Əlaqə Arxiv
news Image
2018.12.18
07:00
| A A A
Dollar məzənnəsi ətrafında yeni mübahisələr başlanır
Vüqar Bayramov: “Hökumət praktik olaraq, uçot dərəcəsi və məzənnə siyasətinə məsul olsa da belə, Ağ Evin birbaşa FED-ə təsir imkanları yoxdur” Fuad İbrahimli: “Manat dollara nisbətən mövcud səviyyədə qalmaqda davam edəcək”

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini daha artırmayacağına ümid edir, çünki bu, Amerika iqtisadiyyatına ziyan vurur. Tramp bunu "Fox News" telekanalına müsahibəsində deyib: "FED-in daha faiz dərəcəsini qaldırmayacağına ümid edəcəyik". 

ABŞ-da prezidentin belə yanaşması fonunda dolların məzənnəsini nə gözləyir? Dollar digər valyutalar, o cümlədən manat qarşısında ucuzlaşa bilərmi? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, dolların ucuzlaşması baş verməyəcək: “ABŞ prezidenti dolların məzənnəsinin ucuzlaşmasında maraqlıdır. Ancaq FED fərqli düşünür, onlar bahalaşmada maraqlıdırlar. Bu kontekstdə FED-lə ABŞ-ın Prezident adminstrasiyası arasında fikir ayrılığı var. 
FED uçot dərəcəsinin praktik olaraq, Amerikanın iqtisadi göstəricilərinə uyğunlaşdırılmasını istəyir. Ağ Ev isə ucuz dolların olmasını daha çox istəyir. Ağ Evin arqumenti odur ki, dolların ucuzlaşması nəticə etibarı ilə ABŞ-ın ixrac imkanlarını artıracaq. Ancaq onu da unutmayaq ki, ABŞ-da FED müstəqil qurumdur. Hökumət praktik olaraq uçot dərəcəsi və məzənnə siyasətinə məsul olsa da belə, Ağ Evin birbaşa FED-ə təsir imkanları yoxdur. Son proseslər göstərir ki, FED uçot drəcəsini 0,25 faiz artırmaqda maraqlıdır. Lakin bu, o anlama gəlmir ki, qurum birmənalı şəkildə uçot dərəcəsinin qaldırılması barədə qərar verəcək. Amma sorğunun nəticələrinə uyğun olaraq bu addımı atmaqda israrlı görünərsə, o zaman təbii ki, uçot dərəcəsinin artımını müşahidə edə bilərik. ABŞ prezidentilə FED arasındakı fikir ayrılığı isə güman olunur ki, qurumun son yığıncağına qədər qalacaq. Ağ Ev FED-ə təsir etməyə çalışsa da, Tramp adminstrasiyasının ona təsir imkanları güclü deyil. Lakin FED uçot dərəcəsini artırmazsa, bu halda da dolların digər valyutalarla müqayisədə ucuzlaşmasını müşahidə etməyəcəyik. Dolların ucuzlaşması ehtimalı olduqca azdır”. 
İqtisadçı-ekspert Fuad İbrahimli qeyd etdi ki, manat bütün hallarda dollara nisbətən mövcud səviyyəsini qoruyub saxlayacaq: “ABŞ-ın siyasəti elə qurulub ki, prezident uçot dərəcəsinin yumşaldılmasında maraqlı olur, ancaq FED tamamilə fərqli müstəvidə fəaliyyət göstərir. Çünki FED müstəqil qurum olduğundan hökumətin mövqeyinin tamamilə əksinə olan qərar da qəbul edə bilər. Hər bir halda uçot dərəcəsinin azalması və yaxud artırılmasına baxmayaraq, ABŞ dolları dünya bazarında müvafiq olaraq öz reaksiyasını verəcək. Amma ümumiyyətlə, ABŞ hökumətinin dollarla bağlı prioritet siyasəti məzənnənin yumşaldılması, zəiflədilməsi istiqamətinə üstünlük verməkdən ibarətdir. 


Çünki makroiqtisadi tarazlığın bərqərar olduğu ölkələrdə milli valyutanın ucuzlaşmasına getmək sağlam düşüncədir. Ona görə ki, bu vəziyyət daha çox yerli istehsalı və ixrac potensialını stimullaşdırır. İqtisadi tarazlığın olmadığı halda isə valyutanın ucuzlaşdırılması fəsadlarla üzləşir. Bu nöqteyi-nəzərdən də Tramp adminstrasiyası dolların ucuzlaşdırılması siyasətinə üstünlük verir. Ancaq dünya birjalarında gedən ticarət platformalarında aparılan əməliyyatlar da dolların məzənnəsinə xüsusi alət kimi təsir edir. 
Bir iqtisadçı kimi düşünürəm ki, yol ilk növbədə dolların ucuzlaşması istiqamətində götürüləcək. Dolların məzənnəsinin bu fonda manata qarşı mövqeyinə gəldikdə, onu qeyd edim ki, ABŞ pulu digər valyutalara nisbətən öz mövqeyini itirsə də, Azərbaycanın milli valyutası mövcud səviyyədə qalmaqda davam edəcək. Mərkəzi Bankın siyasəti hələlik məzənnəni indiki vəziyyətdə saxlamağa hesablanıb. Bu hal hazırda milli valyutamız üçün prioritet hesab edilir. Həmin fonda da iqtisadiyyatımız sağlam müstəvidə davam edəcək”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz