Əlaqə Arxiv
news Image
2018.12.17
10:45
| A A A
Azərbaycan Avropanın enerji bazarında mövqelərini daha güclü hala gətirir
Natiq Cəfərli: “Azərbaycandan gedən “Cənub Qaz Dəhlizi” layihəsi Avropa üçün strateji əhəmiyyətə malikdir” Dalğa Xatınoğlu: “Bu, Rusiya ilə Azərbaycana əməkdaşlıq etmək üçün fürsətdir”

Rusiya və Qərb ölkələri arasında “Şimal axını-2” boru kəməri ətrafında ziddiyyətlər artır. Artıq Avropa Parlamenti üzv ölkələrin ərazisində “Şimal axını -2” qaz kəmərinin çəkilişini dayandırmaq barədə qətnamə qəbul edib. ABŞ-ın Nümayəndələr Palatası da sözügedən layihəyə qarşı qətnamə qəbul edib. 

Bu fonda fikirlər səslənir ki, Avropa Azərbaycan qazının qitəyə daha tez çatmasına çalışacaq. İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycandan gedən “Cənub Qaz Dəhlizi” layihəsi Avropa üçün strateji əhəmiyyətə malikdir: “Burada söhbət tək Azərbaycan qazından getmir. Bizim Avropaya satacaq qazıın həcmi o qədər də böyük olmayacaq. 2020-ci ildən sonra 10 milyard kubmetr qaz satmağı planlaşdırırıq. Amma “Cənub Qaz Dəhlizi” layihəsinin həcmi 32 milyard kubmetrdir. Deməli, digər ölkələrin də ora qoşulması imkanları nəzərdən keçirilir. Bu, İraq qazı ola bilər. İraqın şimalında qaz yataqları var. 
Düzdür, İrana sanksiyalar tətbiq olunub. Lakin İran daim sanksiyalar altında qalası deyil. O baxımdan İran qazının da ora qoşulması gündəmə gələcək. Digər maraqlı layihə İsrail qazı ilə bağlıdır. Türkiyə ərazisindən İsrail qazının “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması üçün texniki şərtləndirilmə işləri aparılır. Çox da bahalı layihə olmayacağı deyilir. Bu qazın da qoşulması üçün texniki imkanlar genişdir. Yəni, Azərbaycanın operator olduğu layihə Qərb ölkələri tərəfindən böyük dəstəklə qarşılanır. Lakin “Şimal Axını-2”yə dəstək yoxdur. Əksinə, ABŞ-ın “Şimal Axını-2” layihəsində iştirak edən şirkətlərə sanksiya tətbiq edilməsi ilə bağlı qərarı var. Avropa ölkələri də bu layihənin əksinədir. Yalnız Almaniya konkret qərar verməyib. Çünki, iqtisadi cəhətdən Almaniya üçün sərfəli layihədir. 
Rusiyaya təzyiqlərin nəticəsindən Azərbaycanın layihəsinə dəstək olacaq. Əgər Qərblə Rusiya ilə “Şimal Axını-2” layihəsi çərçivəsində anlaşsa, Rusiyadan tələb edəcəklər ki, “Transxəzər”in çəkilməsinə maneçilik törətməsin. Bu da çox vacibdir. Əgər Türkmənistandan da “Transxəzər” vasitəsi ilə “Cənub Qaz Dəhlizi”nə 12 milyard kubmetr qaz gələcəksə, bu, Qərb üçün əhəmiyyətli mənbəyə çevriləcək. Əgər Rusiya “Transxəzər”ə mane olmasa, “Şimal Axını-2” layihəsində də irəliləyiş ola bilər”.
Enerji məsələləri üzrə iqtiadçı-ekspert Dalğa Xatınoğlu bildirir ki, “Şimal Axını-2” layihəsinə ABŞ tərəfindən sanksiyalar tətbiq edilib: “Lakin “Qazprom” və 5 Avropa şirkəti layihəyə lazım olan sərməyənin 70 faizini yatırıblar. Gələn il də 30 faizi tamamlanacaq. Yəni, layihə inkişaf edib. Ona görə də onun qarşısını almaq çətin olacaq. Azərbaycan isə Avropaya TAP vasitəsi ilə ildə 10 milyard kubmetr qaz verəcək.  Ancaq növbəti 10 ildə TAP-ın genişləndirilməsi nəzərdə tutulub. O zaman TAP-ın tutumu 30 milyard kubmetr olacaq. Lakin genişləndirilmiş TAP yalnız 50 faiz Azərbaycan qazını götürə bilər. Yəni, Azərbaycan TAP-a maksimum 15 milyard kubmetr qaz verə bilər. 5 milyard kubmetr isə üçüncü ölkədən olmalıdır. Burada ən optimal variant Rusiya qazıdır. 
Digər tərəfdən Rusiya “Türk axını” layihəsini 180 kilometr quru sahədə davam etdirərək Bolqarıstan sərhəddinə qədər aparmaq istəyir. Bolqarıstanın kommunikasiya infrastrukturu hətta genişləndirilsə də, 9 milyard kubmetrdən çox qaz keçirtməyi təmin edə bilməyəcək. Əgər “Türk axın-2”nin tutumu 15 milyard 750 milyon kubmetrdirsə, onun hamısını Bolqarıstandan vermək olmayacaq. Əgər bunu etmək istəsələr, 7 milyard dollar lazım gələcək ki, Bolqarıstandan yeni boru kəməri çəksinlər və Serbiyadan keçərək şimala tərəf davam etsin. Yəni, indiki halda ən optimal variant həmin qazın 10 milyard kubmetrini Bolqarıstan vasitəsi ilə şimal tərəfə, 5 milyard kubmetrini  isə TAP-ın genişləndirilməsi layihəsinə verilsin. Beləliklə bu, Rusiya ilə Azərbaycana əməkdaşlıq etmək üçün fürsətdir. 
Düzdür, fikirlər səslənir ki, “Şimal axını” Avropanın enerji təhlükəsizliyinə təhdiddir. Ancaq bu, belə deyil. Ukraynadan ildə 95 milyard kubmetr Rusiya qazı keçirdi. Ukrayna oradan ildə 3 milyard dollar pul qazanırdı. İndi onu qazana bilməyəcək. Təhlükə ancaq budur. Başqa heç nə dəyişən yoxdur. Yalnız ölkələr dəyişir. “Şimal Axını”nın 55 milyard kubmetr tutumu var idisə, o demək deyil ki, Rusiya Avropaya 55 milyard kubmetr artıq qaz vermək istəyir. Sadəcə, Ukrayndan gedən qazı oradan verəcək. “Türk axını-2” də həmin işi görür. Ukraynadan Avropaya gedən qazı “Türk axını-2” ilə göndərəcək”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz