Əlaqə Arxiv
news Image
2018.11.21
07:00
| A A A
Enerji sisteminin inkişafına yönəlik addımlar yüksək nəticələr verir
Fikrət Yusifov: “Uğurların kökündə həyata keçirilən islahatlar və əldə edilən nəticələr dayanır” Natiq Cəfərli: “Bunu şərtləndirən bir çox amillər var”

Azərbaycan Ümumdünya Enerji Şurası tərəfindən tərtib olunmuş “Enerji trilemması indeksi”ndə öz mövqeyini yaxşılaşdırıb.Ötən il 125 ölkə arasında 31-ci yerdə qərarlaşan Azərbaycan bu dəfə reytinqdə 25-ci sırada yer alıb.

Xatırladaq ki, “Enerji trilemması indeksi”ndə ölkələrin enerji göstəriciləri 3 - enerji təhlükəsizliyi, enerji kapitalı və ekoloji dayanıqlılıq meyarları üzrə dəyərləndirilir. Ekspertlərin sözlərinə görə, qeyd olunan sahədə artan uğuru şərtləndirən səbəblər bir sıra amillər var. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, son 15 il ərzində Azərbaycanda enerji sisteminin inkişafı ilə bağlı ciddi işlər görülüb: “Bu, energetika sahəsinə göstərilən yüksək diqqətin nəticəsidir. Xüsusən də bu sahəyə ayrılan vəsaitin nəticəsində göstərilən yerə gələ çata bilmişik. 
Nəzərə alaq ki, yaxın bir neçə il əvvəl Bakı ilə ətraf rayonlar arasında elektrik təminatındakı fərqi hər bir vətəndaş hiss edirdi. Ancaq artıq enerji təchizatında fasiləsizlik təmin olunub. Bu da enerji təhlükəsizliyi baxımından önəmli məsələdir. Bu işlərin hamısı həyata keçirilən islahatlar çərçivəsində baş verib. 
Uğurların kökündə həyata keçirilən islahatlar və əldə edilən nəticələr dayanır. Bu fonda energetika sahəsində uğurlarımızı digər sahələrdə olduğu kimi əksər beynəlxalq təşkilatların diqqətini cəlb edir. O baxımdan Azərbaycanın mövqeləri irəli çəkilib”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bunu şərtləndirən bir çox amillər var: “Azərbaycan ötən illərdə enerji layihələri üzrə ciddi addımlar atıb. Qonşu ölkələrə elektrik enerjisinin ixracatı məsələsidir ki, bu da enerji təhlükəsizliyində önəmli amillərdən biridir. Hətta Gürcüstan və Türkiyə ilə birgə ümumi elektrik şəbəkəsi qurulması istiqamətində danışıqlar gedir. 
Enerji məsələsində həm investisiyaların artması, həm regional layihələrin yer alması, Azərbaycanın enerji məsələlərində önəmli rol oynaması ölkəmizin reytinqinin və ona diqqətin yüksəlməsinə səbəb olub”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz