Əlaqə Arxiv
news Image
2019.01.23
09:40
| A A A
İdxaldan asılılıq sürətlə azalır
Vüqar Bayramov: “2015-ci ildən etibarən daxili tələbin ödənilməsində yerli məhsullarının payının artması müşahidə edilir” Yaşar Əsədov: “Hazırda ərzaq məhsullarına tələbatın 80 faizini yerli istehsal hesabına ödəyirik”

Azərbaycan getdikcə daha  çox məhsullara tələbatını daxili istehsal hesabına ödəməyə başlayır. İqtisadçılar bildirirlər ki, bu amil iqtisadiyyata öz töhfəsini verəcək. Xüsusən də valyuta ehtiyatları baxımından müsbət təsirləri olacaq. Ölkədən valyuta axının qarşısını alacaq. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, Azərbaycan daxili tələbatın ödənilməsində bəzi məhsulların idxalını həyata keçirir: “Amma 2015-ci ildən sonrakı dövrdə Azərbaycanda daxili tələbin ödənilməsində yerli məhsulların payının  artması müşahidə olundu. Amma bu, o anlama gəlmir ki, tələbat tam daxili istehsal hesabına ödənilir. Bütün hallarda idxalın əvəzlənməsi yerli məhsulların payının artmasına gətirib çıxarıb. Bu baxımdan 2015-ci ildən etibarən daxili tələbin ödənilməsində yerli məhsullarının payının artması müşahidə edilir. Məqsəd, idxaldan asılılığın azaldılmasına nail olmaqdır. Bu da zaman tələb edən prosesdir”.
Ekspert əlavə etdi ki, daxili tələbin yerli istehsal hesabına ödənilməsi ölkədə valyutanın qalması baxımından əhəmiyyətlidir: “İdxal ölkədən valyutanı aparır. Eyni zamanda yerli istehsalın inkişafı, yeni iş yerlərinin yaradılması deməkdir. Daxili tələbin yerli istehsal hesabına ödənilməsi həmçinin qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Bu da yeni iş yerlərinin yaradılmasına, investisiyanın daha çox daxilə yönəlməsinə səbəb olacaq. Odur ki, Azərbaycan mərhələli şəkildə yerli istehsalı genişləndirməklə, daxili tələbin ödənilməsində idxal məhsullarından asılılığı aradan qaldıra bilər”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, hazırda ərzaq məhsullarına tələbatın 80 faizini yerli istehsal hesabına ödəyirik: “Digər sənaye, elmtutumlu məhsulların böyük hissəsi isə xaricdən idxal olunur. Buna görə də sənaye istehsalı üzrə idxal edilən avadanlıqlara gömrük rüsumlarında güzəştlər tətbiq olunur. Bu da daxili istehsalı gücləndirməyə hesablanıb. 
Aydındır ki, daxili bazarı tam yerli məhsullarla təmin edə bilmərik. Çünki elə məhsullar var ki, ona az tələbat azdır. Ona görə də onu istehsal etmək üçün zavod tikməyə ehtiyac yoxdur. Elə məhsullar da var ki, gündəlik tələbat böyükdür. Onlar gəlirli sahə kimi daxildə istehal oluna bilər. Digər tərəfdən müəyyən hesablamalara görə, əhalinin ümumi gəlirlərinin böyük hissəsi ərzaq məhsullarına xərclənir. Belə bir vəziyyətdə ərzaq məhsullarından kənar böyük istehsalat sahələri açmaq sahibkarlar üçün sərf etmir. İxrac etmək üçün isə rəqabətqabiliyyətli məhsullar olmalıdır. Bu da çətin prosesdir. Xüsusən də nəzərə alaq ki, dünyada sahələrin bölgüsü formalaşıb. Hər bir dövlət bir sahədə irəlidədir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz