Əlaqə Arxiv
news Image
2018.12.08
10:00
| A A A
Sənayenin yüksəlişində Azərbaycan növbəti mühüm uğura imza atır
Vüqar Bayramov: “İnnovasiyanı, təcrübəni transfer etmək sənaye sektorunda həm rəqabətqabiliyyətli məhsulların istehsalına, həm də daxili tələbatın ödənilməsinə imkan verəcək” Natiq Cəfərli: “Azərbaycan ərazisində belə istehsal sahələrinin fəaliyyətə başlamasının ciddi perspektivləri var”

Azərbaycan və Türkiyə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək. Eyni zamanda Azərbaycan Belarusla birgə Türkiyədə traktor zavodu açmağı düşünür. Ekspertlərin fikrincə, birgə müəssisələr ölkədə sənayenin inkişafına ciddi dəstək verəcək. Bu, ölkəyə yeni texnologiyanın daxil olması ilə yanaşı, yeni iş yerlərinin yaradılması deməkdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, maşınqayırma sənayesində birgə müəssisələrin yaradılmasına ehtiyac var: “Nəzərə alaq ki, bu sahə Azərbaycan üçün ənənəvi deyil. O baxımdan xarici investisiyanı cəlb etmək üçün Türkiyə və Belarus ilə birgə müəssisələrin yaradılması təqdirəlayiqdir. Bu, yalnız onların investisiyasını yox, həmçinin təcrübələrini transfer etməyə imkan verəcək. Xarici investisiyanın və birgə müəssisələrin əsas müsbət cəhəti budur. 
İnnovasiyanı, təcrübəni transfer etmək sənaye sektorunda  həm rəqabətqabiliyyətli məhsulların istehsalına, həm də daxili tələbatın ödənilməsinə imkan verəcək. Nəzərə alaq ki, sözügedən məhsula Azərbaycanda tələbat var. Növbəti dövrlərdə də tələbin artacağı gözlənilir. Çünki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi bu istiqamətdə vaqonlara daha çox tələbat yaradacaq. Eyni zamanda traktor da Azərbaycanda ehtiyac olan məhsuldur. Aqrar sektor inkişaf etikcə, traktora tələbin artacağı gözlənilir. O baxımdan həm artım tələbinə uyğun məhsul istehal olunacaq, həm də idxalın əvəzlənməsinə imkan verəcək. Eyni zamanda istehal etdiyimiz məhsulun bir qismini ixrac etmək imkanına malik olacağıq”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu cür zavodların Azərbaycan ərazisində tikilməsinə çalışmaq lazımdır: “Çünki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu, Şərq-Qərb layihəsi, Şimal-Cənub koridorları işlək vəziyyətə çadıqda Azərbaycanda belə müəssisələrin olması mütləqdir. Həm təmir, həm də yeni vaqonların satışı ilə əlaqədar Azərbaycan logistik mərkəzə çevrildikdən sonra bir çox şirkətlər bizimlə əməkdaşlıq etmək istəyəcəklər. Yəni, Azərbaycan ərazisində vaqonların ya təmiri, ya da yeni vaqonların satışı həyata keçirilə bilər. Ona görə Azərbaycan ərazisində belə istehsal sahələrinin fəaliyyətə başlamasının ciddi perspektivləri var. Gələcəkdə xarici şirkətlərlə müqavilələrin bağlanmasına, həm də Azərbaycanın yeni vaqonlar satması ilə gəlir əldə etməsinə şərait yaradacaq”.
Ekspert əlavə etdi ki, Azərbaycan xaricdə də zavodların açılması təcrübəsinə malikdir: “Türkiyədə “Star” zavodu var. Buna bənzər yatırımlar mümkündür. Lakin bunlar Azərbaycan iqtisadityyatına dolayı gəlir gətir. Birbaşa xeyri o zaman olur ki, bu tipli müəssisələr Azərbaycanda açılsın. Bu, həm yeni iş yerləri, həm yeni texnologiya, həm də ixrac potensialının artırılması deməkdir. Ona görə də istehsal sahələrinin digər ölkələrlə birgə olsa da, Azərbaycanda yaradılmasına çalışmaq lazımdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz