Əlaqə Arxiv
news Image
2018.11.20
10:04
| A A A
Yeni vergi islahatları “kölgə iqtisadiyyatı”na əsaslı şəkildə son qoyacaq
Radil Fətullayev: “Bu, müəssisələrin işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı olmalarına təsir göstərəcək” Natiq Cəfərli: “Gəlir vergisinin ləğvi ilə paralel olaraq sosial müdafiə ödənişlərində sahibkarlar üçün də müəyyən güzəştlərdə nəzərdə tutulub”

Məlumdur ki, Vergi Məcəlləsinə bir neçə vacib dəyişiklik təklif olunub. Bu barədə vergilər naziri Mikayıl Cabbarov açıqlama verib. 

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir qeyd edib ki, bu ödənişlərin vahid olması təklif edilir: “Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz “kölgə iqtisadiyyatı”nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur”.
Mütəxəssislərin fikrincə, sözügedən islahatlar həyata keçirilməsi ilə həm qeyri-rəsmi məşğulluğun, həm "kölgə iqtisadiyyatı"nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsinə səbəb olacaq.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin eksperti Radil Fətullayev bildirir ki, yeni dəyişikliyə əsasən, həm minimum əmək haqqının məbləğində, həm də yaşayış minimumunda dəyişiklik baş verəcək: “2019-cu ildən etibarən ölkə üzrə yaşayış minimumu 173 manatdan 180 manata, minimum əmək haqqı isə 130 manatdan 140 manata qaldırılacaq. Qeyri-neft sektorunda əmək haqqından tutulmalara görə ciddi dəyişiklik gözlənilir. Bu da əmək müqavilələrinin daha çox bağlanmasına təşviq yaradacaq. 
Mövcud qanunverciliyə görə, 2500 manata qədər əmək haqqından 14% gəlir vergisi tutulur. 2500 manatadan yuxarı əmək haqqından isə 25 faiz vergiyə cəlb olunur. İndi isə bu hədd aradan qalxacaq. 7 illik müddətində qeyri-neft sektorunda çalışanlardan 8000 manata qədər əmək haqqından gəlir vergisi tutulmayacaq. 8000 manatdan yuxarı əmək haqqı isə 15% vergiyə cəlb olunacaq. Bunun əvəzinə Dövlət Sosial Müdafiə Fonduna 3% yox, 10% ödəniş ediləcək. 
Hazırda müəssisələr Fonda 22% pul ödəyirər. Bundan sonra isə həmin rəqəm 15%-ə düşəcək. Əvəzində isə işçinin fonda ödədiyi 3% 10% ilə əvəzlənəcək. Burada işçi ilə müəssisə arasında bölüşdürmə edilir. Ancaq yekun nəticədə Dövlət Sosial Müdafiə Fonduna 22% ödəniş ediləcək. Sadəcə, müəssisələrin yükü azalır. Bu da işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı olmalarına təsir göstərəcək. Yəqin ki, problemlər meydana çıxarsa, növbəti illərdə də əlavə təkliflər ediləcək. 
Beynəlxalq təcrübə göstərir ki, bu dəyişiklilər adətən mikromüəssisələrin orta müəssisələrə, orta müəssisələrin isə iri müəssisələrə çevrilməsi üçün atılan addımdır”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, gəlir vergisinin qeyri-neft, özəl sektorda ləğv olunması həmin sektorda əmək haqlarının leqallaşmasına, leqal iş yerlərinin açılmasına dəstək olacaq: “Həmçinin əhalinin əmək haqlarının bir qisminin ciblərində qalmasına səbəb olacaq. Yəni, əhalinin gəlirlərinin artımını şərtləndirəcək. 
Nəzərə alaq ki, bu gün gizli iş yerlərinin sayı çoxdur. İslahatlar bunun leqallaşması, iqtisadiyyatın “kölgə iqtisadiyyatı” elemetlərindən təmizlənməsi üçün vacib addımlardan biridir. Ancaq burada vergilərin tamamı ləğv olunmur. Sosial sığortanın həcmi artaraq yeni formata keçirilir. Bununla da gəlir vergisinin bir qismi Sosial Müdafiə Fonduna ötürüləcək. Leqallaşması ilə bağlı əsas məsələlərdə biri də iş adamlarının maraqlarının təmin olunmasıdır. Gəlir vergisinin ləğvi ilə paralel olaraq sosial müdafiə ödənişlərində sahibkarlar üçün də müəyyən güzəştlərdə nəzərdə tutulub”.
Ekspert əlavə etdi ki, bunların işləmə mexanizminə baxmaq lazımdır: “Ola bilər ki, bir müddətdən sonra sahibkarlar üçün güzəştlərin həcmi artırılsın. Çünki sahibkarlar üçün münasib şərait yaranmasa, leqallaşma prosesində problemlər yarana bilər. Yəni, sahibkar işçini leqal şəkildə qəbul etməkdə, ona əmək haqqı verməkdə maraqlı olmalıdır.  Buna görə də sahibkarlar üçün əlavə stimullaşdırıcı qərarların verilməsinə ehtiyac yarana bilər. Nəzərə alaq ki, vergi sistemində bu qədər köklü dəyişikliklər olmamışdı. Bu dəyişikliklərin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın payının azaldılması, leqal iş yerlərinin yaradılması, iqtisadiyyatda şəffaflığın artırılmasıdır”. 
Qeyd edək ki, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur. Belə ki, hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz