Əlaqə Arxiv
news Image
2018.12.04
09:57
| A A A
Pambıqçılıqda model təsərrüfatlar yaradılır
Qadir Bayramlı: “Nəticədə daha keyfiyyətli pambıq yetişdirmək mümkün olacaq” Fuad İbrahimov: “Təcrübə onu göstərir ki, model layihələrdən daha çox perspektiv əldə etmək mümkündür”

“Ötən illə müqayisədə bu il məhsuldarlıq yüksəkdir”. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib. 

Nazir qeyd edib ki, bu il pambıq sahələrində orta məhsuldarlıq hələlik 16 sentnerdən çoxdur: “Cari il 132 min hektarda pambıq əkilmişdisə, gələn il əkin sahəsinin 100 min hektar olması planlaşdırılır. Burada məqsəd daha çox məhsuldarlıq əldə edilməsidir. Bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin nümayəndələri ilə model təsərrüfatların yaradılması üzərində də iş aparılır”.
Ekspertlərin sözlərinə görə, model təsərrüfatlar müasir iqtisadiyyatda tətbiq edilən üsuldur. Pilot layihələrə nisbətən daha risksiz hesab olunur. O baxımdan  model təsərrüfatların yaradılması pambıqçılıq sahəsində ciddi irəliləyişə səbəb ola bilər.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirir ki, yeni əməkdaşlıq pambıqçılıqda ekstensiv təsərrüfatdan intensiv təsərrüfat sisteminə keçəməyə kömək edəcək: “İkincisi, məhsuldar sortların ölkəyə gətirilməsinə və yetişdirilməsinə öz töhfəsini verə bilər. Üçüncü, pambıqçılıqda daha müasir texnologiyanın tətbiqinə kömək edə bilər. 
Nəzərə alaq ki, pambıqçılığın ən zəif tərəfi ziyanvercilərin hücumuna daha çox məruz qalmasıdır. O baxımdan əməkdaşlıq ziyanvercilərlə mübarizə vasitələrinin ölkəmizə gətirilməsinə kömək edə bilər. Digər tərəfdən pambıqçılıqda suvarma sisteminin yenidən qurulması önəmli məsələdir. Kollektorların bir çoxlarının yenidən təmir edilməsinə ehtiyac var. Bu sahəyə müəyyən investisiyanı təşviq edə bilər. Nəticədə daha keyfiyyətli pambıq yetişdirmək mümkün olacaq. Eyni zamanda inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqi pambıq emalında da yenilik gətirə bilər. Nəticə etibarı ilə məhsul istehalı artar, tələbat daxili istehsal hesabına ödənər. İxrac imkanlarımız da artmış olar”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov bildirdi ki, pambıq siyasətinə geri dönüşdə model layihələrdən başlamaq daha yaxşı olardı: “Model layihələr həmişə pilot layihələrə nisbətən daha az məsrəfli olub. Təcrübə onu göstərir ki, model layihələrdən daha çox perspektiv əldə etmək mümkündür. Odur ki, prosesləri bu istiqamətdə başlamaq yaxşı olardı. 
Model layihələrdə bütün nöqsanlar tədricən aradan qaldırılır. Çünki ortada model olur. Müasir iqtisadiyyatda bu cür üslublardan istifadə etmək lazımdır. Düzdür, Azərbaycanın pambıqçılıq sahəsində kifayət qədər tarixi təcrübəsi var. Sovet dövründə bu sektor üzrə Özbəkistandan sonra Azərbaycan gəlirdi. Ancaq artıq zaman dəyişib. Heç kəsi məcburi şəkildə pambıq sahəsinə çəkməz olmaz. Ancaq stimul üzərində qurulan iş vasitəsi ilə vətəndaşı ora çəkmək mümkündür. Bu baxımdan model layihələr onun bütün perspektivliyini üzə çıxarar, risklər məhdudlaşar. Ondan sonra kütləvi şəkildə həyata keçirmək olar”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz