Əlaqə Arxiv
news Image
2019.01.16
09:30
| A A A
Qeyri-neft sektoruna böyük investisiya axını
Samir Əliyev: “İnvestisiyaların artımı sözsüz ki, qeyri-neft sahəsinin daha da inkişafına təkan verəcək” Əli Əlirzayev: “İqtisadiyyatın şaxələnməsi və perspektivi məhz qeyri-neft sahəsinin inkişafı ilə bağlıdır”

Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatı qeyri-neft sektoruna qoyulub. Qeyri-neft sektoruna qoyulub sərmayənin yüksək həcmi bu sahənin inkişafına, ümumiyyətlə, ölkə iqtisadiyyatına nə vəd edir? 

İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev əminliklə söylədi ki, qeyri-neft sektoruna investisiya axınının artımı birmənalı şəkildə həmin sahənin daha da inkişaf etməsinə rəvac verəcək: “Azərbaycana sərmayə qoyulanda əvvəlki dövrlərdə əlbəttə ki, neft sektorunun payı həmişə yüksək olub. Əsas məqamlardan biri də o olub ki, qoyulan bu sərmayənin əsas hissəsi məhz dövlətin payına düşüb. İndiki halda keçən il yatırılan sərmayənin əsas hissəsi qeyri-neft sektoruna yönəlsə də, araşdırsaq görərik ki, onun da bir hissəsi dövlət tərəfindən qoyulan sərmayədir. 
Ölkədə qeyri-neft sektorunun inkişafına nail olmaq istəyiriksə, onun inkişaf yollarından biri də sərmayənin məhz bu sahəyə yönəldilməsidir, xüsusən də burada özəl sektor və xarici sərmayənin olması vacibdir. Xarici sərmayənin daha geniş şəkildə ölkəmizə gəlməsi üçün isə burada biznes mühiti onlar üçün daha əlverişli olmalıdır. İnvestorlar həmişə hüquqlarının daha çox qorunduğu məkanlara sərmayə yatırmaqda maraqlı olurlar. Daxili investisiya da lazımdır. Ancaq xarici investorlar ölkəyə təkcə maliyyə gətirmir, həm də yeni, qabaqcıl texnologiya və idarəetmədə dəyişikliklər gətirirlər. Bu baxımdan da xarici investisiya daha böyük üstünlüyə malikdir. Bu fonda da qeyri-neft sektoruna daha da çox sərmayə axınına nail olmalıyıq. Ona görə də investorlar üçün daha əlverişli mühit formalaşdırılmalıdır. 
Sözsüz ki, qeyri-neft sektoruna qoyulan sərmayənin artımı bu sahənin daha da inkişaf etməsinə rəvac verəcək. İnkişafın əsasını investisiya, xüsusən də özəl investisiya təşkil edir. Bu investisiyaların artımı qeyri-neft sahəsinin daha da inkişafına təkan verəcək”.   
İqtisadçı alim Əli Əlirzayev də qeyd etdi ki, qeyri-neft sahəsinə qoyulan sərmayə həcminin artımı bu sektorun, ümumiyyətlə, ölkə iqtisadiyyatının daha sürətli inkişafına stimul yaradacaq: “Əslində, məhz qeyri-neft sektoru daha çox sərmayə götürən bir sahədir. 
Əlbəttə ki, müəyyən mənada qeyri-neft sektoru ilə neft sektorunu müqayisə etmək lazımdır. Amma qeyri-neft sektorunun sosial-iqtisadi nəticələri neft sektorunun sosial-iqtisadi nəticələrindən daha genişdir, daha şaxəlidir. O cümlədən yeni iş yerlərinin açıqlamsı, kənd təsərrüfatının, kəndin özünün, infrastrukturun inkişafı, məşğulluğun həlli fonunda qeyri-neft sektoruna sərmayə yatırmaq daha prioritetli və gəlirli istiqamət olmalıdır. 
Qeyri-neft sektoruna qoyulan hər bir manat vəsait daha çox şaxələnir və daha çox energetik effekt verir. Yəni, həmin sahəyə qoyulan investisiya bu sektora həm dolayısı, həm də birbaşa təsir edir. Ona görə də qeyri-neft sektoruna daha çox investisiyanın yatırılması sosial-iqtisadi baxımdan daha sərfəlidir. İqtisadiyyatın şaxələnməsi və perspektivi məhz qeyri-neft sahəsinin inkişafı ilə bağlıdır. Sözsüz ki, bu mənada qarşıya qoyulan hədəflər qeyri-neft sektorunun daha da çiçəklənməsinə gətirib çıxaracaq”. 
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz