Əlaqə Arxiv
news Image
2018.11.21
08:00
| A A A
Yerli istehsal olan avtomobillərə böyük tələb yaranacaq
Azər Allahverənov: “Aksiz vergilərinin artırılması ölkəyə daxil edilən avtomobillərin qiymətinin artımına səbəb olan haldır” Rəşad Əliyev: “Vergilər Məcəlləsində ediləcək dəyişiklik yerli istehsalın stimullaşmasına hesablanıb”

Azərbaycanda minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulur. Belə ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0.30 manat (əvvəl 0.20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat (əvvəl 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (əvvəl 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 (əvvəl 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 (əvvəl 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat (əvvəl 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 əvvəl (31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat (əvvəl 40 manat) aksiz vergisinin tətbiq olunması təklif edilir.

Ekspertlərin fikrincə, bu hal avtomobillərin qiymətini artıracaq. Nəticədə yerli avtomobillərin istehsal həcmi də arta bilər. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirir ki, aksiz vergilərinin artırılması ölkəyə daxil edilən avtomobillərin qiymətinin artımına səbəb olan haldır: “Bu qərarın hansı zərurətdən yarandığını aidiyyatı strukturlar daha dəqiq bilir. Çox böyük ehtimal ki, burada məqsəd ölkədə istehsal olunan avtomobillərin satış həcminin artırılmasıdır. Bu yolla yerli avtomobillərin təşviqinə çalışılır. Nəticədə ölkədə maşınqayırma sənayesinin inkişafına səbəb olunur, həm də iqtisadiyyatın bu seqmenti üzrə ciddi nailiyyələr əldə edilir. Hətta prezidentlərin görüşü zamanı Belarus prezident Aleksandr Lukaşenko Azərbaycanın bu sahəsi ilə xüsusi maraqlandı. Böyük ehtimalla hansısa perspektivləri görürlər. O baxımdan bu sahəni inkişaf etdirməkdə maraqlıdırlar”.
Ekspert əlavə etdi ki, istənilən qərarın verilməsində məqsəd var: “Ancaq o məqsədlər bilvasitə istehlakçıların “cibləri” hesabına əldə edilməməlidir. Ölkədə istehsal olunan avtomobillər rəqabətə dözümlü olmalıdır. Bu da avtomobilin texniki parametrləri ilə şərtlənir. Yəni, ölkədə istehsal olunan avtomobillər yaxın ölkələrin avtomobillərilə müqayisədə rəqabətədözümlü olacaqsa, insanlar buna üstünlük verəcəklər. 
Məlumdur ki, Rusiya istehsalı olan avtomobillərdən imtina edirik. Bu da Almaniya, Koreya avtomobilləri hesabına baş verir. Çin avtomobilləri isə bazarımıza daxil ola bilmir. Çünki insanlarımız onlara üstünlük vermir. Bu, avtomobilin keyfiyyəti ilə bağlıdır. Ona görə də aksiz vergisi artırılırsa, daxildə istehsal olunan avtomobillərin keyfiyyəti ilə bağlı ciddi işlər də görülməlidir ki, insanlar yerli avtomobillərə üstünlük versinlər. 
Bundan başqa qiymətə xüsusi diqqət yetirilməlidir. Qiymətlərin münasib olması mühüm şərtdir. Digər tərəfdən yerli avtomobillərin satışı zamanı xüsusi stimullaşdırıcı addımlar atılmalıdır. Nəticədə insanlar yerli avtomobillərə üstünlük verərlər və istehsal həcmi artmış olar”.
“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev son illər onsuz da avtomobillərin qiymətinin artdığını diqqətə çatdırdı: “Vergilər Məcəlləsində ediləcək dəyişiklik yerli istehsalın stimullaşmasına hesablanıb. Lakin bununla yanaşı, keyfiyyət amilinin də nəzərə almaq lazımdır”.
Ekspert əlavə etdi ki, əvvəllər də ölkəyə daxil olan avtomobillər üçün aksiz vergiləri artırılmışdı: “Həmin dövrdə qiymət artımını müşahidə etmişdik. İndiki halda da qiymət artımı qaçılmaz olacaq. Nəzərə alaq ki, son illər avtomobil idxalı artıb. Bu, tələbatın yüksəlməsinə işarə edir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz