Əlaqə Arxiv
news Image
2019.01.10
09:40
| A A A
Yerli avtomobillərə böyük tələb yaranır
Azər Allahverənov: “İdxal avtomobillərindəki qiymət artımı insanları məhz yerli nəqliyyat vasitəsi almaqla bağlı qərarlar verməyə sövq edə bilər”

Keçən ilin sonlarından başlayaraq Azərbaycanın avtomobil bazarında bahalaşma tendensiyası müşahidə edilir.  Cari ilin ilk günündən ölkəyə idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Rüsumların artırılması isə bazarda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Nəticədə bütün avtomobillərdə bahalaşma baş verib. 

Satıcılar da rüsumların artmasından sonra yeni gətirilən maşınların qiymətində əhəmiyyətli dərəcədə qiymət artımının baş verdiyini söyləyirlər. Bahalaşma həmçinin özünü köhnə avtomobillərdə də göstərir. İdxal olunan avtomobillərin qiymət artımı fonunda istər-istəməz həmin məhsulun daxildə daha geniş çeşiddə istehsalı məsələsi gündəmə gəlir. Çünki, sözügedən bahalaşma daha ucuz başa gələn yerli avtomobillərə marağı artıra bilər. Qeydə alınan bahalaşma fonunda yerli avtomobillərə tələb arta bilərmi?
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun fikrincə, idxal avtomobillərinin qiymətində baş verən bahalaşma insanları məhz yerli istehsal avtomobillərini alamğa sövq edə bilər. Ancaq bir şərtlə ki, yerli nəqliyyat vasitələri keyfiyyət göstəricisinə cavab versin: “Yanvarın 1-dən tətbiq olunan yeni rüsumlar, ondan bir qədər əvvəl isə aksiz vergilərinin tətbiq edilməsi şübhəsiz ki, ölkəyə idxal olunan avtomobillərin qiymətinin kəskin artmasına gətirib çıxarır. Nəticə etibarı ilə yerli bazarda satışa çıxarılan ikinci əl avtomobillərin də qiymətində təbii ki, bahalaşma baş verir. Bu qiymət artımı fonunda istehlakçılar təbii ki, daha optimal yollar axtarmağa çalışır. Bu optimal yollardan biri də yerli maşınqayırma sənayesinin istehsal etdiyi avtomobillərin alınmasıdır. Çünki daha yeni avtomobil almaq istəyən insan çox da məsrəfə getmədən bu istəyini yalnız daxili zavodlarda istehsal edilən minik vasitəsini almaqla həyata keçirə bilər. Nəinki ondan iki dəfə baha, amma istehsal ili çox olan xarici avtomobili almaq. 
Sözsüz ki, kəskin qiymət fərqi məhz bu kimi qərarlar verməyə səbəb  ola bilər. Amma bu addımın atılmasına stimul yaratmaq üçün başqa bir şərt də vacib məsələdir. 
Yerli istehsallı avtomobillər keyfiyyət baxımından rəqabətə dözümlü olmalıdır. Bu rəqabətə dözümlü olmadıqda, bir neçə ildən sonra yerli avtomobilin keyfiyyətində nasazlıq yarandıqda, təbii ki, insanlar daha artıq vəsait ödəməklə istehsal ili çox olan xarici avtomobili almağa üstünlük verə bilər. Ən azından bu gün bazarda ikinci əl avtomobillərin sayı da kifayət qədərdir. Məsələn, 2000-ci il istehsalı olan “Mersedes”i almağa daha çox üstünlük verərlər, nəinki 2018-ci ildə yerli zavodda istehsal olunan, ancaq keyfiyyət göstəricisi axsayan avtomobili almağa. Baxmayaraq ki, istehsal tarixi arasında fərq olduqca böyükdür - 18 il. Məhz keyfiyyət, komfortluq məsələsinə xüsusi diqqət ayırmalıyıq. Bu prosesdə idxal olunan avtomobillərdən heç də geri qalmamalıyıq. 
Həmçinin, yerli avtomobil istehsalçıları üçün xüsusi güzəşt sistemləri tətbiq olunarsa, bu amilin özü də alıcını indiki halda daxildə istehsal edilən nəqliyyat vasitəsini almağa meylləndirəcək. Yəni bir çox məsələlər var ki, onların həlli indiki situasiyada yerli avtomobil istehsalının canlanmasına stimul yarada bilər. İstənilən halda avtomobil istehsal edən yerli zavodlar istehsalı artırmaq üçün idxal edilən avtomobillərin qiymətinin bahalaşmasını gözləməli deyillər. Yəni, öz missiyalarını bununla tənzimləməli deyillər. Heç bunu gözləmədən belə keyfiyyət üzərində çalışmalı, böyük vəsaitlərə ehtiyac olsa da, ilk növbədə avtomobilin keyfiyyəti məsələsinə diqqət ayırmalıdırlar”.
Rüfət NADİROĞLU
 

Sizin Reklam Yeriniz