Əlaqə Arxiv
news Image
2018.11.15
09:55
| A A A
İslahatlar iqtisadi dayaqları daha da möhkəmləndirəcək
Azərbaycanda gedən yeniləşmə ölkədə müasirləşməni sürətləndirir

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında bildirib ki, 2019-cu ildə köklü islahatların keçirilməsi nəzərdə tutulub: “Prezidentin təqdimatları Milli Məclisə daxil olub. Yəqin ki, gələn iclaslarda biz bu haqda müzakirələr aparacağıq. Vergilər Məcəlləsinə və digər qanunlara dəyişikliklər nəzərdə tutulur”. 

Son illərdə bütün sahələrdə aparılan islahtlar Azərbaycanın dövlət kimi gücünü xeyli artırıb.  Hazırda parlamentdə 2019-cu il büdcəsinin geniş müzakirəsi gedir və iqtisadçıların və ekspertlərin yekdil rəyinə görə dövlət büdcəsi sosial xarakterini qoruyub saxlayacaq. Belə ki, büdcə layihəsində əhalinin sağlamlığının prioritet istiqaməti saxlanılır. Səhiyyə sisteminə ayrılan vəsait cari illə müqayisədə 309 milyon manat, yəni 32 faiz çoxdur. İcbari sığorta üçün 223 milyon manat ayrılıb. Lakin sənədin daha xarakterik cəhəti, yəni nəzərdə tutulanların həyata keçirilməsinə əsas yaradan cəhəti iqtisadi sahədə islahatların yüksək sürətinin saxlanmasıdır. Büdcə layihəsində bu işlərin maliyyə əsası nəzərdə tutulub və müvafiq ayırmalar əksini tapıb. Bu bəndlər sübut edir ki, Prezident İlham Əliyevin təşəbbüsləri ilə başlayan islahatlar dövrü davamlılığını qoruyub saxlayır.
İslahatları labüd edən amillər sırasında ölkə iqtisadiyyatının neftdən asılılığının biryolluq aradan qaldırılması tendensiyasının vacibliyidir. Mütəxəssislərin fikrincə, dünya əmtəə bazarlarında neftin qiyməti ilə bağlı müəyyən sabitləşmə və hətta artma proseslərinin ölkəmizə müsbət iqtisadi təsiri ehtimal olunsa da regiondaki iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri nəzərdən qaçırılmamalıdır. Belə ki, qonşu ölkələr və əsas ticarət tərəfaşlarımızın valyutalarının ucuzlaşması, Azərbaycan manatının məzənnəsinin dəyərlənməsinə təzyiqləri artırır. Bu isə bir tərəfdən yerli istehsalçıların ixrac rəqabətliliyinin azalması digər tərəfdən isə idxalın artımı risklərini aktuallaşdırır. Belə bir prosesi həyata keçirilən islahatlarla önləmək iqtisadi dayanıqlılığa zəmanət verir.
Gələn ilin islahatları içərisində bank sektorunda yeniliklərin baş verə biləcəyi ehtimalı yüksəkdir. Çünki bankların fəaliyyətindən işgüzar aləm razılıq etmir. Bu mühüm maliyyə müəssisələrinin  real sektorda payı azdır. Bank faziləri yüksəkdir. Bank faizlərinin dərəcəsinin azaldılması prosesi sahibkarların fəaliyyətini və məntiqi surətdə ölkənin qüdrətini artıracaq. 
Bu haqda Milli Məclisin komitə sədri Ziyad Səmədov aktual fikirlər səsləndirib. Onun bildirdiyinə görə, dövlət xərcləri dinamik artır və bütövlıükdə iqtisadiyyat dəyişib, infrastruktur yenilənib.  2010-cu illərə qədər dövlət xərcləri 10-12 faiz təşkil edirdi. Son illər  dövlətlər dövlət xərcləri ÜDM 30-40 faizini təşkil edir. Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə keçir, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə öz davamlılığını nümayiş etdirir. Parlament üzvü maraqlı təkliflə də çıxış edib: “Neft emalı zavodları qeyri-neft sektoruna aid edilməlidir. Bir çox ölkələrdə bu cürdür. Yanlış olaraq Azərbaycanı neftdən asılı ölkə hesab edirlər. Mahiyyətdə belə deyil”. 
İslahatlar siyahısında bu dəyişiklik nəzərdə tutulubsa, onda, yaxın gələcəkdə qeyri-neft sektorunun payında əsaslı artımın baş verəcəyi şəksizdir. Bu faktor ölkənin iqtisadi imicinin də yüksəlməsini təmin edəcək.  Azərbaycanda özəl sektor, sahibkarlıq ölkənin resursuna çevrilir. İslahatlar çərçivəsində sahibkarlığın inkişafına maneə olan səbəbləri aradan qaldırıldıqca regionların iqtisadi gücü artacaq və ölkə büdcəsini zənginləşdirəcək. Təbii ki, bu istiqamətdə vergi yükünün yuvarlaqlaşdırılması prosesi də gedəcək və özəl sektora əlavə stimullar bəxş edəcək. Bu isə özünü yekunda büdcə gəlirlərinin çoxalmasına səbəb olacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz