Əlaqə Arxiv
news Image
2019.01.10
09:00
| A A A
Taxıl idxalına son qoyula bilər, əgər…
Qadir Bayramlı: “Ölkənin taxıla olan ehtiyacının yerli istehsal hesabına ödənilməsi iqtisadi baxımdan ən əhəmiyyətli məsələlərdən biridir”

Məlumdur ki, son illər kənd təsərrüfatının inkişafı istiqamətində ciddi addımlar atılır. Bu fonda artıq sahənin müxtəlif sektorunda irəliləyişlər əldə edilib. 

Bütövlükdə ötən il Azərbaycanda aqrar sektor 7% böyüyüb. Lakin müəyyən sektorlar var ki, ləngimələr hələ də qalmaqdadır. Məsələn, taxıl idxalından asılılığına son qoya bilməmişik. İqtisadçı-ekspert Qadir Bayramlı bildirir ki, ölkənin taxıla olan ehtiyacının yerli istehsal hesabına ödənilməsi  iqtisadi baxımdan ən əhəmiyyətli məsələlərdən biridir: “Lakin təəssüf ki, bu strateji məhsula olan ehtiyacın əhəmiyyətli bir hissəsi hələ də idxal hesabına  ödənir. 2016-cı ildə ölkəyə 1.6 milyon  , 2017-ci ildə isə 1.2 milyon taxıl idxal edilib. Rəsmi məlumatlara görə, ölkədə taxıla olan ehtiyacın 70%-i yerli istehsal hesabına ödənilir. Ancaq ölkə hər il ən az 1 milyon taxıl idxal edirsə, bunun özü də böyük rəqəmdir.  Bəs, vəziyyətin düzəlməsi üçün nə etməliyik? Bu sahədə bir sıra problemlərin həll edilməsi lazımdır. 
Əvvəla, təxminən 3  milyon ton taxıl istehsal etdiyimiz halda 1 milyon tondan çox taxılı niyə idxal edirik? Ölkədə istehsal olunan taxılın təxminən üçdə ikisini buğda təşkil edir. Amma təəssüf olsun ki, həmin buğdanın xeyli hissəsi  heyvan yemi olaraq istifadə edilməkdədir. Azərbaycanda istehsal olunan buğda əsasən sərt buğda növüdür. Bu baxımdan da mövcud böyük dəyirmanlar həmin buğdanı üyütmür. Odur ki, unu xaricdən alınan yumşaq buğdadan əldə edir. Əvvəllər ölkənin demək olar ki,  bütün rayonlarında yerli buğdanı üyüdən dəyirmanlar var idi. Sonradan onların fəaliyyəti dayandırıldı. Əgər rayonlarımızda yerli buğdanı üyüdən dəyirmanlar işə salınar və onların sayı kifayət qədər olarsa, yerli buğda hesabına un istehsalı artar. Bununla da daha az buğda idxal edərik. O baxımdan kiçik və orta sahibkarlara dəyirman quurulması və istismarı sahəsində kömək göstərilməlidir. Digər tərəfdən ölkədə yumşaq buğda istehsalının artırılması da idxalın azaldılmasında mühüm rol  oynaya bilər”. 
Ekspert əlavə etdi ki, ölkədə taxılçılıq diqqət mərkəzində saxlanmalı, fermerlərə daha uzun müddətə və daha aşağı faizlə kreditlər verilməlidir: “Bundan başqa, kredit məsələsində tam şəffaflıq təmin edilməli, kənd təsərrüfatı texnikası, yanacaq, gübrə və digər materialların təminatında  əhəmiyyətli güzəştlər edilməldir. Aran rayonlarında su təminatı yaxşılaşdırılmalı, aqrar sığortanın tətbiqi prosesi sürətləndirilməlidir. Ən əhəmiyyətli məsələlərdən biri də keyfiyyətli toxumla təminat məsələsidir. Çünki toxumun keyfiyyəti məhsuldarlığa birbaşa təsir göstərən faktorlardan biridir. Nəzərə alaq ki, fermerlər çox zaman keyfiyyətli toxum tapmaqda çətinlik çəkirlər. Odur ki, toxumçuluq təsərrüfatlarının sayı artırılmalı, bu sahədə fəaliyyət göstərən müvafiq elmi–tədqiqat qurumlarının işi canlandırılmalıdır”.
Qadir Bayramlı onu da qeyd etdi ki, ölkədə  peşəkar aqronomların kifayət qədər olmaması və olanların  potensilından tam istifadə edilməməsi digər bir ciddi problemdir: “Ən əhəmiyyətli məsələlərdən biri də aqrotexniki qulluqla əlaqədardır. Bu sahədə də maarifləndirmə işlərinə ehtiyac vardır. Bütün bu  məsələlərin həlli buğda idxalının azalmasında əhəmiyyətli rol oynaya bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz