Əlaqə Arxiv
news Image
2019.01.16
09:40
| A A A
Aqrar sektor Azərbaycana daha çox gəlir gətirəcək
Qadir Bayramlı: “Yaxın dövrdə iqtisadiyyatın kənd təsərrüfatı qədər gəlir gətirə biləcək ikinci bir sahəsini təsəvvür etmək çətindir”

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır: “Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi bir çox önəmli təşəbbüslər irəli sürüb. Mən onları bəyənmişəm, dəstəkləmişəm. İndi onların icrası başlanılır. Mən əminəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatı istehsalı böyük dərəcədə artacaq, o cümlədən ixrac artacaq, daxili tələbat daha çox yerli məhsullar hesabına təmin ediləcəkdir. Özümüzü təminetmə əmsalı artacaq, qeyd etdiyim kimi, ixrac imkanlarımız genişləndiriləcək, biz yeni bazarlara çıxış əldə edəcəyik”. 

Ekspertlərin fikrincə, daxili tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi mümkündür. Hətta bunu fonunda ixracın artması ölkə iqtisadiyyatına yeni ciddi dividendlər vəd edir.  Bu, həm də qeyri-neft sektoru üzrə valyuta daxil olmalarının həcmində böyük artımlar deməkdir.
İqtisadçı-ekspert Qadir Bayramlı bildirdi ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorları arasında ən əhəmiyyətli sahədir: “Yaxın dövrdə  iqtisadiyyatın kənd təsərrüfatı qədər gəlir gətirə biləcək ikinci bir sahəsini təsəvvür etmək çətindir. Kənd təsərrüfatı eyni zamanda əhalinin 40 faizə yaxınını  işlə təmin edən sahədir. Bu sahəninin böyük potensialı var və ondan istifadə etmək lazımdır. Ölkənin əlverişli təbii şəraiti, aqroiqlim resursları və son dövrlərdə  bu sahəyə artan diqqət kənd təsərrüfatının inkişafı  üçün zəmin  yaradıb. Amma  aqrar sahənin indiki inkişafı arzuedilən səviyyədə deyil. Ümumi daxili məhsulda bu sahənin payının 10 faizə çatmaması görüləcək işlərin çox olduğundan xəbər verir. Bəs, bu sahəni inkişaf etdirmək, məhsul istehsalını və ixracatını artırmaq üçün nə etməliyik? 
Hər şeydən əvvəl kənd təsərrüfatına yanaşma tərzi dəyişməlidir. Topraqların, su ehtiyatlarının,  təbii təsərrüfat sahələrinin yenidən müasir üsullarla invertarizasiyası həyata keçirilməlidir. Ekstensiv təsərrüfat üsullarından qurtulmaq lazımdır. Ölkədə gübrə, kimyəvi preparatlar,  kənd təsərrüfatı  texnikasının heç olmazsa, bir hissəsinin istehsalının təşkil edilməsi üçün sistemli tədbirlər həyata keçirilməlidir. Bölgələrdə aqroparkların, iri fermer təsərrüfatlarının qurulması işi sürətlənməli və sistemli xarakter almalı, kooperativləşmə təşviq edilməlidir. Fermerlərin problemləri yerlərdə  mütəmadi araşdırılmalı, onlara bazarlara asan çıxış məsələlərində yardım edilməli,  onların işlərinə müdaxilə edilməməlidir. Kreditlər uzun müddətə,  az faizlə, şəffaf şəkildə və fermerlərə lazım olan məbləğdə  verilməlidir. Suvarma suyunun təminatı yaxşılaşdırılmalıdır. Keyfiyyətli toxum və məhsuldar heyvan cinsləri ilə təminat ön planda  olmalıdır. 
Aqrolozinqdə, soyuducu ambarlarda qiymətlər  fermerlər üçün əlçatan olmalıdır. Aqrosığorta tətbiq edilməlidir. Kənd təsərrüfatının ayrı-ayrı sahələri balanslı şəkildə inkişaf etdirilməlidir. Kənd təsərrüfatı sahəsi üçün kadr hazırlığının səviyyəsi yüksəldilməli, elmi-tədqiqat işləri genişləndirilməli və onların nəticələrinin tətbiqinə  çalışılmalıdır. 
Ən əhəmiyyətli məsələlərdən biri də aqrosənaye kompleksinin inkişaf etdirilməsidir. Bu sahə ixracat imkanlarımızı və bu sahə ilə məşğul olanların gəlirlərini artıra bilər. Kiçik və orta sahibkarların emal müəssisələri qurmalarına yardım edilməlidir. Həm kənd təsərrüfatında,  həm də aqrar sənayedə azad rəqabət mühiti dərinləşməlidir. Bütün bunlar həyata keçirilərsə,  kənd təsərrüfatı işlərinə maraq artar, kəndlərdən şəhərlərə köç azalar, daha çox yeni iş yerləri açılmış olar. Nəticədə məhsul istehsalı və ixracatı artar, eyni zamanda ölkəmizin ərzaq təhlükəsizliyi  daha da güclənər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz