Əlaqə Arxiv
news Image
2018.11.22
10:15
| A A A
Azərbaycana valyuta axınının həcmi kəskin şəkildə artacaq
Ruslan Atakişiyev: “Qeyri-neft sektorunda qeydə alınan artımlar fonunda vəsaitlərin daxil olması manatın məzənnəsinə müsbət təsir göstərəcək” Natiq Cəfərli: “Müvafiq pozitiv dinamika ölkə iqtisadiyyatına, manatın məzənnəsinə müsbət təsir göstərən amildir”

Enerji ilə yanaşı, artıq qeyri-neft sektoru da Azərbaycana böyük həcmdə valyuta qazandırır. Ötən illərə nisbətən qeyri-neft ixracatında da ciddi artımlar qeydə alınıb. Eləcə də beynəlxalq proqnozlara görə, Azərbaycanın valyuta ehtiyatları artmaqda davam edəcək. Bunlar isə Azərbaycanın maliyyə sisteminə, manatın dayanıqlığına müsbət təsir göstərən hal kimi dəyərləndirilir. 

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi hədəf kimi qarşıya qoyulub: “Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının inkişafı üzrə strateji yol xəritəsində yer alıb. Qeyri-neft sektorunda qeydə alınan artımlar fonunda vəsaitlərin daxil olması manatın məzənnəsinə müsbət təsir göstərəcək.  Bunun üçün də gözlənilən inkişafa nail olmaq lazımdır. 
Nəzərə alaq ki, hələ qeyri-neft sektoru istənilən səviyyədə inkişaf etməyib. Bu da onunla bağlıdır ki, neft sektoru iqtisadiyyatın əsasını təşkil edir. Amma  mövcud iqtisadi siyasət iqtisadiyyata öz töhfəsini verəcək. 2019-cu ilin dövlət büdcəsinin təqdimat sənədlərində də görə bilərik ki, növbəti üç il ərzində Azərbaycan manatının dollar qarşısında məzənnəsinin sabit (1.7) saxlanılması nəzərdə tutulub. Ona görə də bu məzənnənin sabit qalması qeyri-neft sektorunun inkişafına töhfə verəcək”. 
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, son illər qeyri-neft sektoru neft sektoruna nisbətən daha çox inkişaf dinamikası göstərir: “Bu ilin 10 ayı ərzində qeyri-neft sektorunda 4 faizlik artım qeydə alınıb. İxracatda da təxminən 3.5 faiz artım baş verib. Müvafiq pozitiv dinamika ölkə iqtisadiyyatına, manatın məzənnəsinə müsbət təsir göstərən amildir. 
Hələlik həll olunası yeganə məsələ pozitiv dinamikaya baxmayaraq, pul ifadəsində istənilən həcmə nail olmaqdır. Eləcə də ölkənin potensialı baxımından ixcaratda kənd təsərüfatı istənilən səviyyədə deyil. Bu da bir çox məsələlərlə əlaqədardır. İlk növbədə məhsuldarlıqla bağlı problem öz həllini tapmalıdır. Toxumlardan tutmuş aqrotexniki qaydalara qədər yeni yanaşmaya ehtiyac yaranıb”.
Ekspert əlavə etdi ki, 2019-cu ildə kənd təsərrüfatı ixracatında artım dinamikası davam edəcək: “Ən azından 4-5 faizlik artım gözlənilir. Həcm olaraq da gələn il yarım milyard dollardan yuxarı aqrar sektorda ixracın olması gözlənilir. Bunlar isə ölkənin makroiqtisadi göstəricilərinə, həm də manatın dayanıqlığına müsbət təsir göstərən amillərdəndir”. 
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz