Əlaqə Arxiv
news Image
2019.01.17
12:42
| A A A
Struktur islahatları aqrar sahənin inkişafına yeni təkan verir
Qadir Bayramlı: “Aqrar Xidmətlər Agentliyinin yaradılması bu istiqamətdə həyata keçirilən islahatların növbəti davamıdır”

Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin  yanvarın 14-də imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən nazirlik yanında Aqrar Xidmətlər Agentliyi yaradılır. Onun yaradılmasında məqsəd aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, bu dövlət xidmətlərinin daha az resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdan ibarətdir. Beləlikdə fərmanla qurumun tabeliyində olan Dövlət Fitosanitar, Dövlət Baytarlıq,  Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Fərmana əsasən, Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirəcək, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edəcək. Aqrar Xidmətlər Agentliyinin yaradılması aqrar sahəyə nə vəd edir? 
Azərbaycan İqtisad Universitetinin dosenti Qadir Bayramlı bununla bağlı bildirir: “Aqrar Xidmətlər Agentliyinin yaradılması bu istiqamətdə həyata keçirilən islahatların növbəti davamıdır. Belə bir agentliyin yaradılması kənd təsərrüfatı sahəsində struktur dəyişikliklərinin təkmilləşdirilməsinə xidmət edir. 
Əvvəllər mövcud olan strukturlar kifayət qədər effektiv şəkildə çalışmayıb. Ona görə də yenisinin yaradılması zərurəti ortaya çıxıb. Hesab edirəm ki, həmin agentlik şəffaf olmaqla yanaşı, digər qurumlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyilə əlaqəli və planlı şəkildə çalışacaqsa, belə bir agentliyin yaradılmasının faydası geniş olacaq. 
Azərbaycanda ümumiyyətlə, ən zəif tərəflərdən biri kənd təsərrüfatı sahəsində çalışan qurumlar arasında əlaqələrin zəif olması məsələsidir. Zənn edirəm ki, Aqrar Xidmətlər Agentliyi bu istiqamətdə əlaqələrin genişlənməsinə kömək edəcək. Nəticə etibarı ilə belə bir qurumun yaradılmasını müsbət dəyərləndirmək olar. Sadəcə, fəaliyyəti planlı və səmərəli şəkildə olmalı, öz fəaliyətində qurum dünya təcrübəsini nəzərə almalıdır. Qurum həm dövlət, həm də özəl sektorla iş birliyində olacaqsa, onun fəaliyyətinin müsbət nəticəsi olacaq. Bu istiqamətdə xüsusən də keçmiş sovet respublikaları, Rusiya, Qazaxıstan, Ukrayna və Şərqi Avropa ölkələri, qismət də Türkiyənin təcrübəsindən yararlanmalıyıq. Xüsusən də Türkiyədə kənd təsərrüfatı sahəsində çalışan çoxsaylı effektiv qurumlar var ki, həmin birliklər dövlətdən fermerlərin lehinə lazım olanları almaqda böyük köməklik göstərir. Onlarla da ciddi əməkdaşlığa gedilməlidir. Yeni yaranan qurum da bu təcrübədən istifadə etməlidir. Yeni yaranan bu qurumun fəaliyyəti əsasən də fikrimcə, kənd təsərrüfatı sahəsinin hansı istiqamətində zəif nöqtələr varsa, onun aradan qaldırılmasına yönəldilməlidir. Azərbaycanda kənd təsərrüfatı sahəsində zəif nöqtələrimiz isə aqrar sığorta, maarifləndirmənin aşağı səviyyədə olması, elmi araşdırmaların nəticələrinin aqrar sahəyə tətbiqilə bağlı məsələlərdir. Qurum bu kimi məqamların həllini də öz fəaliyyətində nəzərə alacaqsa, daha effektli çalışacaq, daha çox fayda verəcək”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz