Əlaqə Arxiv
news Image
2018.11.16
09:50
| A A A
Qeyri-neft sektoruna dövlət dəstəyi yüksək nəticələr verir
Cəfər İbrahimli: “Qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən ciddi dəstək var” Natiq Cəfərli: “Artıq iki ildir ki, pozitiv dinamika davam edir”

“Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır". Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin son plenar iclasında çıxış edərkən deyib. 

Nazir əlavə edib ki, 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır. İqtisadçıların fikrincə,  artıma rəvac verən bir sıra amillər var. Xüsusən də son illər qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar göstərilir. Bu hal isə qeyri-neft sektoru üzrə ixrac potensilanın da müsbət təsir göstərəcək. 
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, son dönəmlər qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən ciddi dəstək var: “İnvestisiyalarla yanaşı, ixrac stimullaşdırılır,  məhsul istehsalına dəstək verilir. Son büdcə hesbatında da ciddi investisiya rəqəmləri nəzərdə tutulub. Qeyri-neft sektorunun inkişafına 6 milyard manata yaxın dəstək veriləcək. 
Hazırda əsas diqqət sənaye sahəsi ilə yanaşı, turizm və kənd təsərrüftı sektorlarına yönəlib. Cari il ərzində də bu sahələrdə artım müşahidə olunub. Nəzərə alaq ki, son illər özəl sektorda yoxlamaların dayandırılması, vergi güzəştləri, ixraca dəstək olacaq bir sıra layihələr qeyri-neft sektorunda böyümənin olacağına ümid yaradırdı.
Eyni zamanda kənd təsərrüfatında artım müşahidə edirik. Yəni, 3.9 faiz real rəqəmdir. Həmçinin dövlətin bu sahələrə ciddi maliyyə dəstəyinin davam etdirəcəyi gözlənilir. Maliyyə dəstəyi davam edəcəyi müddətdə böyüməni qorumaq mümkündür. Lakin dövlətin verdiyi güzəşt və dəstəklər keçicidir. Əsas odur ki, dövlətin dəstəyi dayandıqdan sonra özəl sektor bu böyüməni qoruyub saxlaya bilsin”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son üç il ərzində aqrar, turizm və xidmət sahəsində bir çox addımlar atıldı: “Artıq bunların geri dönüşünün zamanıdır. Aqroparkarların fəaliyyətə başlaması nəticəsində kənd təsərrüfatı məhsullarının ixracatında 3.5 faiz artım qeydə alınıb. Bu da ümum daxili məhsulda qeyri-neft sektorunun payının artımına səbəb olub. 
Hələlik yeganə problem ondan ibarətdir ki, qeyri-neft sektorunun ümumi daxili məhsulda payı istənilən səviyyədə deyil. Hələ də neft sektorunun ağırlığı müşahidə edilir. Lakin artıq iki ildir ki, pozitiv dinamika davam edir. Qeyri-neft sektorunun payı və özünün artım tempi sürətlənib. Odur ki, gələn il üçün bu hədəfin qoyulması doğrudur. Amma ona çatmaq üçün builki işlərin davam etdirilməsinə, sektora dəstəyin verilməsinə, xidmət sahəsində yeniliklərin arıtırılmasına ehtiyac var. Bu addımlar davamlı şəkildə atılarsa, qeyri-neft sektorunda nəzərəçarpacaq səviyyədə artım müşahidə edə bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz