Əlaqə Arxiv
news Image
2018.12.08
07:00
| A A A
Neft qiymətlərinə Azərbaycan da öz töhfəsini verir
İlham Şaban: “Qara qızıl” yenidən bahalaşacaq” Rəşad Həsənov: “Neftin qiyməti 75-80 dollaradək bahalaşa bilər”

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib. 

Qeyd edək ki, son zamanlar neftin qiymətində ucuzlaşma tendensiyası müşahidə edilir.Bir müddət əvvəl 82 dollara qalxan neftin bir barreli indi 55-60 dollar civarında var-gəl edir. “Qara qızıl”ın qiymətində baş verən bu enməyə bazarda artan neft hasilatının olması və İrana qarşı sanksiyaların tətbiqinə baxmayaraq, bir sıra dövlətlərin gündəlik hasilatı artıracaqları barədə açıqlamaları təsir göstərib. Ancaq OPEK-in son iclasında quruma üzv dövlətlər gündəlik hasilatın azaldılması ideyasına tərəfdar çıxıblar. Hansı ki, Azərbaycan da həmin ideyaya tərəfdar olduğunu bəyan edir. 
Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban OPEK+ ölkələrinin Vyana razılaşmasından sonra neftin qiymətinin bahalaşacağını bildirdi: “Bildiyiniz kimi, OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsi gündəlik neft hasilatının azaldılması barədə qərar veriblər. Bu addım bazarda neftin qiymətinin 2019-cu ildə stabilləşməsinə doğru yönələn bir hal kimi qiymətləndirilir. Azərbaycan da həmin qərarı öncədən dəstəklədiyini bəyan edib. Bu müstəvidə ölkəmiz də prosesə öz töhfəsini verir. 
Sözsüz ki, neft hasilatının azaldılmasına dair OPEK-in gəldiyi nəticə bazarda neftin qiymətinə müsbət təsir göstərəcək. Nəticədə indi qiymətin ucuzlaşması baş veribsə, tezliklə onun əksi olan proses gedəcək və “qara qızıl” yenidən bahalaşacaq. Həmin addım bazarda mövcud olan izafi neft həcminin tədricən yığışdırılmasına səbəb olacaq”. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov neftin qiymətinin 75-80 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır: “Son dövrlər neft hasilatının azaldılmalı olduğu barədə təkliflər müəyyən dərəcədə artmışdı. Xüsusilə də OPEK katibliyi tərəfindən üzv ölkələrə gündəlik hasilatın 1,3 milyon barrel azaldılması tövsiyə olunmuşdu. Ancaq OPEK toplantısının ilk anları belə düşünməyə əsas verir ki, müzakirə prosesi olduqca gərgin keçir. Görünən odur ki, Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr bu istiqamətdə ümumi razılığa gəlib. Ancaq bununla belə onlar daha konservativ mövqe sərgiləyərək, hasilatın daha az miqdarda azaldılmasını təklif edirlər. Bu isə bazarlara neqativ təsir göstərir. Faktiki olaraq bazarda gündəlik 1,5 milyon barreldən artıq təklif var. Məhz bu nisbətin keçilməsilə bağlı razılıq əldə olunarsa, həmin halda neftin qiymətində ciddi dəyişiklik gözləmək olar. Bu fonda 2018-cu ildə neftin qiyməti təxminən 60 dollar həndəvərində olacaq. Lakin OPEK tədbirində hər hansı bir razılıq əldə olunmazsa, bu halda neftin qiyməti 50 dollaradək ucuzlaşa bilər. Hasilat istəklərə uyğun azaldılacağı təqdirdə isə neftin qiyməti 70 dollaradək bahalaşacaq. Hətta ilk dövrlərdə ola bilsin, daha sürətlə bahalaşaraq, 75-80 dollaradək qalxsın. Ancaq 2019-cu ildə ümumi orta qiymət təxminən 70 dollar civarənda ola bilər”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz