Əlaqə Arxiv
news Image
2019.01.12
10:00
| A A A
Azərbaycan regionun əsas tranzit və logistika mərkəzinə çevrilib
Beynəlxalq aləmdə nüfuzunu artıran ölkəmiz regional təşkilatlarda da xüsusi fəallıq göstərir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyası bu il Bakıda keçiriləcək. Sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir. Əsas müzakirə mövzusunu isə Azərbaycan tərəfi təklif edəcək. Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçilərinin, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qruplarının iştirakı gözlənilir.

QDİƏT yarandığı gündən nəqliyyat sahəsində əməkdaşlıq iqtisadi və ticarət əlaqələrini stimullaşdıra bilən əsas istiqamət kimi müəyyənləşdirilib. Məhz, bu çərçivəsində həyata keçirilən layihələr üzvlərin regionda yüksək inkişafa malik nəqliyyat infrastrukturu yaratmasına çalışmasını nümayiş etdirir. Bu baxımdan Azərbaycanın gördüyü işlər təqdirəlayiqdir. Belə ki, respublika xarici investisiyalar, o cümlədən qeyri-enerji sahələrinə sərmayələr üçün əlverişli şərait yaradaraq investisiya potensialını daim genişləndirir. Qarşıya qoyulan məqsədlər fonunda nəqliyyat kompleksində infrastrukturun inkişafı, ondan istifadənin sadələşdirilməsi və xidmət keyfiyyətinin artırılmasına yönələn nəqliyyat layihələrinə investisiya qoyuluşu xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan bir sıra irimiqyaslı regional nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır. Məhz nəqliyyat sahəsinin inkişafı sayəsində ölkəmiz regionun iri tranzit və logistika mərkəzinə və vacib nəqliyyat qovşağına çevrilib.
Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə beynəlxalq və respublika əhəmiyyətli avtomobil yollarının yaxşılaşdırılması üzrə geniş işlər davam etdirilir. Avtomobil nəqliyyatı sahəsində yük və sərnişin avtonəqliyyat parkının yenilənməsi, milli daşıyıcıların mövqeyinin və texniki təchizatının möhkəmləndirilməsi, beynəlxalq daşımaların təşkili metodlarının təkmilləşdirilməsi, rəqəmli taxoqrafların və “bir pəncərə” sisteminin tətbiqi ilə bağlı işlər uğurla görülür. Dəniz donanmasının yenilənməsi üzrə işlər mütəmadi olaraq həyata keçirilir. Xəzər dənizi regionunda multimodal daşımaların geniş tətbiqi, ümumilikdə dəniz daşımalarının sadələşdirilməsi və həcminin artırılması üçün yeni tanker və bərələr alınır. İstismara verilmiş Bakı-Tiflis-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti, Ələt azad iqtisadi zonasının yaradılması üzrə aparılan işlər ölkəmizin xarici aləmlə iqtisadi təmaslarını gündən-günə gücləndirir. Ona görə ki, Qara dəniz və Xəzər dənizi regionunda birbaşa beynəlxalq avtomobil, bərə və dəmir yollarının yaradılmasına xidmət etməklə Azərbaycannın mühüm nəqliyyat qovşağı kimi tranzit potensialını artır. Bu isə iqtisadi əməkdaşlıq çərçivəsində yükdaşımalar kimi vacib sahənin genişlənməsinə xidmət edir.
Nəqliyyat sahəsinin inkişafı iqtisadiyyatın digər sektorlarının inkişafına, məsələn turizm imkanlarının artmasına birbaşa təsir edir. 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına saxil olan 12 ölkənin və 17 müşahidə statuslu dövlətin əksəriyyəti ilə Azərbaycanın ikitərəfli məlaqələri yüksək səviyyədədir. Türkiyə, Rusiya, Ukrayna, Albaniya, Serbiya, Gürcüstan və digərləri ilə sıx əlaqələrə malikdir. Bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatında ciddi rol alan ölkəmiz son illər qeyri-neft sektoru üzrə də sanballı müqavilələr imzalayıb və ticarət dövriyyəsini xeyli dərəcədə artırıb.  Hazırda Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığa inkişaf etdirir.  Bütün bu saydıqlarımıza görə digər beynəlxalq qurumlarda olduğu kimi, adıçəkilən təşkilatda da Azərbaycanın rolu yüksəkdir. Bunu ölkəmizin ev sahibliyi ilə keçirilən toplantılarda çoxsaylı nümayəndə heyətlərinin iştirakı da təsdiqləyir. Digər tərəfdən Azərbaycanın uğurla reallaşdırdığı və dünya ticarətini canlandıran iri neft-qaz, nəqliyyat layihələri iqtisadi inkişafla yanaşı, regionda sülhə, təhlükəsizliyə xidmət edir. Bu da ölkəmizin həm regionda, həm də dövlətlərin siyasi, iqtisadi əməkdaşlıq platformasına çevrilən təşkilatlardakı nüfuzunu artırır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi təşkilat olmasına baxmayaraq, burada siyasi məsələlər də hər zaman aktualdır. Təşkilatın toplantılarda torpaqlarımızın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini gündəmə gətirilir. 
Sonuncu dəfə 2017-ci ildə Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial, məsələlər üzrə komitəsinin 48-ci iclası keçirilib. Heç şübhəsiz builki sessiya da təşkilatçılıq baxımından mükəmməl, müzakirə olunan məsələlər üzrə əməli qərarların qəbul edilməsi ilə yadda qalacaq.
N.NOVRUZ

Sizin Reklam Yeriniz