Əlaqə Arxiv
news Image
2019.01.12
08:00
| A A A
Azərbaycan və Türkiyə sənaye sahəsində birgə istehsala start verir
Fikrət Yusifov: “Azərbaycanla Türkiyənin bəzi məhsulların birgə istehsalının təşkil edilməsinə dair razılığın əldə olunması iki ölkə arasında əməkdaşlığın yeni bir pəncərəsinin açılması deməkdir” Natiq Cəfərli: “Elmtutumlu sahədə əməkdaşlıq hər iki ölkə üçün yaxşı göstəricidir”

Azərbaycan və Türkiyənin elmi müəssisələri birlikdə sənayenin müxtəlif sahələrində tətbiq edilə bilən qeydedicilər hazırlayacaqlar. Bu barədə razılıq AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi, Radiasiya Problemləri İnstitutu və Türkiyənin Abant İzzet Baysal Universitetinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi arasında əldə edilib. 

Strateji Elmi Tədqiqatlar Mərkəzinin Nüvə Radiasiya Detektorlarının Tətbiqi və Araşdırma Mərkəzi ilə birgə yeni silisium əsaslı PİN fotodiodların, alfa zərrəcik və termal neytron detektorlarının hazırlanmasına dair razılıq əldə olunub. Bildirilib ki, bu tip qeydedicilər dozimetrlərdə, spektroskopiyada, aşağı və yüksək enerjilər fizikasında, təhlükəsizlik və sənayenin müxtəlif sahələrində tətbiq ediləcək. İqtisadçıların sözlərinə görə, Azərbaycan və Türkiyənin sənaye sahələri üçün birgə məhsullar hazırlanması qarşılıqlı iqtisadi əlaqələri daha da dərinləşdirəcək. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, Azərbaycanla Türkiyənin bəzi məhsulların birgə istehsalının təşkil edilməsinə dair razılığın əldə olunması iki ölkə arasında əməkdaşlığın yeni bir pəncərəsinin açılması deməkdir: “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının indiki mərhəlləsində biz türk qardaşlarımızla mümkün olabiləcək bütün sahələrdə əməkdaşlıq etməyə üstünlük verməliyik. Bu cür əməkdaşlıq bizi bir-birimizə daha da yaxınlaşdıracaq. Bu isə dünya siyasi müstəvisində son dönəmlərdə bizə və qardaş ölkəyə qarşı tətbiq edilən ikili standartlar fonunda olduqca vacib məsələdir. Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xidmət edən hər bir addım tədqirə layiqdir. Bu, eyni zamanda bir millətin iki dövlətin bütün istəklərinə uyğundur”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, elmtutumlu sahədə əməkdaşlıq hər iki ölkə üçün yaxşı göstəricidir: “İnnovativ, əlavə dəyəri yüksək olan məhsulların istehsalı ölkələrin ixracat potensialının artmasına kömək edir. Bunlar həmçinin daha bahalı məhsullar kateqoriyasına daxil olur. Bu fonda da daha çox valyuta daxil olmasına imkan verir. 
Nəzərə alaq ki, innovativ məhsullara ən azından bölgəmizdə, Orta Asiya və ərəb yarımadasında ciddi ehtiyac var. Müxtəlif problemlərin davam etdiyi bölgədir. Yəni, bu tipli avadanlıqların bölgədə böyük bazarı var. Ona görə də bu əlaqələrin davamlı şəkildə olması çox vacibdir. Tələb yüksək olduğuna görə, istehsalın həcmi və spektri genişlənməlidir. Ciddi valyuta gətirəcək sahədir. Çünki elmtutumlu məhsulları daha baha qiymətə satmaq mümkündür”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz