Əlaqə Arxiv
news Image
2018.11.21
09:40
| A A A
Aqrar sahənin inkişafında yeni mühüm addım
Qadir Bayramov: “İntensiv təsərrüfata keçid heyvandarlıq sahəsində əsaslı inkişafa təkan verəcək”

Azərbaycanda heyvandarlıq və taxılçılıq üzrə dövlət proqramı hazırlanıb.Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev məlumat verib. Onun sözlərinə görə, proqramın məqsədi intensiv heyvandarlığa keçməkdir. 

Ümumiyyətlə, son illər respublikada  heyvandarlıq məhsullarının istehsalında artım dinamikasının saxlanılması və əhalinin bu məhsullara olan tələbatınının daxili istehsal hesabına ödənilməsi məqsədilə yeni təsərrüfatların yaradılması, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması kimi istiqamətlərdə lazımi tədbirlərin həyata keçirilir. Son dövrlərdə ölkədə 15-dən artıq modern heyvandarlıq təsərrüfatı yaradılıb. 
İqtisad Universitetinin dosenti Qadir Bayramov bildirdi ki, intensiv heyvandarlığa keçid bu sahədə əsaslı inkişafa təkan verəcək: “Azərbaycanda kənd təsərrüfatında, bitkiçilik və heyvandarlıqda ekstensiv təsərrüfat üsulundan istifadə edilir. Bu isə ciddi problemlərdəndir. 
Düzdür, son dövrlər aqrar sahənin intensiv üsullarla aparılmasına yönəlik bir sıra təşəbbüslər var. Hansı ki, müsbət təşəbbüslər kimi dəyərləndirilə bilər. Bu fonda düşünürəm ki, intensiv təsərrüfat formasının heyvandarlığa da tətbiq edilməsinin zamanı yetişib. Azərbaycanda təxminən 8,5 milyon baş kiçik buynuzlu, 2 milyona qədər də iri buynuzlu heyvan var. Lakin hələlik bu sahədə məhsuldarlıq, ət və yun istehsalında da həmçinin aşağı həddədir. 
Son dövrlər yaradılan yeni damazlıq təsərrüfatları, xaricdən məhsuldar cinslərin gətirilməsi intensiv təsərrüfata keçməyə müəyyən töhfə verə bilər. Bu sahədə son zamanlar yaradılan Aqrar Tədqiqat Mərkəzi də mühüm rol oynaya bilər. Onun üçün də həmin mərkəzin sözügedən istiqamətdə fəaliyyəti gücləndirilməlidir. Avropada bir danadan alınan ət 300-400 kq-dan az olmur, Azərbaycanda isə ən yaxşı göstərici cəmi 150 kq-dır. Məhsuldarlıq da ölkəmizdə hələlik aşağıdır. Ona görə də damazlıq cinslərin yaxşılaşdırılması, seleksiya damazlıq işləri gücləndirilməlidir. Bu istiqamətdə dövlət dəstəyi mövcuddur. Ancaq bu dəstəyin fikrimcə. daha da artırılmasına ehtiyac vardır. 
Fermerlərin özlərinin xaricdən məhsuldar cinslər gətirməsinə kömək etmək lazımdır. Bu istiqamətdə xarici ölkələrlə əməkdaşlıq gücləndirilməlidir. Tək-tək təsərrüfatlar var ki, yüksək məhsuldarlığa nail olublar. Ancaq belə təsərrüfatların sayı doğrudan da azdır, onu dövlət xətti və özəl təşəbbüslərlə gücləndirmək gərəkdir. Bölgələrdə damazlıq təsərrüfatlarının sayı artırılmalıdır. Süni mayalanma bir çox təsərrüfatlarda artıq səmərə verib. Bu işi daha sistemli şəkildə qurmaq lazımdır. Nəticə etibarı ilə bu addımların həyata keçməsilə Azərbaycan ilk növbədə yerli bazarı ət istehsalı ilə tam təmin etməyə nail olacaq. Gələcəkdə isə həmin işlərin səmərə verməsilə xaricə də ət ixrac etmək imkanı qazanacağıq. 
Digər tərəfdən, bu istiqamətdə yem bazası da gücləndirilməlidir. Heyvandarlığın inkişafı üçün lazımı qədər örüşlər olmalıdır. Yaylaqlarda otarma normalarına əməl edilməlidir. Hansı ki, həmin yaylaqlarımızın böyük hissəsi işğal altındadır. Həmçinin, böyük təsərrüfatlara  keçmək lazımdır. Son zamanlar aqrotəsərrüfatların yaradılması bu istiqamətdə mühüm addım olub. Bu işin daha da genişləndirilməsilə ekstensiv təsərrüfat üsulundan tədricən qurtulub, intensiv təsərrüfata keçə biləcəyik. Bu həyata keçərsə, heyvandarlığın inkişafına, ət, süd istehsalının artımına və hətta ixrac potensialımızın genişlənməsinə nail ola bilərik”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz