Əlaqə Arxiv
news Image
2018.12.07
09:00
| A A A
Manatın məzənnəsi qorunacaq
Natiq Cəfərli: “Manatın möhkəm olması ixracatda problemlər yarada bilər” Samir Əliyev: “Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır”

Manatın məzənnəsinin güclənməsiən təsir edən amillər artır. Bu fonda maliyyə naziri Samir Şərifov deyib: “Amma manatın məzənnəsinin kəskin möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir.  Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu, xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub". 

Nazirin açıqlamasından belə məlum olur ki, hökumət ixracı qorumaq üçün manatın güclənməsinə imkan verməyəcək. Məzənnənin ən azından indiki səviyyədə saxlanılması məqsədəuyğun görünür. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, son iki ilə yaxındır, dolların məzənnəsinin sabit saxlanılması əsas hədəf götürülüb: “Lakin digər valyutalara nisbətən manatın məzənnəsi dəyişir. Qonşu ölkələrin milli valyutaları da ucuzlaşdığından onlardan ölkəmizə ixrac 29% artıb. Nazirin bildirdiyi iqtisadi nəzəriyyəyə əsaslanan fikirlərdir. Qonşu ölkələrdə milli valyutların ucuzlaşması prosesi gedirsə və Azərbaycan qeyri-neft sektorunun inkişafını qarşısına hədəf qoyubsa, manatın möhkəm olması ixracatda problemlər yarada bilər. Eyni zamanda inkişafına çalışdığımız turizm sahəsində də problemlərin yaşanması mümkündür. 
Həmçinin nəzərə alaq ki, hələ də neftdən asılılıq var. Gələn il büdcədən transferlərin yarısı Dövlət Neft Fondundan olacaq. Əgər neftin qiyməti enərsə, Dövlət Neft Fondunun ehtiyatlarının qorunması məsələsi güngəmə gələcək. Bu zaman manatın məzənnəsinin qorunması valyuta ehtiyatlarımıza mənfi təsir göstərə bilər.  Yəni, hökumət neft qiymətlərini izləyəcək. Neftin qiyməti düşərsə, manatın məzənnəsinin indiki səviyyədə qalması qoyulan hədəflərə çatmaqda çətinliklər yarada bilər. Bu fonda manatın yumşaq formada dəyərdən düşməsinə start verilməsi mümkündür. Amma bu, kəskin devalvasiya anlamına gəlmir. Onsuz da iki dəfə kəskin devalvasiya iqtisadiyyata ciddi zərbə vurub. Neft qiyməti düşərsə, gələn il manat 15% ucuzlaşa bilər”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, bu fiki ilə razılaşmaq da olar, razılaşmamaq da: “Nəzərə alaq ki, Maliyə Nazirliyi büdcə gəlirlərinin icrasına məsuldur. Devalvasiya büdcənin “doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur. 
Digər tərəfdən maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona görə də xarici bazarlarda “Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır.
Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələ ki manatı qorumağa imkan verir. Böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq”.

Mübariz BAYRAMOV 

 

Sizin Reklam Yeriniz