Yalançının evi yandı, heçkim ona inanmadı. Hazırda bu məsəli endirim kampaniyaları həyata keçirən satış mərkəzləri, mağazalar haqqında demək mümkündür.
Artıq ilin hər günündə bu cür “endirim”ləri görmək mümkündür. Xüsusən də bayram günləri yaxınlaşdıqca “endirimlər” və “elanlar” artır. Alıcılar isə artıq buna real endirim kimi yanaşa bilmirlər. Hətta real endirim olsa da, inandırıcı görünmür. Mağazalar endirimi sənədlərlə də sübut edə bilmirlər.
İqtisadçı-ekspert Vüsalə Əhəmdova bildirir ki, müəyyən mağazalarda satılan malların (istər orta və istər yüksək brendlər) etiketləri üzərində marka sahiblərinin qoyduqları qiymətlər valyutada əks olunur: “Endirimlər zamanı marka sahibinin razılığı əsasında həmin qiymətlərə müəyyən faizlərdə güzəştlər tətbiq edilir. Bunu hər kəs etiket üzərindəki qiymətlə müəyyənləşdirə və ya həmin brendin internet saytından informasiya əldə edə bilər. Ölkəmizdəki mağazaların çoxunda isə marketinq qaydalarına riayət olunmur.
Sahibkar gətirdiyi məhsula istədiyi qiyməti qoyaraq satır. İstədiyi vaxtda da saxta endirimlər edərək istehlakçıları aldadır. Bu cür hallarla istər məişət avadanlıqları, istər geyim, istərsə də ərzaq məhsulları mağazalarında rastlaşmaq mümkündür. Xüsusilə, qiymətləri artırıb sonra üzərinə xətt çəkərək “endirim” yazan marketlər, gerçək qiymətləri vətəndaşlara endirim adıyla sırıyırlar. Malın qiymətini 100-200% və hətta 300% artırıb daha sonra 20% endirim edərək satmaqla və ya keyfiyyətsiz, dəbi keçmiş malın üzərində 70% endirim yazaraq həqiqətdə 10-20% endirim tətbiq edərək satanlar bir növ “endirim oyunu” oynayırlar. Ölkəmizdə “outlet” mağazalarda belə real endirimlərə rast gəlmək mümkün deyil.
Bildiyiniz kimi, əvvəlki mövsümdən qalan, son seriya, vitrinlərdə uzun müddət qalmış, qüfurlu, müştərilər tərəfindən alındıqdan sonra 14 gün müddətində geri qaytarılmış mallar marketinq siyasətinə müvafiq olaraq “Outletlərə” verilməli və həmin mağazalarda çox ucuz qiymətə satılmalıdır. Ölkəmizdə isə bu siyasətə riayət edən mağazalar da yox dərəcəsindədir”.
İqtisadçı xanım əlavə etdi ki, endirimlər müəyyən qaydalar əsasında aparılmalıdır: “Avropa Birliyi ölkələrində endirimlər ilin müəyyən vaxtlarında həyata keçirilir. Bizdə isə il boyu üzərində 70% endirim yazılan mağazalara rast gəlmək mümkündür. İlin 12 ayında endirim ola bilməz. Endirim satışlarının Avropa Birliyində olduğu kimi, müəyyən bir təqvimə və qaydalara bağlanması mütləqdir. Məsələn, qış mallarına endirimlər aprel ayında, yaz mallarına endirimlər isə sentyabr ayında başlaya bilər. Düşünürəm ki, qanuni tənzimləməyə ehtiyac var. Bu pərakəndəliyə və özbaşnalığa çəki düzən vermək mütləqdir. Qiymətləri süni şəkildə artıran spekulyantlar təftiş olunmalıdır. Təftişçilər qiymətlərin aylıq dəyişməsini nəzarətdə saxlamalı, xalqdan gələn şikayətləri ciddi şəkildə araşdırmalıdırlar. Qiymətləri süni artıranlar hətta cinayət məsuliyyətinə cəlb edilməlidirlər”.
Ekspertin fikrincə, valyuta məzənnəsindəki artım kimi mal və ya xidmətin satış qiymətinə real təsir edən amillər olmadan qiymətlərin artırılması qanuna ziddir: “Məsələn, Türkiyədə belə hallara rast gəlindikdə mağaza 276-345 min lirə məbləğində cərimə olunur. Bu ölkədə Ticarət Nazirliyi bələdiyyələrin nəzdində “istehlakçı hüquqlarını qoruyan polis birliklərinin” yaradılması işinə başlayıb. Qiymət artımlarının idarə olunmasında polislərin daha aktiv rol oynayacağı bildirilir.
Qiymətlərin tənzimlənməsi sərbəst bazar iqtisadiyyatına hər nə qədər zidd addım sayılsa da, problemdən başqa çıxış yolu olduğunu düşünmürəm. Qiymətlərdəki artımın müəyyən bir konsensusla məhdudlaşdırılması iqtisadiyyatda heterodoks siyasət adlanır. Lakin bunun ortodoks pul və maliyyə siyasəti ilə dəstəklənməsi də şərtdir”.
Mübariz BAYRAMOV