Əlaqə Arxiv
news Image
2018.11.20
10:30
| A A A
Nağd pula tələb kəskin azalacaq
Fuad İbrahimli: “Nağdsız vətəndaşı vergi ödəməyə həvəsləndirmək üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir” Əkrəm Həsənov: “Nağdsız ödənişlərin həcmi kəskin şəkildə artacaq”

Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur.

Nazirin sözlərinə görə, pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bu fonda o bildirib ki, qanun qəbul ediləcəyi təqdirdə pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar.
“Bu, stimullaşdırıcı addımdır. Digər tərəfdən burada inzibatçılığın gücləndirilməsi nəzərdə tutulur. Yəni ölkədə qüvvədə olan nağd ödənişlərə limit tətbiq etmək, ödənişlərin yalnız zəruri hallarda nağdsız formada həyata keçirilməsi ilə bağlı qanunun tələblərinin daha sərt şəkildə inzibatçılığının təmin edilməsidir. Yəni ümumilikdə bu istiqamətdə nəzərdə tutduğumuz tədbir 2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatlarının tətbiqidir. Faktiki olaraq bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin “kölgə iqtisadiyyatı”nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq. Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Çünki bu, nəticə etibari ilə vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənilməsinin təmin edilməsinə yönəldilmiş bir addımdır”,-deyə nazir vurğulayıb.  Bu hal  nağdsız ödənişlərin miqdarının artımına necə təsir edəcək? 
İqtisadçı-ekspert Fuad İbrahimli bildirdi ki, nağdsız ödəniş edənlərə münasibətdə vergi güzəştləri nağdsız ödənişin həcminin kəskin artımına gətirib çıxaracaq: “Nağdsız ödənişlər dünyada tətbiq olunan ən müasir metodlardan biridir. Bu addımın stimullaşdırılması sözsüz ki, nağdsız ödənişlərin miqdarının ölkəmizdə artımına səbəb olacaq. 
Qədim dövrlərdən başlayaraq, insanlar vergi ödəməyə meylli olmayıblar. Yəni, heç kim könüllü şəkildə vergi ödəmək istəmir. Ona görə də vətəndaşı vergi ödəməyə həvəsləndirmək üçün müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Yəni, vətəndaş bilməlidir ki, buna görə məsuliyyət daşıyır, ona görə də vergi ödəməyə maraqlı olmalıdır. Bunun üçün də ən müasir metod nağdsız ödənişlərin daha geniş həcmdə tətbiqinə nail olmaqdır. Sözügedən addımla nağdsız ödənişdən istifadə edənlərə stimullaşdırıcı vergi tətbiq olunacaq. Bununla vətəndaş vergi ödənişində müəyyən imtiyazlar əldə edir, eyni zamanda, dövlət də ondan qazanır. Belədə «kölgə iqtisadiyaytı»nın mövqelərinin daralmasına nail olmaq mümkün olacaq. 
Əslində, bu sitiqamətdə yanaşmalara çoxdan ehtiyac vardı və bu bütün institusional qaydalara cavab verən bir yanaşmadır. Düşünürəm ki, nağdsız ödəniş edənlərlə bağlı vergi güzəştlərinin tətbiqi fonunda vergi dərəcəsinə münasibətdə differensial yanaşma tətbiq olunacaq. Yəni, nağd ödənişlə müqayisədə nağdsız ödəniş edənlər daha az vergi ödəyəcəklər. Bu isə nağdsız ödəniş edənlərə üstünlük verilməsi deməkdir. Beləliklə, insanlar nağdsız ödəniş etməyə daha çox meylli olacaq və bu da sonda «kölgə iqtisadiyyatı»ndan qurtulmağa imkan verəcək”. 
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov düşünür ki, sözügedən addımla nağdsız ödənişlərin həcmi 70-80 faizə qalxacaq: “Bildiyiniz kimi, 2017-ci ilin yanvar ayında “Nağdsız ödənişlər haqqında” qanun qüvvəyə minib. Ona əsasən də Vergi Məcəlləsinə dəyişikliklər edilib. 
İnzibati yolla nağdsız ödənişləri stimulalşdırmaq mümkün deyil, burada motivasiya olmalıdır. Hazırda istənilən vətəndaş adi mağazadan nəsə alanda, onun ödədiyi məbləğin bir hissəsindən, 18 faizindən əlavə dəyər vergisi olaraq tutulur.  Nağdsız ödənişləri stimullaşdırmaq üçün isə vətəndaşı ya həmin vergidən tam azad etmək, yaxud da onun miqdarını azaltmaq lazımdır. Yəni ƏDV 18 deyil, aşağı həddə məsələn, 10 faiz civarında tutulmalıdır. Bu halda təbii ki, insanlar kütləvi şəkildə nağdsız ödənişlər etməkdə maraqlı olacaq. Çünki həmin halda vətəndaşın cibində daha çox pul qalacaq. Belə olarsa, nağdsız ödənişlərin həcmi kəskin şəkildə artacaq. 
Hazırda nağdsız ödənişlər ümumi ödənişin təxminən 50 faizinə yaxındır. ƏDV məsələsində nağdsız ödəniş edənlərə güzəşt istiqamətində sözügedən addımın atılması fonunda isə nağdsız ödənişlər 70-80 faizlik bir həddi belə ötüb keçəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz