Əlaqə Arxiv
news Image
2018.12.15
09:30
| A A A
Aqrar sahənin aqrotexniki qulluq problemi
Qadir Bayramlı: “Aqrotexniki tədbirlərin istənilən səviyyədə olmamasının bir neçə səbəbi var”

Cari ilin 9 ayında kənd təsərrüfatında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3 faiz artım qeydə alınıb.  Bu artım təbii olaraq ixracatda da özünü göstərir. Belə ki, cari ilin səkkiz ayında tərəvəz ixracı 8.4, meyvə ixracı isə 32.5 faiz artıb. Lakin ekspertlərin fikrincə, ölkəmiz aqrar sahədə daha böyük potensiala malikdir. Bunun üçün isə həll ediləsi problemlərdən biri aqrotexniki qulluq məsələləridir. 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirir ki, aqrotexniki tədbirlər  kompleks xarakter daşıyır: “Bitkiçilik sahəsində məhsuldarlqq da əsas etibarı ilə aqrotexniki tədbirlərin hansı səviyyədə aparılmasından aılıdır. Aqrotexniki tədbirlərin aparılma qaydası və zamanı düzgün seçilmirsə, bu,  nəticəyə  əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Aqrotexniki tədbirlər  zamanı   torpağın,  suvarmada istifadə edilən suyun  və hava şəraitinin xüsusiyyətləri  nəzərə alınmalıdır”.
Ekspert əlavə etdi ki, aqrotexniki tədbirlərin istənilən səviyyədə olmamasının bir neçə səbəbi var: “Bu, ilk növbədə peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqədardır. İkincisi, əgər fermerlərin əllərində zəruri aqrotexniki vasitələr olmazsa, aqrotexniki tədbirlərin aparılması mümkün olmur. Üçüncüsü, aqrotexniki tədbirlərin səmərəli şəkildə həyata keçirilməsi üçün həm toxumların, həm də gübrə və kimyəvi preparatların keyfiyyəti yüksək olmalıdır. 
Onu  da qeyd etmək lazımdır  ki, fermerlərin bir çoxunun toxum sortları, şumlama qaydaları, səpinin necə həyata keçirilməsi, gübrə və preparatların istifadəsi, suvarma qaydaları və s. digər aqrotexniki qaydalar haqqında bilikləri  lazım olan səviyyədə deyil. Əksər hallarda onlar bu işləri aqronomlarla məsləhətləşmə aparmadan həyata keçirirlər. Əlbəttə,  fermerlərin hamısının bütün aqrotexniki qaydalar haqqında təfərrüatlı bilgiyə sahib olması mümkün deyil. Odur ki bu işdə aqronomların üzərinə böyük məsuliyyət düşür. 
Onlar bir tərəfdən aqrotexniki tədbirlərin aparılması qaydalarını və zamanını yaxşı bilməli, digər tərəfdən isə ziyanverivilər  və onlarla mübarizədə istifadə  edilən preparatlar haqqında ətraflı bilik  sahibi olmalıdırlar. Eyni zamanda aqronomlar yüksək məhsuldarlıq əldə edilməsini istəyirlərsə, öz  üzərlərində işləməli, yenilikəri izləməli, yeni elmi araşdırmalar və onların nəticələri ilə tanış olmalıdırlar”.
Ekspert qeyd etdi ki, aqrotexniki qulluq üçün yüksək kəyfiyyətli preparatlar lazımdır: “Əgər preparatlar kəyfiyyətsiz olarsa, digər aqrotexniki tədbirlər düzgün aparılsa da, istənilən nəticəni əldə etmək mümkün olmur. Nəzərə alaq ki, kütləvi informasiya vasitələrində kənd  təsərrüfatına dair müəyyən məsləhətlər verilir. Bu, təqdirəlayiq haldır, amma bütün sahələri əhatə etmir. 
Eyni zamanda bu sahədə proqamların, yazıların sayı azdır.  Artıq kənd təsərrüfatı ilə əlaqədar ayrıca bir telekanalın fəaliyyətə başlaması haqqında düşünmək lazımdır. Aqrotexniki tədbirlərin keyfiyətinin yüksəldilməsi məsələsinə ölkənin kənd təsərrüfatı ilə əlaqədar olan təhsil müəssisələri, elmi tədqiqat institutları və digər qurumlar da öz töhfələrini vərməlidirlər. Ölkədə müvafiq kadrların hazırlanması və fermerlərin maarifləndirilməsi məsələlərində onların da üzərinə önəmli vəzifələr düşür”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz