Əlaqə Arxiv
news Image
2019.01.22
08:00
| A A A
İqtisadi inkişafa yeni nfəəs verən yeni islahatlar
Fikrət Yusifov: “Bu islahatların fəlsəfəsi idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir”

Ölkəmizdə struktur islahatları davam edir. Bu islahatların  iqtisadiyyata gözlənilən təsirləri maraq doğurur. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirir ki, struktur islahatlarını bəzi dövlət qurumlarının ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə büdcə vəsaitlərinə qənaət edilmək kimi dəyərləndirmək olmaz: “Bu islahatların fəlsəfəsi idarəçiliyin maksimum sadələşdirilməsi yolu ilə onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi elə təşkil olunmalıdır ki, o, özünə aid məsələləri az vaxt ərzində yüksək keyfiyyətlə həll edə bilsin. İstənilən məsələnin həllində tələb olunan başlıca şərt, ona sərf edilən zaman və keyfiyyətdir. Məsələlərin həlli zamanı bu iki göstəriciyə əməl olunursa, o halda idarəçiliyin optimal bir səviyyədə təşkil edildiyini demək mümkündür. 
Hər bir ölkədə dövlət idarəçiliyinin təşkilinin özünəməxsus xüsusiyyətləri olur. İnkişaf etmiş ölkələrin bu məsələdə yaxşı təcrübələri var. Lakin məsələyə şablon yanaşmaqdan – yəni, hansısa bir ölkənin təcrübəsini olduğu kimi tətbiq etməkdən söhbət gedə bilməz. Hər bir ölkədə idarəçiliyin təşkilində yerli, milli və digər xüsusiyyətlər tam nəzərə alınmalıdı.
Son bir neçə ildə struktur islahatları sahəsində Azərbaycan hökuməti bir çox işlər görüb. Bu sıraya bəzi nazirlik və komitələrin, dövlət şirkətlərinin ləğvini, bir sıra hallarda onlardan bəzilərinin funksiyalarının digər müvafiq qurumlara verilməsini, vətəndaşlara xidmət göstərilməsini tam sadələşdirmək və bu işdə bütün neqativləri aradan qaldırmaq məqsədilə bir çox xidmət sahələrinin «ASAN xidmət»ə ötürülməsini, əhaliyə pullu xidmət göstərən bəzi qurumların publik hüquqi şəxslərə çevrilməsini, müasir iqtisadi şəraitin tələblərinə cavab verən bir sıra yeni qurumların yaranmasını aid etmək olar. 
Bu islahatlar 2018 – ci ildə də davam etdirildi. Yola saldığımız il dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan sərəncamları ilə yadda qaldı. Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək iki dövlət agentliyinin yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq bir nazirlik və dövlət agentliyinin təsis olunmasını qeyd etmək olar. Mədəniyyət və Turizm Nazirliyi əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. 
İkinci sərəncam istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı oldu. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı. Həmçinin, Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi təsis edildi. Standartlaşma Metrologiya və Patent üzrə Dovlət Komitəsinin səlahiyyətləri isə bu qurumlar arasında bölüşdürüldü. Ən nəhayət, bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birgə nəzarət edilməsi barədə qərar verildi. Ötən il qəbul edilmiş hər üç sərəncam struktur islahatlarının ölkəmizdə aparılan iqtisadi islahatların və siyasi islahatların tərkib hissəsi kimi davamlı olduğunu bir daha göstərdi.  Biz bu islahatların nə qədər davamlı və ciddi olduğunu bir daha yenicə başlanan 2019 cu ilin birinci ayının birinci yarısından etibarən görməyə başladıq.
Cari ilin yanvar ayının 11- də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı bu məsələyə hökumətin nə qədər ciddi münasibət bəslədiyini aydın şəkildə ifadə etdi və köhnəlmiş idarəetmə strukturunun yeni, daha çevik və daha səmərəli bir strukturla əvəz ediləcəyinin anonsunu verdi. Prezidentin həmin toplantıda bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərə bir daha nəzər salaq: “Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin. Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”. Dövlət başçısının bu bəyanatından 3 gün sonar imzaladığı fərman və sərəncamlar bu çağrışın nə qədər ciddi və təxirəsalınmaz olduğunu göstərdi. İlk öncə Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına dair Fərman imzaladı. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” ASC yaradıldı. 
Azərbaycan bu gün tək Cənubi Qafqazın deyil regionun ən nüfuzlu ölkələrindən birinə çevrilib. Ancaq bununla yanaşı onun Dağlıq Qarabağ kimi ağrılı bir problemi var. Bu problem tələb edir ki, biz torpaqlarımızın işğaldan azad olunması, və onun təcavüzdən müdafiə edilməsi məqsədilə bir dövlət olaraq bütün mümkün olan addımları ataq. Bu addımlardan biri də yerli istehsal hesabına öz silah sursat ehtiyatlarımızın formalaşdırılmasıdır. Biz bu addımı atmaqla və həm də ən müasir silahların istehsalını özümüzdə təşkil etməklə eyni zamanda düşmənə imkanlarımızı və gücümüzü göstəririk. Silah istehsal edən ölkənin digər ölkələrdən üstünlüyü odur ki, o heç vaxt öz ordusunu silah – sursatla təchiz etmək məsələsinsə başqasından asılı durumda qalmır. Digər tərəfdən, bu silahların istehsalının yüksək səviyyədə təşkil edilməsi, hərbi məhsulların dünya silah bazarına çıxarılması deməkdir. Beləliklə Azərbaycan neftlıə bağlı olmayan və ölkəyə valyuta gəlirləri gətirən daha bir mənbə əldə etmiş olur. Niyə də olmasın. Azərbaycanın buna həm haqqı çatır və həm də onun bu işi ən yüksək səviyyədə təşkil edə bilmək üçün maliyyə imkanları başqa ölkələrdən fərqli olaraq daha böyükdür. Müdafiə Sənayesi Nazirliyinin “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi də tam məntiqidir. Bu işlə Səhmdar Cəmiyyətin məğul olması daha düzgündür. Çünki, ortada həm də Silah satışı məsələsi var. Nazirlik kimi fəaliyyət göstərən bir qurumun bu işlə məşğul olması bir qədər uyğun görünmür. Bu addım atılarkən başqa ölkələrdəki anoloji təcrübəsinin də öyrənildiyi heç şübhəsizdir.
Prezidentin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı başqa bir fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, Prezident yanında Bilik Fondunun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin ləğv edilməsi, Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, habelə Azərbaycan Respublikasının Tarif  Şurasının Katibliyinin ləğv edilməsi və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunması təsdiqləndi.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” kı Fərmanla Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradıldı. Yeni yaradılan Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirəcək, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin fəaliyyətini əlaqələndirəcək, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə həyata keçirəcək, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri və toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkilinə və göstərilməsinə nəzarət edəcəkdir.
Struktur islahatlarının cari ilin bundan sonrakı dövründə də davam edəcəyi heç şübhəsizdir.
Bu sırada təklif edəcəyimiz bir məsələ ölkədə dövlət monopoliyasında olan müəssisələr (su, işıq, qaz, istilik və s. xidmətləri göstərən müəssisələr) tərəfindən göstərilən xidmətlərin və satılan məhsulların maya dəyərinə nəzarəti həyata keçirə biləcək ciddi bir qurumun yaranması ilə bağlıdır. Hesab edirəm ki, məhsulun, xidmətin maya dəyərinə nəzarəti həyata keçirməli olan bu qurumda ən peşəkar mütəxəsisslər cəmlənməli və onlar tək dövlətin monopoliyasında olan müəssisələrdə deyil, bütün ölkə üzrə bizim iqtisadiyyatımızın bir saylı probleminin  - məhsul və xidmətlərin maya dəyəri probleminin həllinə fokuslanmaalıdırlar. Bu iş bu gün ölkədə kifayət qədər zəif və pərakəndə bir şəkildə həyata keçirilir. Ancaq son olaylar göstərir ki, vergidən yayınma hallarının bir hissəsi və dövlət büdcəsinin vəsaitlərinin xərclənməsində yol verilən israfçılıqlar məhz məhsul və xidmətlərin maya dəyərini şişirtmək yolu ilə həyata keçirilir.
Başqa bir problem isə bu gün bir birinin fəaliyyətini bu və ya digər formada təkrarlayan qurumların birləşdirilərək çevik bir idarəçilik strukturuna çevrilməsidir. İnanıram ki, struktur islahatlarının növbəti mərhəllələrində bu məsələlər də öz həllini tapacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz