Əlaqə Arxiv
news Image
2018.11.20
17:52
| A A A
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Noyabrın 20-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Movqe.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə Vergi Məcəlləsində, "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sığorta fəaliyyəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Vergi Məcəlləsində ediləcək dəyişikliklərdən danışan Ziyad Səmədzadə bildirib ki, bunların əsas xəttini ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə təşkil edir və bütün bunlar dövlət büdcəsinin stabil artmasını təmin edəcək.

İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, dəyişikliklər beş əsas istiqaməti əhatə edir. Bunlara sahibkarlığın inkişafının dəstəklənməsi, kölgə iqtisadiyyatının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin tətbiqi ilə iqtisadi sənayenin yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi daxildir.

Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin nəzərdə tutulduğunu deyən Mikayıl Cabbarov bildirib ki, görülən işlər əhalinin sosial müdafiəsinin, pensiya təminatının, eləcə də pensiya sisteminin maliyyə dayanıqlılığının gücləndirilməsinə yönəlib. Dəyişikliklər, həmçinin əhalinin kreditə çıxış imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə ümidvar olduğunu söyləyib.

Mikayıl Cabbarov nəzərə çatdırıb ki, ölkədə dövlət orqanları ilə vergiödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır və bir sıra dəyişikliklər vergi orqanlarının bu sahədə səlahiyyətləri, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır. Vurğulanıb ki, digər dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi, dəyişikliklər vasitəsilə ölkədə iqtisadi səmərənin artırılması, sui-istifadə hallarının azaldılması nəzərdə tutulur. Biznes mühitinin təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Sadələşdirilmiş vergiödəyicilərinin sayı 2013-cü ildən bu günə qədər 1,5 dəfə artıb və onların vergiödəyicilərinin aktiv sayında payı 56 faizə yaxındır.

Dəyişikliklərə görə, pərakəndə ticarət və nağdsiz ödənişlər üzrə pos-terminallar vasitəsilə müddətli vergi güzəştlərinin verilməsi təklif edilir. Həmçinin lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan, zərgərlik məhsullarının, topdansatış ticarət fəaliyyəti həyata keçirən və bu kimi digər şəxslərin gəlir və xərclərinin uçotunun aparılması üçün dəyişikliklər təklif olunur.

"Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, dəyişikliklər yeni büdcə qaydalarının tətbiqi ilə əlaqədardır.

İclasda, həmçinin "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihələri haqqında fikir və təkliflərini səsləndiriblər.

Gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sizin Reklam Yeriniz