news Image
2019.01.09
09:30
| A A A
Dollar ucuzlaşması yenidən gündəmdə
Samir Əliyev: “Bahalı dollar Amerika iqtisadiyyatı üçün narahatlıq yaradır, ölkənin ixrac prosesinə çətinliklər gətirir” Cəfər İbrahimli: “Cari il üçün də Mərkəzi Bank manatın məzənnəsini sabit saxlamağa çalışacaq”

ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs” ABŞ dollarının ucuzlaşa biləcəyini ehtimal edir.“Goldman" təhlilçiləri hesab edir ki. Federal Ehtiyatlar Sisteminin(FED) rəhbəri Cerom Pauellin açıqlamaları Mərkəzi Bankın faiz artımlarına ara verəcəyi ehtimalını gücləndirir. Onların fikrincə, faiz artımlarına fasilə veriləcəyi təqdirdə dolların dəyərdən düşmə ehtimalı güclənir. Bu hal mümkündürmü və belə vəziyyət dollar-manat nisbətinə nə vəd edir? 

İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, əslində, bahalı dollar ABŞ iqtisadiyyatı üçün çətinliklər yaradır: “Bildiyiniz kimi, Federal Ehtiyatlar Sistemi 2018-ci ildə uçot dərəcəsini 4 dəfə qaldırıb. Cari il üçün də uçot dərəcəsini 2 dəfə qaldıracağı gözlənilir. Amma son zamanlar bu məsələ ilə bağlı müəyyən suallar yarandı. 
Digər tərəfdən də, ABŞ-ın Prezident Adminstrasiyası FED-ə uçot dərəcəsini qaldırmamaqla bağlı təzyiqlər göstərir. Bahalı dolların özü də Amerika iqtisadiyyatı üçün narahatlıq yaradır. Bu ölkənin ixrac prosesinə çətinliklər gətirir. Sözsüz ki, FED-in son qərarının necə olacağını deyə bilmərik. Onun hansı addım atacağını zaman göstərəcək. Belə hal baş verdiyi təqdirdə onun manata təsirinə gəldikdə, Azərbaycan milli valyutasının məzənnəsində əsas barometr rolunda dünya bazarında neftin qiyməti oynayır. Neftin qiyməti aşağı düşməyəcəyi təqdirdə, heç olmasa, indiki səviyyədə qalacaqsa, FED-in uçot dərəcəsini qaldırmasının manata elə bir təsiri olmayacaq. 
Əslində, FED-in uçot dərəcəsini qaldırmasının heç zaman manata birbaşa təsirləri olmayıb. Olanda bu təsirlər ancaq dolayı olur. Yəni FED uçot dərəcəsini qaldıranda dollar möhkəmlənir. Bu da öz növbəsində neftin ucuzlaşmasına gətirib çıxarır. O isə öz növbəsində manata təsir göstərir. Bu il ərzində FED uçot dərəcəsinji qaldırsa, dollar möhkəmlənsə, amma neft bazarında ucuzlaşma olmayacaqsa, prosesin manata elə bir təsiri olmayacaq. Yəni. manatın məzənnəsi məsələsini hər zaman dünya bazarında neftin dəyişən qiymətlərində axtarmalıyıq”. 
«PSJ Kapital Menecment» İnvestisiya şirkətinin direktor müavini Cəfər İbrahimlinin fikrincə, FED-in faiz artımlarına fasilə verməsinin baş verəcəyi təqdirdə belə, manat dollara nisbətən sabit qalmaqda davam edəcək: “Son proseslər fonunda əslində,  dolların bahalaşması müşahidə edilir. Bu fonda FED uçot dərəcəsinin artırılması tendensiyasına ara verəcəksə, deməli, Amerika iqtisadiyyatının daha da sürətlə böyüməsini stimullaşdıracaq. Belə vəziyyət isə ABŞ dollarının dəyər qazanmasına səbəb ola bilər. Amma digər baxış da ondan ibarətdir ki, FED faiz dərəcəsini artırmayacaqsa, deməli, ölkə iqtisadiyyatında ciddi problemlər var. Yəni, bunu gördüyü üçün faiz artımına getməyəcəklər. 
Görünür,  “Goldman Sachs” investisiya bankı da buna əsaslanaraq düşünür ki, FED faizi artırmamaqla Amerika iqtisadiyyatında hansısa problemlərin mövcud olduğunu görüb. Bu əsasda da qeyd edirlər ki, yaranmış vəziyyətdə Amerika iqtisadiyyatı bir qədər zəifləyəcək və bu da dolların dəyərdən düşməsinə gətirib çıxaracaq. Manata gəldikdə, dollarla müqayisədə onun mövqeyinin sabit saxlanılmaqda davam ediləcəyi proqnozlaşdırılır. Ən azından, belə görünür ki, cari il üçün də Mərkəzi Bank manatın məzənnəsini sabit saxlamağa çalışacaq. Keçən il Neft Fondu da bazara kifayət qədər valyuta satıb və büdcəyə transfer edib. Bu mənada Azərbaycanın idxala və valyutaya olan tələbinin hələlik Neft Fondu üzərindən qarşılanacağı gözlənilir. Daxili imkanlar hesabına hələlik manata ciddi təzyiqlər olmayacaq. Çünki rezervlərimiz yetərli qədərdir”.
Rüfət NADİROĞLU