Əlaqə Arxiv
news Image
2019.01.15
10:27
| A A A
Dollar hegemonluğuna növbəti zərbə
Vüsalə Əhmədova: “Bu hal ölkələrin valyuta ehtiyatlarında dolların payını müəyyən qədər azalda bilər”

Bir çox ölkələr valyuta ehtiyatlarında dolların payını kəskin şəkildə azaltmağa başlayıblar. Rusiya, Çin, İran, bəzi Latın Amerikası ölkələri, hətta Avropa dövlətləri bu istiqamətdə addım atır. Bir sıra ekspertlərin sözlərinə görə, bu hal dolların hegemonluğuna zərbə vura bilər.  Belə olan təqdirdə isə ölkəmizin hansı mövqe tutacağı maraq doğurur.

İqtisadçı-ekspert Vüsalə Əhmədova bildirir ki, hazırda beynəlxalq ticarətin təxminən 60%-i dollarla, 20%-i avro ilə, 20%-i isə digər valyutalarla həyata keçirilir: “Beynəlxalq ehtiyatların da böyük qismi dollar, avro və qızıldan ibarətdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ dollar vasitəsilə dünya pul tədavülü üzərində hakimiyyəti ələ keçirmiş vəziyyətdədir. 
Xatırladım ki, 1945-ci ildə prezident Harri S. Trumanın dövründə 44 müttəfiq ölkə ABŞ-ın liderliyində “Bretton Woods” razılaşmasına imza atdılar. Qüvvəyə minən razılaşmanın ən önəmli xüsusiyyəti bu idi ki, dünya valyutalarının ABŞ dollarına, dolların isə qızıla indeksasiya edilməsi nəzərdə tutulurdu. Ölkələr isə hər necə olsa da, istədikləri zaman əllərindəki dollarları qızıla çevirə biləcəkləri rahatlığı ilə dollar toplamağa davam etdilər. Məhz həmin dövrdən Amerikanın dünya üzərində hakimiyyətinin təməli qoyulmuş oldu, necə deyərlər, “Amerika Əsri” başladı. 1971-ci il dekabr ayında prezident R. Niksonun hakimiyyəti dövründə “Bretton Woods” razılaşması ləğv edilsə də, yerini əvəzsiz dollar çapı aldı. Sistem çöksə də, həmin ölkələr əllərində toplanmış dollarlardan istifadəyə və ehtiyat olaraq saxlamağa davam etdilər. Zamanla daha çox ölkələr dollardan istifadəyə başlayınca bu, bir trendə çevrildi. 1973-cü ildə dünya neft böhranından sonra ərəb neftinin dollara yönləndirilməsi nəticəsində isə dollara olan tələbin sabitləşməsi təmin edildi və Amerika hegemoniyası “yeni dünya düzəni” adı altında təkrar təsdiqləndi. Bir sözlə, dollar ABŞ-ın dünyanı nəzarəti altında saxlamasını təmin edən ən önəmli vasitələrdən biridir”.
Ekspert əlavə etdi ki, əvəzsiz dollar çap etmə səlahiyyəti FED-in əlindədir: “FED isə dövlətin mülkiyyətində deyil. Məhz prezident A. Linkoln və C. F. Kennedinin dövründə dolların mövcud statusuna qarşı bır sıra cəhdlər edilsə də, həmin prezidentlərin müəmmalı aqibəti bu günədək gizli qalmaqdadır. 2008-ci il qlobal iqtisadi böhranının ardınca QE (Quantitative Easing) adı altında yürüdülən pul siyasəti ilə, əvəzsiz çap edilərək tədavülə buraxılan trilyonlarla dolların haradasa yarısının beynəlxalq bazarlarda hakimiyyəti ələ almış maliyyə inhisarçılarının xəzinələrinə axdığı da məlumdur. 
1972-ci ildən günümüzədək əvəzsiz çap edilərək tədavülə buraxılan, kağız dəyəri sadəcə 6 sent təşkil edən dolların dünyadakı məcmu dövriyyə miqdarı nə qədər qəribə olsa da, ictimaiyyətə açıqlanmır. ABŞ dolları dünyanın inkişaf etməkdə olan ölkələrinin xarici ticarətdə istifadə etdikləri əsas pul vahididir və ölkələrin iqtisadi həyatlarında tam olaraq müəyyənedici rola malikdir. Yəni, dollardan belə tez bir zamanda qurtulmaq mümkün deyil”.
Vüsalə Əhmədova qeyd etdi ki, son dövrlərdə gündəmdə xarici ticarətdə dollardan və ya digər bir üçüncü sərbəst dönərli valyutadan imtina edilməsi və milli valyutaların daha çox istifadə olunacaq vəziyyətə gətirilməsi mövzularına tez-tez rast gəlirik: “Ümumiyyətlə, dollarsız ticarət nə deməkdir? Bunun üçün, razılıq əldə edəcək ölkələrin Mərkəzi Bankları milli valyutalarında bir sabitləşmə həyata keçirirlər. Məsələn, 1 manat müəyyən bir miqdar rus rubluna bərabər götürülür və ixracatçı Rusiyaya satdığı malların qarşılığını rus rublu ilə almış olur. Aldığı Rusiya valyutasını Mərkəzi Bankda dəyişərək manata çevirir. Daha sonra isə Azərbaycan həmin rus valyutası ilə Rusiyadan idxal edəcəyi malların haqqını ödəyir. Beləliklə, iki ölkənin xarici ticarətində dollar və ya avro kimi xarici valyutaların funksionallığı aradan qalxmış olur. Bu isə dolayısıyla, xarici ticarətdə xarici maliyyə ehtiyaclarını aradan qaldırır, idxal-ixrac həddinin daha yüksək səviyyələrə çatdırılması, xarici ticarətdə ödəmələrin başqa ölkə və qurumlara ehtiyac qalmadan öz Mərkəzi Bankımız vasitəsilə həyata keçirilməsi, istər iqtisadi və istərsə də siyasi baxımdan ölkə adına ciddi qazanc əldə edilməsi təmin edilir. 
Ölkələrin Mərkəzi Bankları arasında SWAP razılaşmalarının əldə edilməsini və bununla da qarşılıqlı ticarətin milli valyutalar ilə icra edilməsini ümumilikdə təqdirə layiq saymaq olar. Bu hal ölkələrin valyuta ehtiyatlarında dolların payını müəyyən qədər azalda bilər. Dollarsız xarici ticarətin dünyada bir sıra nümunələrini də görə bilərik. Məsələn, Çin ilə Braziliya, Türkiyə ilə Çin, Rusiya ilə İran arasında bu əlaqələr mövcuddur. Çin və Braziliya mümkün qlobal bank böhranlarına qarşı tədbir görmək və valyuta riskini minimuma endirmək məqsədilə, 30 milyard dollara qədər dəyərdəki xarici ticarət əməliyyatlarını öz milli valyutaları ilə icra etmək qərarına gəlmişdilər. Bundan əlavə, Türkiyə ilə Çinin mərkəzi bankları arasında ilk milli valyutalar ilə mübadilə əməliyyatı 30 noyabr 2016-cı il tarixində həyata keçirilmişdi. Eyni zamanda Rusiya ilə Türkiyə arasında da bu istiqamətdə danışıqlar aparılır. Ancaq Azərbaycan üçün dollarsız ticarəti bir qədər real görünmür. İki ölkə arasında xarici ticarət dövriyyəsi həcminin yaxın olmadığı şəraitdə dollarsız ticarət real görünmür. Azərbaycan üçün barter sövdələşmələri daha optimaldır. Ümumiyyətlə, barter sövdələşmələri – dəyərinə görə ekvivalent olan malların, xidmətlərin, intellektual mülkiyyətin mübadiləsinə dair fəaliyyətdir. Onlar həm ikitərəfli, həm də çoxtərəfli ola bilər. Barter sövdələşmələri zamanı pul və ya digər ödəniş vasitələrindən istifadə olunmur. Barter müqaviləsində eyni qiymətli qarşılıqlı göndərilən malların və xidmətlərin sayı, yaxud tərəflərin tədarükünü həyata keçirəcəyi məbləğ qeyd olunur. 
Həmçinin, son dövrlərdə dünyada kriptovalyutalara da böyük ümidlər bəslənməkdədir. Hal-hazırda kriptovalyutalarla bağlı vəziyyət bir qədər qeyri-müəyyəndir. Digər tərəfdən  kriptovalyutaların kağız pulun yerinə keçə biləcəyini də istisna edə bilmərik. Kriptovalyutalar dövlətlərin pul emissiyası üzərində inhisarını aradan qaldıra bilər. ABŞ-ın dollar monopoliyasının tarixə çevriləcəyini də gözləyə bilərik. Yaxın gələcəkdə ABŞ valyutasının məğlubiyyətə düçar olacağı və ölkələrin tam olaraq Bitcoinə keçəcəyi mümkün görünür. Təbii ki, bütün bu proses göründüyü kimi sadə deyil. Bunun üçün uzun bir zaman və əmək tələb olunur. Kriptovalyutaların tənzimlənməsini həyata keçirəcək yeni qanun layihələrinin hazırlanmasına, vergi islahatlarının aparılmasına, yeni hökumət idarələrinin və ümumən yeni tədavül sisteminin yaradılmasına ehtiyac var”
Mübariz BAYRAMOV. 

 

 

 

 

Sizin Reklam Yeriniz