news Image
2019.01.11
08:00
| A A A
Neft qiyməti ətrafında yeni oyunlar
Dalğa Xatınoğlu: “İlin birinci yarısında neftin qiymətinin 70 dollardan yüksək olması proqnozlaşdırılır” Fuad Rəsulov: “Hazırda neft bazarında böyük qeyri-müəyyənliklər var”

Müəyyən ucuzlaşmadan sonra neftin qiymətində yenidən  bahalaşma müşahidə edilir. Belə ki, qısa bir zaman ərzində 85 dollardan 55 dollara qədər ucuzlaşan “Brent” markalı xam neftin qiyməti 60 dollar/barelə yüksəlib. Ekspertlərin fikrincə, qiymətlərin hansı istiqamətdə dəyişəcəyini proqnozlaşdırmaq çətindir.  

Enerji məsələləri üzrə ekspert Dalğa Xatınoğlu bildirdi ki, Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıb: “2019-cu ildə “Brent” markalı neftin qiymətini 67 dollar nəzərdə tutub. Hazırda isə “Brent” markalı neftin qiyməti 60 dollardır. Lakin bu, o demək deyil ki, ilin bütün dövründə 67 dollar olacaq. İlin birinci yarısında neftin qiymətinin daha yüksək olacağı proqnozlaşdırılır.  
Nəzərə alaq ki, OPEK+ dövlətlərinin hasilatın azaldılması ilə bağlı razılaşmaları var. Yanvarın birindən ilin yarısına qədər OPEK+ ölkələri neft hasilatlarını sutkalıq 1.2 milyon barrel azaldacaqlar. Odur ki, ilin birinci yarısında neftin qiymətinin 70 dollardan yüksək olması proqnozlaşdırılır. Amma 2019-cu ilin ikinci yarısında ABŞ, Kanadanın və digər ölkələrin neft istehsalının yüksək templə artması gözlənilir. Bu baxımdan iyundan sonra neftin qiyməti nisbətən aşağı düşəcək. Lakin bu proqnozlara çox da əmin olmaq olmaz. Nəzərə alaq ki, Dünya Bankı bir neçə ay bundan əvvəl 70 dollar proqnozu vermişdi”.
Enerji məsələləri üzrə digər iqtisadsçı-ekspert Fuad Rəsulov bildirdi ki, neftin qiymətləri ilə bağlı müxtəlif mənbələrdən müxtəlif informasiyalar gəlir: “Məsələn, Rusiya proqnozlaşdırır ki, 2019-ci ildə neftin qiyməti 75 dollar ətrafında formalaşcaq. Rusiyanın iri neft şirkətləri də öz planlarında bu qiyməti nəzərdə tutublar. Ancaq heç kim dünya bazarında neftin qiymətlərinin belə kəskin şəkildə düşəcəyini gözləmirdi. 
Siyasi amillərə görə iqtisadi proqnozlar vermək çətinləşib. Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etdi. Halbuki, bu gözlənilmirdi. Çünki Avropa İttifaqı ABŞ-a etiraz edirdi. İranın neftini alacağını və onunla əməkdaşlıq edəcəyini deyirdi. Yəni, hazırda neft bazarında böyük qeyri-müəyyənliklər var. Ancaq 2019-ci ildə dünya bazarında neftin qiyməti 60-70 dollar intervalında formalaşacaq”.
Mübariz BAYRAMOV