Əlaqə Arxiv
news Image
2019.01.10
07:00
| A A A
İpoteka krediti hesabına mənzil almaq daha sərfəli olacaq
Rəşad Əliyev: “İpoteka faizləri ümumi faiz dərəcələrindən aşağıdır, ancaq yenə də çox görünür” Natiq Cəfərli: “Faizlərdə müəyyən azalmaları gözləmək mümkündür”

Məlumdur ki, İpoteka və Kredit Zəmanət Fondunun xəttilə ipoteka kreditləşməsi əhali arasında getdikcə böyük populyarlıq qazanır. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətdə olduğu 2006-2018-ci illər ərzində dövlət xətti ilə 1,2 mlrd. manat ipoteka krediti verilib. Bu illərdə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 000-ə çatıb. Amma fikirlər səslənir ki, bu kreditləşmədən daha çox insanın istifadə etməsi üçün həm ayrılan məbləğ artırılmalı, həm də faiz dərəcələrəi azaldılmalıdır. 

“Value and Sources” konsaltinq şirkətinin sədri Rəşad Əliyev bildirdi ki, ipoteka məsələsində əvvəllər əsas problem ayrılmış vəsaitin məbləği ilə bağlı idi: “Ancaq artıq ən böyük problem faiz dərəcəsidir. Düzdür, Mərkəzi Bankın uçot dərəcəsinə, ümumi kredit faizlərinə baxdıqa ipoteka kreditlərinin faziləri aşağı və cəlbedici görünür. Lakin nəzərə almaq lazımdır ki, ipoteka kreditləşməsi üçün bu səviyyə yüksəkdir. 
Avropa ölkələrində də ipotek kredit faiz dərəcələri kifayət qədər aşağıdır. Ona görə də gələcəkdə də əsas problem məhz faiz dərəcələri ilə bağlı olacaq. Hansısa formada onun aşağı salınması istiqamətində addımlar atılmalıdır. Buna ehtiyac var. Nəzərə almaq lazımdır ki, faiz dərəcələri iqtisadi reallıqlara uyğun olarq formalaşır. Düzdür, ipoteka faizləri ümumi faiz dərəcələrindən aşağıdır, ancaq yenə də çox görünür”.
Ekspert əlavə etdi ki, vətəndaş ipoteka kreditindən yararlanmaq üçün müəyyən şərtləri ödəməlidir: “İş yerindən arayış, müvafiq gəlirləri olmalıdır. Sadəcə, faiz dərəcəsinin yuxarı olması əlçatanlığı çətinləşdirir. İpoteka kreditlərinin faiz dərcəsi aşağı düşərsə, tələbatın xeyli artımı baş verəcək”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyəti ilə bağlı dövlət dəstəyi artdıqca ayrılan vəsaitlərin həcmi artır, faizlərdə dəyişiklər baş verir, həm də növbələr azalır: “Ötən il İpoteka və Kredit Zəmanət Fonduna  əlavə 200 milyon manat vəsait yönəldilmişdi. Bununla da əsasən də gənc ailələrin mənzilə çıxş imkanları artmışdı. Bu il də təxminən bir o qədər vəsaitin yönəldilməsi gözlənilir. Amma bir məsələ var ki, verilmiş kreditlərin geri dönüşü hesabına Fonda daxil olan vəsaitlərin həcminin artması gözlənilir. Bu proqnozlar özünü doğruldacaqsa, həm faizlərin aşağı düşməsi, həm də vəsaitlərin artırılması ilə bağlı pozitiv qərarlar verilə bilər. 
Əgər birinci rübün nəticələrinə görə, ödənişlər artarsa, daha çox insanların kreditə çıxışı təmin edilməsi üçün vəsaitlər də artırıla bilər. Faiz dərəcələrinə gəldikdə isə qanunverciliyə görə, İpoteka və Kredit Zəmanət Fondunun özü də qərar verə bilər. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə də mümkündür. Uzun zamandır manatın məzənnəsinin sabit olmasını və Mərkəzi Bankın uçot dərəcəsinin 10 faizdən aşağı düşdüyünü nəzərə alsaq, faizlərdə müəyyən azalmaları gözləmək mümkündür. İlk rübün nəticələrindən sonra daha dəqiq fikir bildirmək olacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz