news Image
2013.04.25
17:37
| A A A
Ciyərlərə düşməyən paytaxt havası
Adil Qeybulla: «Bakı kimi tikinti gedən şəhərlərdə həddindən artıq tozun, tüstünün havaya buraxilması müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər» Fəridə Hüseynova: «Havanın çirklənməsinə tıxaclara səbəb olan şəxsi avtomobillər birbaşa təsir göstərir»

Bu gün dünya miqyasında özünü göstərən ən aktual problemlərdən biri də havanın müxtəlif yol və vasitələrlə çirklənməsidir. Belə halın ən böyük fəsadlarından biri də insan səhhətinə mənfi təsir göstərməsi, ömrün qısaldılmasına yol açmasıdır. Qeyd edilən problem paytaxt Bakı üçün də xarakterikdir.

Bununla bağlı Mövqe.az-a açıqlamasında professor Adil Qeybulla qeyd edib ki, atmosfer çirklənməsi xərçəng, bronxit və başqa onkoloji xəstəliklərin yaranmasına səbəb olur: "Dünyanın hər yerində atmosferin çirklənməsinin müəyyən parametrləri var. Atmosfer havasının hər kubmetrində olan bezofren törəmələri var. Bu cür maddələrin xərçəng əmələ gətirilməsi sübuta yetirilmişdir. Bundan başqa Bakı kimi tikinti gedən şəhərlərdə həddindən artıq tozun, tüstünün havaya buraxilması müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da müxtəlif bronxial xəstəliklər yarada bilər. Bu gün Bakıda Avropa standartlarına cavab verməyən xeyli dərəcədə avtomobil var. Avtomobildə istifadə olunan qazlar çox zərərlidir. Avtomobillərin arxa hissəsindən qara tüstü çıxır. O cür tüstü ilə avtomobilin idarə olunması yolverilməzdir. Həmin tüstü atmosferi xeyli dərəcədə çirkləndirir. Tıxaclar olan zaman insanlar havaya buraxılan o cür qazların iyi ilə nəfəs almağa məhkum qalırlar. Atmosfer çirklənməsinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Bakıda yaşıllıq kifayət qədər deyil. Biz yaşıllıqları artırmalıyıq. Onların məhvinə, kəsilməsinə icazə verməməliyik. Həmçinin havaya zəhərləyici qazlar buraxan avtomobillərin istifadəsi qadağan olunmalıdır. Bu tədbirlər görülməsə, onkoloji xəstəliklərin sayı günü-gündən artacaq...

Atmosferə atılan neft yanması məhsulları da xərçəng törədən maddələrdir. 1 kubmetr havada 1 noloqram benzofren törəməsi varsa, bu, artıq 100 nəfərdən 20-də ağ ciyər xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu, artıq ciddi şəkildə sübuta yetirilmiş statistikadır".

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynova isə havanın çirklənməsinə səbəbkar olan əsas vasitlərdən danışıb : "Atmosferin çirklənməsi nəqliyyatın çox olması ilə bağlıdır. Havanın çirklənməsinə tıxaclara səbəb olan şəxsi avtomobillər birbaşa təsir göstərir. Əksər sürücülər tıxaca düşdükdə avtomobillərini söndürmürlər. Çalışırlar ki, maşın işlək vəziyyətdə qalsın və bir balaca hərəkət olan zaman onlar hamıdan tez tıxacdan canlarını qurtara bilsinlər. Təbii ki, yaşayış məntəqələri ətrafında baş verən bu proseslər insanların səhhətinə birbaşa təsir edir və xəstəliklərin artmasına, yaranmasına səbəb olur. Mənzillərdə yaşayan insanlar heç pəncərələri belə aça bilmirlər. Məcbur qalıb pəncərəni açan zaman da insanlar çirkli hava ilə nəfəs almağa məcbur olurlar.

Şəhər daxilində şəxsi nəqliyyatı azaltmaq lazımdır. Şəhərin daha çox tıxac olan yerlərində avtomobillər üçün girişi ödənişli etmək lazımdır. O zaman insanlar maşınlarını kənar yerlərdə qoyub, şəhərin mərkəzində ictimai nəqliyyatdan istifadə etməli olarlar. Bu zaman tıxaclar da azalar, hava da az çirklənər. Şəxsi nəqliyyat bir adamı mənzil başına çatdırana kimi 20 insanı zəhərləyə bilir. İctimai nəqliyyat 40-50 nəfər aparır. Onun tullantı qazı sadəcə avtomobillərdən 1-2 dəfə çox olur. Elektriklə işləyən nəqliyyatlar isə ekoloji cəhətdən ən sərf edən nəqliyyat vasitələri idi. Çox təssüflər ki, onları ləğv etdilər. Avtomobil nəqliyyatı benzinlə işlədiyinə görə çox ziyanlıdır".