Əlaqə Arxiv
news Image
2018.11.22
07:00
| A A A
Aqrar sənaye sahəsində idxaldan asılılığa son qoyulur
Qadir Bayramlı: “Bu sahədə Azərbaycan böyük potensiala malikdir”

Azərbaycan və Belarus hazırda Türkiyədə traktorların yığılması ilə bağlı bizim ümumi layihə üzərində işləyir. Eləcə də Azərbaycan və Belarus birgə kombayn istehsalı barədə razılıq əldə edib. Ölkəmizin iştirakı ilə kənd təsərrüfatı texnikasının birgə istehsalı Azərbaycana hansı üstünlük verir, qeyri-neft sektorunun inkişafına nə vəd edir? 

İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki, sözügedən layihənin həyata keçməsilə Azərbaycanın kənd təsərrüfatı texnikası üzrə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalacaq: “Azərbaycanda kənd təsərrüfatının iki ciddi problemi var. Biri təsərrüfatın idarə olunmasında ekstensiv üsula üstünlük verilməsidir. Halbuki, intensiv üsul daha sərfəlidir. 
İkinci önəmli məsələ isə hələ sovet dönəmindən qalan mənfi mirasdır. Bu, ölkəmizdə kənd təsərrüfatı texnikasının istehsalının  olmamasıdır. Sovetlər vaxtında ən sadə kənd təsərrüfatı texnikasını digər respublikalardan alırdıq. “Rosselmaş”dan, pambıqyığan maşınları isə Özbəkistandan alırdıq. Azərbaycanda isə sovet dövründə bəzi təmir yerlərindən savayı bu istiqamətdə hər hansı bir irəliləyiş olmayıb. Bu sahədə atılan ilk addım montaj şəklində olsa da Gəncə Avtomobil Zavodunda Belarus traktorlarının yığılması oldu. Amma bunun özü ölkəmiz üçün yetərli deyil. Onların satış əmsalı çox azdır. Halbuki ehtiyacımız daha çoxdur. 
Düzdür, keçən əsrin 90-cı illərin ortalarınbda vəziyyət daha bərbad idi. Həmin dövrdə ölkədə kombayn və pres maşınları demək olar ki, tapılmırdı. Olan kombaynlarla növbə əsasında əvvəl aran rayonlarındakı məhsulu yığır, sonra isə dağətəyi rayonlara keçirdilər. Sonradan “Aqrolizinq”in təşkili problemin həllində müəyyən irəliləyişlərə nail olmağa imkan verdi. Nəticədə təsərrüfatların kənd təsərrüfatı texnikası ilə təminatı məsələsi rahat şəkildə həlini tapdı. Ancaq hələ də təsərrüfatlarda istifadə edilən tenxikanın bir hissəsi sovet dönəmindən qalma texnikalardan ibarətdir. Bu mənada yaxşı olar ki, həmin köhnə texnikanın dəyişdirilməsi yerli istehsal hesabına həyata keçirilsin. Bunun üçün Azərbaycan böyük potensiala malikdir. 
Sovet dövründə respublikamızda maşınqayırma sənayesi neft maşınqayırması istiqamətində inkişaf etdirilib. Yəni, mürəkkəb maşın və avadanlıqları istehsal edirdik. Ancaq kənd təsərrüfatında istehsal edilən daha sadə qurğu və texnikanı istehsal etmirdik. Halbuki potensialımız həmin dövrdə də olub, bu istiqamətdə kadr və müəyyən təcrübəyə də sahibik. Türkiyədə kənd təsərrüfatı texnikası sahəsində “Çukuroba” qrupu daha güclüdür. Bu mənada kənd təsərrüfatı texnikasının istehsalı yolunda Türkiyə, Azərbaycan və Belarusun birgə əməkdaşlığı ölkəmizin aqrar sahə texnikası ilə təminatı məsələsinin həllinə, bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək edəcək. Yaranmış vəziyyət nəticə etibarı ilə Azərbaycanda kənd təsərrüfatının daha da inkişafına təkan verəcək. Çünki, həmin addımlar ölkəmizdə kənd təsərrüfatı məhsullarının daha çox istehsalına və onun hətta daha çox miqdarda xaricə ixracına nail olmağa gətirib çıxaracaq. 
Başlıcası kənd təsərrüfatı texnikasının idxalından asılılığımız əhəmiyyətli dərəcədə azalacaq. Bu, həmçinin yeni iş yerlərinin açıqlması demək olacaq. Zənn edirəm ki, bundan ölkəmizin aqrar sektoru qazanacaq. Yetər ki, işlər zamanında, sistemli şəkildə icra edilsin və tamamlansın. O zaman da onun töhfələrini hiss edəcəyik”.  
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz