeyd edib ki, hər kəsin əldə etdiyi bilik və bacarıqlarla ictimai həyatda hərtərəfli iştirak etmək, inklüziv təhsil almaq, təlimlərə cəlb olunmaq hüququ var.

Real dünyada, o cüm­lədən Azərbaycanda müasir iqtisadiyyatın ən mühüm amilinə çevrilən insan kapitalının formalaşmasına və inkişafına xüsusi diqqət göstərilir. İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Bu mənada, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar siyasəti deməyə əsas verir ki, əldə olunan gəlirlərin böyük hissəsi təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiqinə yönəldilsin. İnsan kapitalının inkişafı Azərbaycanda həyata keçirilən dövlət proqramlarının əsas prioritetlərindən biridir. Qeyd edək ki, Avrasiya İnsan İnkişafı Fondunun dünya ölkələrinin inkişafında insan amilinə dair hazırladığı hesabatda qeyd olunur ki, iqtisadiyyatda insan kapitalı insana yönələn investisiyanın həcmi ilə ölçülür. Dünyada iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii ehtiyatlar, 64 faizi isə insan kapitalı hesabına əldə olunub. İnsan kapitalına yönələn xərclərin artması nəticədə həmin ölkənin gələcəkdə daha da inkişaf etməsinə səbəb olur.

Bir neçə il əvvəl Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tətbiqi barədə sənəddə insan kapitalının inkişafının iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli şəkildə faydalanması prosesində ən mühüm şərtlərdən olan təhsil sisteminin başlıca vəzifələri əksini tapıb. Təhsil sahəsinə diqqətin artırılması ölkədə insan resurslarının inkişafı və iqtisadiyyatın, o cümlədən regionların yüksək ixtisaslı kadrlarla təmin olunması baxımından dayanıqlı iqtisadi inkişafa xidmət edə biləcək təqdirəlayiq haldır.

Azərbaycan dövlətinin siyasətində insan kapitalının inkişafını gələcək iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi müəyyən edilib. Ölkənin neft kapitalı məhz bu istiqamətə yönəldilərək milli inkişafın davamlılığına əsaslı zəmin yaradılıb. İqtisadiyyatda innovativ təşəbbüsləri dəstəkləmək üçün güclü maliyyələşdirməyə imkan verən iqtisadi resurslarla bərabər bu sistemi idarə edən intellektual və texnoloji potensial da rol oynayır. Azərbaycanda insan kapitalı zəngin elmi bazaya söykənir. Bu mənada resurslar insan kapitalının simasında cəmləşir və güclü, potensialını daim artıran hərəkətverici amilə çevrilir.

Prezidentinin 29 dekabr 2012-ci il tarixli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsasının qoyulub. Təbii ki, bu istiqamətdə əsas ağırlıq insan kapitalının üzərinə düşür. Bunun üçün həlledici rolu təhsilin təşkili və səviyyəsi başlıca meyar kəsb edir. Bu o deməkdir ki, təhsilin maliyyələşdirilməsi səviyyəsinin, beynəlxalq standartlar çərçivəsində, ÜDM-də xüsusi çəkisinin 7%, səhiyyənin 6%, elmin 3% olması zəruridir. Buna görə də ölkəmizdə insan kapitalının inkişafında bu səviyyəni fəth etmək qarşıda durur və buna doğru uğurlu addımlar atılır.

2008-ci ildən başlayaraq Neft Fondu tərəfindən 177,6 milyon manat məbləğində vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də büdcədə xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb. Belə ki, növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Bu sahələr üzrə Dövlət proqramlarının və məqsədli tədbirlərinin maliyyə təminatı üçün 888 milyon manat vəsait sərf ediləcək. Beləliklə, indidən proqnozlaşdırmaq olar ki, insan kapitalının inkişafı bu sahədə yeni nailiyyətlərə doğru inamla irəliləyir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz