Əlaqə Arxiv
news Image
2019.01.09
09:40
| A A A
Manatın arxasında güclü iqtisadiyyat durur
Bu il milli valyutanın taleyində hər hansı təbəddülatın baş verməsi gözlənilmir

Müxtəlif sahələrdə qlobal miqyasda baş qaldırmış problemlər 2019-cu ildə də müşahidə edilir. Dünyanın bütün regionlarında ciddi sosial, iqtisadi, hərbi, maliyyə və ekoloji çətinliklər yaşanır. Rusiya, Türkiyə, İran kimi qonşu və ticarət tərəfdaşı olan ölkələrin valyutalarının ucuzlaşmasına baxmayaraq, Azərbaycan manatını belə təhlükə gözləmir. Düzdür, ara-sıra üçüncü devalvasiya haqda kimlərsə nələrsə deyir. Bəzi iqtisadçı ekspertlər bu il bu sahədə gərginlik yaşanacağını  istisna etmirlər. Lakin bunların əsası yoxdur. 

Avropa kimi inkişaf etmiş bir məkanda maliyyə və siyasi böhran ara vermir. Yaxın zamanlara qədər ən sanballı hesab edilən ölkələrin, perspektivli iqtisadiyyat hesab edilən Çin iqtisadiyyatı ağır məsələlər qarşısında qalıb. Rusiya kimi böyük bir dövlətin milli valyutası və iqtisadiyyatı tənəzzüldən yaxa qurtara bilmir. Təbii ki, bu proses müəyyən mənada Azərbaycana da təsirsiz ötüşmür. Çünki, bizim iqtisadiyyat dünya iqtisadi əməkdaşlığının bir parçasıdır. Lakin bütövlükdə bu təsir cüzi olduğundan o qədər də hiss olunmur. Çünki, əksər dövlətlərdən fərqli olaraq, Azərbaycan öz iqtisadiyyatını  düşünülmüş planlar əsasında inkişaf etdirir və öz valyutasının dəyərini yeni iqtisadi şərtlərdə qorumağı bacarır. 
Cənubi Qafqazın iki ölkəsi - Ermənistan və Gürcüstanın vəziyyəti ilə bağlı isə müsbət heç bir şey demək mümkün deyil. Onların milli valyutaları -  erməni dramı və gürcü larisi manata nisbətən xeyli dəyərsizləşib və bu, indi də qalmaqdadır. Bu valyutaların gələcək taleyi xeyli dərəcədə manatdan asılıdır.
Prezident İlham Əliyev ölkədəki iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi   müşavirələrdə həmişə əsaslı olaraq qeyd edib ki, manat sabit valyutadır. Ölkə rəhbəri kifayət qədər qətiyyətlə islahatları davam etdirir və əhalinin rifahını yaxşılaşdıracaq proqramları reallaşdırır. Sosial layihələr dəqiqliklə icra olunur. 
Dövlət başçısı dəfələrlə vurğulayıb ki, ölkənin inkişafında əhalinin iştirakı həlledici əhəmiyyətə malikdir. Hakimiyyətlə yanaşı, vətəndaşlar da islahatlar prosesində aktiv iştirak etməlidirlər: “...Ona görə indiki şəraitdə biz milli valyutamıza olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq”. 
Qeyri-neft sektorunda baş verən artımın neft sektorunu üstələməsi və sənayedə artım tempinin 5 dəfədən çox olması milli valyutanın çevikliyini işlənmə əmsalını yüksəldib. İqtisadi islahat prosesində  dövlət gəlirlərinin real sektora cəlb edilməsi daxili mənbələrdə ciddi artıma səbəb olub. Bu da öz növbəsin bir çox sektorların dirçəlməsinə rəvac verib. Məsələn, inşaat sektorunda böyük canlanma yaranıb. BVF-nin hesabatında göstərilir ki, Azərbaycanda balanslı və dayanıqlı iqtisadiyyat bərpa olunub və yaxın gələcəkdə mühüm iqtisadi artımların olacağı istisna edilmir. Mütəxəssislərin fikrincə, bütün bu amillərin manatın valyuta kimi dəyərinə müsbət təsir göstərib və əhalinin ona olan inamını gücləndirib. Bu gün Azərbaycan manatının kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Azərbaycanın mövcud valyuta ehtiyatları və ölkənin bütövlükdə maliyyə dayanaqlığı elə bir səviyyədədir ki, buradan hər hansı bir kəskin devalvasiyaya yol yoxdur. Kimlərsə neftin qiymətlərinin son iki ayda bir qədər azalmasını əlində bayraq edərək manatı bununla “təhlükəyə” atmağa çalışırsa, bunun da heç bir əsası yoxdur. Milli Məclisin  2019-cu il üçün qəbul etdiyi dövlət büdcəsi və bu büdcəni müşayiət edən vergi islahatları zərfi bu il də Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradıb. İslahatlar paketində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən və bu sahədə həm daxili,  həm də xarici investorlara olduqca cəlbedici investisiya mühiti yaradan addımların növbəti ildə ölkə iqtisadiyyatına daxili və xarici mənbələr hesabına ciddi yatrımlar üçün geniş meydan açıb.
N.NOVRUZ

Sizin Reklam Yeriniz