Əlaqə Arxiv
news Image
2018.12.05
10:17
| A A A
Manat-avro-dollar üçbucağında mühüm proseslər
Natiq Cəfərli: “Mərkəzi Bank avronun məzənnəsini dəyişməklə, dolların məzənnəsini sabit saxlamaq yolunu tutub” Cəfər İbrahimli: “Dollar sabit saxlanılacaq, ancaq digər valyutaların məzənnəsində dəyişiklik olacaq”

Azərbaycanda dolların məzənnəsi iki ildən çoxdur ki, sabitdir. Diqqəti çəkən odur ki, avronun məzənnəsi tez-tez dəyişir. Son zamanlar isə avro ucuzlaşmaqdadır.  

İqtisadçıların sözlərinə görə, buna səbəb dünyada dollar-avro nisbətinin dəyişməsidir ki, dolların məzənnəsinin qorunması fonunda avronun dəyəri dəyişir. Ucuzlaşan avro isə Azərbaycanın ixrac və idxalına  təsirsiz ötüşməyə bilər. Belə ki, avrozonadan gələn məhsulların ucuzlaşacağı proqnozlaşdırılır. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda dolların məzənnəsi əsas götürülür: “Dünya birjalarındakı avro-dollar münasibətləri özünü manat-avro münasibətləri üzərində göstərir. Çünki, Mərkəzi Bank dolların məzənnəsini sabit saxlayır. Avro da sabit qalarsa, balans pozula bilər. 
Nəzərə alaq ki, dünyada dollar möhkəmlənib. İlin əvvəlində 1 avro 1 dollar 26 sent idisə, hazırda 1 avro 1 dollar 13 sentdir. Dolların möhkəmlənməsi Azərbaycanda avronun zəifləməsi ilə müşahidə olunur. Mərkəzi Bank avronun məzənnəsini dəyişməklə, dolların məzənnəsini sabit saxlamaq yolunu tutub”.
Natiq Cəfərli bunun Azərbaycan iqtisadiyatına təsirlərinə də toxundu: “Avrozonadan gələn məhsulların manat ekvivalenti ilə satışında bir müddət sonra ucuzlaşma olmalıdır. Çünki  manatla ifadəsində avronun maksimal həddi ilə indiki qiyməti arasında təxminən 5 faiz ucuzlaşma olub. Avrozonadan  gətirilən məhsulların da bir o qədər ucuzlaşması baş verməlidir. Amma kəskin qiymət dəyişikliklərinin olacağını demək olmaz. Çünki avronun məzənnəsində cəmi 5 faizlik ucuzlaşma ba şverib. Xüsusən də Yeni il bayramından sonra Avrozonadan gələn məhsullarda 3-5% ucuzlaşma müşahidə edə bilərik”.
Digər iqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, bu, avronun məzənnəsinin dollar qarşısında olan dəyişikliyindən irəli gəlir: “Digər valyutalar dollar qarşısında dəyərini dəyişirsə, manat qarşısında da bu, özünü göstərir. 
Məlumdur ki, hazırda ölkəmizdə tənmizlənən məzənnə siyasəti həyata keçirilir. Bu cür məzənnə siyasəti 2020-ci ilə qədər davam edəcək. Azərbaycanın əsas ixracı resurslardır. Bunu da dollarla satırıq. Yəni, ixracdan ölkəyə dollar daxil olur. Bunun hissəsi büdcəyə, digər hissəsi isə iqtisadiyyata transfer olunur. Bu tendensiya fonunda manatın tam üzən rejiminə keçməsi çətin görünür. Onsuz da ixracdan valyuta gəlir. Yəni, bu şəkildə məqbul vəziyyətdir. Çünki büdcənin hələlik qeyri-neft sektoru ilə doldurulması çətindir. Ona görə manatın tam sərbəst buraxılması təhlükəlidir. Bu, qeyri-neft sektorunun vəziyyətindən daha çox asılıdır. 
Manatın dollar qarşısında üzən məzənnəyə keçməsi üçün dayanıqlıq imkanı olmalıdır. Bu mənada hazırki siyasət davam edəcək. Yəni, dollar sabit saxlanılacaq, ancaq digər valyutaların məzənnəsində dəyişiklik olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz