Əlaqə Arxiv
news Image
2018.11.15
07:00
| A A A
Böyük dövlətlərin enerji çəkişməsi Avropada Azərbaycan qazına daha çox maraq yaradır
Dalğa Xatınoğlu: “Şimal Axını-2” və “Türk Axını-2” ABŞ-ın qaz ixracatı planlarını problemlə üzləşdirir”

ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend maraqlı açıqlama verib. O, Amerika Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına maneə olmaq üçün alətlərin olduğunu bildirib. 

Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur. Səfir bildirib ki, Vaşinqton qışda böhranla əlaqədar təbii qazın kəsilməsini istəmir: “Əgər Avropa İttifaqı bu məntiqi anlamasa, onda ABŞ prezidenti bu layihəni dayandırmaq üçün bir çox başqa alətdən istifadə edə bilər. Bizin sərəncamımızda çoxlu alət var, mən indi onları açıqlamayacağam. ABŞ qaz kəmərinin tikintisinin dayandırılması üçün bütün vasitələrdən istifadə etməyib”. 
Enerji məsələləri üzrə iqtisadçı-ekspert Dalğa Xatınoğlu bildirir ki, ABŞ-ın “Şimal axını-2” layihəsinə sanksiya tətbiq eməklə bağlı hədəsi yeni deyil: “Eyni sözləri ABŞ prezidenti aprel ayında da söyləmişdi. Həmin ay, “Şimal axını-2” layihəsində payı olan bütün şirkətlərlə özüm şəxsən danışmışdım və layihənin davamına əminliyini söylədilər. 
2017-ci ildə layihənin yarı səhminə malik olan Rusiyanın “Qazprom” şirkəti və layihədə hərəsinin 10% səhmi olan 5 Avropa şirkəti 3.5 milyard dollar “Şimal axını-2”yə sərmayə yatırmışdılar. Bu il isə 4 milyard yatıracaqlar. Layihənin yekun xərclərinin 11.7 milyard dollar (9.5 milyard avro) olduğunu nəzərə alsaq, səhmdarlar artıq layihəyə gərəkən vəsaitin yarıdan çoxunu ödəyiblər. Gələn ilin sonuna kimi isə proyekt yekunlaşacaq”.
Ekspert əlavə etdi ki, səhmdarlar Almaniyanın “Uniper” və “Wintershall” şirkətləri, Böyük Britaniya–Hollandiyanın “Royal Dutch Shell” şirkəti, Fransanın “Engie” və Austriyanın OMV şirkətləridir: “ABŞ bunlara birbaşa sanksiya tətbiq edə bilməz. Çünki bu şirkətlərin çoxu ABŞ şirkətlər ilə bir neçə meqalayihədə  partnyordurlər. ABŞ ancaq layihənin özünə sanksiya tətbiq edə bilər. Belə bir məqamda isə partnyolar  layihə üçün beynəlxalq maliyyə qurumları və banklardan kredit almaqda çətinlik çəkəcəklər. Gələn il beş Avropa şirkətinin hər biri 400 milyon dollar sərmayə yatırmalıdırlar. “Qazprom” isə qalan 2 milyard dollar sərmayəni yatırmalı və layihə bitməlidir. Bundan sonra bu şirkətlərin sərmayə probleminin olması inandırıcı görünmür. Əgər olarsa da, Rusiyanın maliyyə qurumlarından kredit götürə bilərlər. 
“Qazpromla bu haqda iyul ayında danışığım olub. 2017-2018-ci ildə aldığı kreditlərin detallarını öyrəndim. Şirkət keçən il avrobondların satışı daxil olmaqla 3,65 milyard avro, 750 milyon dollar, 30 milyard rubl borc alıb. Cari ilin birinci yarısında isə, 1,35 milyard avro, 30 milyard rubl borc edib. Yəni, şirkət hədsiz borc altındadır. Odur ki,  öz payından artıq “Şimal axını-2”-ə sərmayə yatırıb, layihəni təkbaşına başa çatdıra bilməsi  inandırıcı deyil. Ancaq ABŞ-ın arqumenti nədir? “Şimal Axını-2” Avropanı Rusiya qazından daha çox asılı edir. Bu söz düz olsa da, dəqiq deyil. Onsuz da Avropa ötən il 194 milyard kubmetr (Türkiyə daxil olmaqla) qaz idxal edib. Cari ildə isə bu rəqəm 205 milyarda çatacaq. Yəni Avropanın 35 faiz qazını Rusiya təmin edir. Hazırkı durumda da Avropa Rusiya qazından asılıdır. 
“Şimal Axını-2” layihəsi Almaniya vasitəsi ilə Avropaya illik 55 milyard kubmetr qaz ötürəcək. Ancaq bu, o demək deyil ki, Rusiyanın Avropaya qaz ixracatı 55 milyard kubmetr artacaq. Əslində, Ukranyadan qaz nəqli “Türk Axını-2”  və “Şimal Axını-2” kəmərlərinə görə 70 milyard kubmetr azalacaq. O da ən azı 2022-dən sonra baş verəcək. Rusiya keçən il təxminən Avropaya yarı qazını Ukranyadan ötürüb. Bu ölkəyə 3 milyard dollar tranzit vəsaiti ödəmişdi. “Şimal Axını-2”  və “Türk Axını-2” əslində nəqletmə xərclərini bir xeyli azaldacaq və Rusiyanın qazı ilə ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) qiymətinin fərqi artacaq. Hazırda LNG 30 faiz Rusiya qazından daha bahadır. Gələcəkdə bu fərq daha da artacaq. Demirəm yeni texnologiyalar LNG-nin istehsal xərcini aşağa düşürüb, onu Rusiya qazı ilə rəqabətə yararlı etsin. ABŞ-ın özün Avropanın LNG təminatında payı var və bunu artırmaq istəyir. “Şimal Axını-2”  və “Türk Axını-2” ABŞ-ın qaz ixracatı planlarını problemlə üzləşdirir. Yoxsa, Avropa elə indi də Rusiyadan qaz alır”.
Lakin istənilən  halda Avropanın qaza artan tələbini ödəmək üçün digər mənbələrdən idxala diqqəti daha da artacaq ki, bunun da başında Azərbaycan gəlir. Avropa onun üçün mühüm əhəmiyyət kəsb edən “Cənub Qaz Dəhlizi” layihəsinin bu fonda mümkün qədər tez həyata keçməsini istəyir. Hazırad bununla bağlı bütün diqqət  Azərbaycan qazını Avropaya çatdıracaq sonunucu halqa kimi dəyərləndirilən “Transadriatik” (TAP) boru kəmərinə yönəlib. Layihənin çəkilişində iştirak edən İtaliyanın “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera bununla bağlı bildirir: “Transadriatik” təbii qaz boru kəməri layihəsinin 80 faizdən çoxu tamamlanıb və bu yaxınlarda İtaliyada işlər yenilənib ”. 
Qeyd edək ki, bu layihə Azərbaycan təbii qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz