Əlaqə Arxiv
news Image
2019.01.16
09:50
| A A A
Xarici borcunu azaldan Azərbaycan xaricə kredit verən ölkəyə çevrilir
Cəfər İbrahimli: “Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, mümkün qədər xarici borcdan az istifadə etsin” Natiq Cəfərli: “Yaxın illərdə Azərbaycanda xarici borcun həcmində ciddi azalma müşahidə ediləcək”

“Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır”. Bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev bildirib: “Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir”. 

Ekspertlərin sözlərinə görə, xarici borcun azalması fonunda Azərbaycanın hətta kreditor ölkəsinə çevrilməsi mümkündür.İqtisadçı-ekspert Cəfər İbrahimli hesab edir ki, Azərbaycanın xarici borcu ÜDM-ə nisbətən o qədər də yüksək deyil: “Hətta bundan yuxarı qalxsa da, təhlükəli deyil. Düzdür, Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, mümkün qədər xarici borcdan az istifadə etsin. Ancaq nəzərə alaq ki, xarici borcların faziləri aşağı olur. Həmçinin beynəlxalq təşkilatlar ölkəmizdə birgə layihələr həyata keçirmək üçün uzunmüddətli, aşağı faizlə kredit ayırırlar. Bu tip kreditlərdən istifadə edərək borcun yüksək olması təhlükəli deyil. Bu mənada uzunmüddətli və aşağı faizli kreditlər Azərbaycan üçün faydalıdır. Hazırki rəqəm də o qədər də təhlükəli deyil. 19% dünyanın ən yaxşı göstəricilərindən biridir”.
Ekspert əlavə etdi ki, Azərbaycan istəsə, mövcud rezervləri hesabına xarici borclarını azalda bilər: “Amma nəzərə alaq ki, xarici borclar uzunmüddətli və aşağı faizlidir. Yəni, dünyadakı aparıcı maliyyə təşkilatlarının bu imkanlarından istifadə etməliyik. Bu, həm ölkənin imicidir, həm də dünya bazarlarına inteqrasiya baxımından vacibdir. Eyni zamanda Azərbaycanın özü də müəyyən ölkələrə kredit verir. Yəni, kreditor ölkə kimi də iştirak edirik. Dövlət Neft Fondunda olan vəsaitlərin xarici maliyyə təşkilatlarına kredit, əmanət olaraq yerləşdirilməsi Azərbaycanın kreditor ölkəsini kimi tanıdır”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanın da kredit verdiyi ölkələr var: “Azərbaycanda son illərdə xarici borcun ciddi artımı müşahidə olunurdu. Belə ki, 2013-cü ildə xarici borc ÜDM-in 8 %-i qədər idi. Sonradan bu rəqəm yüksəldi. Azərbaycanın qlobal layihələrdə iştirakı ilə əlaqədar qlobal maliyyə institutları ilə əməkdaşlığı genişləndirdi. Əsasən də Cənub Qaz Dəhlizi çərçivəsində böyük həcmdə borclar götürməyə başladı. Layihənin böyük hissəsi tamamlanıb. 2020-ci ildə isə bütövlükdə layihə tamamlanacaq. Yəni, artıq Azərbaycanın böyük həcmdə kredit götürməyə ehtiyacı yoxdur. Xaricdən kredit alışı azalırsa və ödənişlər artırsa, yaxın illərdə Azərbaycanda xarici borcun həcmində ciddi azalma müşahidə ediləcək”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz